Azərbaycan tarixən qara qızıl-neft ölkəsi kimi həm regionda, həm də dünyada tanınıb. Düzdür, ölkəmizdə pambıq, üzüm və digər kənd təsərrüfatı məhsulları da yetişdirilib.
Ancaq Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70–80-ci illərində pambıqçılıq çox sürətlə inkişaf etdi, hətta keçmiş SSRİ-də aparıcı yerlərdən birini tutdu. Və Azərbaycan 300-400 min ton pambıq istehsal etməyə başladı. Beləliklə ölkəmiz təkcə qara qızıl deyil, həm də ağ qızıl ölkəsi kimi tanınmağa başladı.
Lakin təəssüf ki, ötən əsrin 90-cı illərindən bu sahəyə maraq azaldı, hətta iflas həddinə çatdı.
Lakin cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişləri nəticəsində son illərdə respublikamızda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub və dövlət qayğısı nəticəsində pambıq istehsalını artırmaq üçün güclü stimul yaranıb.
Pambıqçılığın yenidən inkişaf etməyə başladığı rayonlardan biri də Yevlax rayonudur.
Məlumat üçün qeyd edək ki, Yevlax ənənəvi pambıqçılıq rayonudur və 1980-ci ildə Yevlax Pambıq Emalı zavodu 35 min ton pambıq mahlıcı istehsal edib.
Bu gün də Yevlax rayonu özünün keçmiş şöhrətini qaytarmağa çalışır. Min hektarlarla sahədə pambıq əkilib. Fermerlərə məxsus pambıq sahələri var.
Məlumat üçün bildirək ki, keçən il Yevlaxda 8 min tondan çox pambıq istehsal edilib.
İstehsal olunan pambıq isə Yevlax Pambıq Emalı zavodunda emal olunaraq yüksək keyfiyyətli mahlıc alınır və tekstil fabriklərinə satılır. Gələcəkdə pambıq mahlıcının xarici ölkələrə ixracı da nəzərdə tutulub.
Cənab Preidentimizin pambıqçılığın keçmiş şöhrətini qaytarmaq təşəbbüsü minlərlə yeni iş yeri deməkdir, yüksək əmək haqqıya nail olmaqdır. Təsəvvür edin ki, emal olunan pambıq Bakıda toxuculuq fabrikləri üçün xammaldır, həm də yeni iş yerləridir.
Bütün bu xoşməramlı işlərə kölgə salanlar da az deyil.
Belə ki, mahlıc istehsalı zamanı bəzi məmurlar maxinasiyalar, “pripiska” edirlər.
Aparılan mahlıc əməliyyatları zamanı bəzi şəxslər, yüksəkçinli məmurlar milyonlar qazanır, yəni mahlıcdan qanunsuz yolla kapital əldə edirlər. Nəticədə dövlət büdcəsinə də külli miqdarda ziyan vururlar.
Mahlıc əməliyyatından milyonlar qazanan şəxslərdən biri də hal-hazırkı deputatlardan biri olub. Heç kimin araşdıra bilməyəcəyi bu mövzunun "Gündəlik Bakınin araşdırma qrupu" tərəfindən incələnərək adlarla dərc olunacağı gündəmdədir.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Bizi izləyin. //gundelik-baku.com//