Salyanda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə martın 26-da Bərdə rayonunda keçirilmiş "Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi"ndə verilmiş tapşırıqların icrasına həsr olunan respublika müşavirəsi keçirilib.
Millitv.Az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan müşavirədə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.
Müşavirədə qeyd olunub ki, bu il respublikanın 22 rayonunda 132,5 min ha sahədə pambıq əkini həyata keçirilib. Hazırda aqrotexniki qaydada becərmə işləri davam etdirilir və mövsümün sonuna 260 min ton pambıq istehsalı gözlənilir.
Emal sənayesinin yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində Ucar rayonunda illik emal gücü 40 min ton olan pambıq emalı zavodunun tikintisi başa çatmaq üzrədir. Zavodda digər emal məhsulları ilə yanaşı, ildə 20 min ton pambıq yağı və 2500-3000 ton lifsiz pambıq toxumu istehsal ediləcək. Bununla da lifsiz pambıq toxumu istehsal edəcək müəssisənin fəaliyyəti hesabına ölkədə pambıq toxumuna olan tələbat tam ödəniləcək.
Pambıqçılıq məhsulları üzrə emal dərinliyinin artırılması hesabına bu sahədə yaradılacaq əlavə dəyərin daha da artırılması üçün 2021-ci ilədək Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisənin inşasına başlanılıb.
Tədbir zamanı fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirədən sonra Salyan Dövlət Sort Sınaq Məntəqəsinə məxsus sahədə pambıq əkininə baxış keçirilib.