“Bir-iki günə kütləvi şəkildə kombaynla pambıq dərimi başlamasına baxmayaraq, “Azərpambıq” ASK-nın Sabirabad filialının kombaynları hələ ki hazır vəziyyətdə deyil”.
Hurriyyet.org-a Sabirabaddan daxil olan şikayət məktubunda belə deyilir.
Ölkənin ən iri pambıqçılıq rayonlarından olan Sabirabadı ölkə rəhbərliyinin qarşısında çətin vəziyyətə qoyacağı düşünülən bu çatışmazlığın isə çox bəsit bir səbəbi varmış – yağsızlıq.
Bildirdiyinə görə, “Aqrolizinq”in avtoparklara satdığı kombaynın mühərrik yağını dəyişmək müşkül məsələyə cevrilib: “Aqrolizinq” kombaynların yağını dəyişməyi unudub, “Azərpambıq” isə yağ tapa bilmir. Beləcə, dərim başlamamış, ağ qızılın qara günləri başlayıb.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev ötən illərdə keçirdiyi müşavirələrdə kənd təsərrüfatı müəssisələrinin qarşısında pambıq istehsalını sovet dövrünün 70-ci illəri səviyyəsinə qaldırmaq göstərişi vermişdi. Prezidentin sözlərinə görə, 1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır”.
İndi də fermerlər orta məhsuldarlığı 1970-80-ci illərin səviyyəsinə qaldırmalı və pambıqçılığın inkişafı özünün zirvəsinə çatmalıdır - 200 min hektardan 700 min ton:
“Çalışmalıyıq ki, biz orta məhsuldarlığı 1980-81-ci illərdə ən pik nöqtədə olan məhsuldarlığın səviyyəsinə qaldıraq – təqribən 35 sentnerə. Əgər orta məhsuldarlıq olarsa, 200 min hektardan 700 min ton pambıq yığılacaq. Bu da pambıqçılığın faktiki olaraq tam bərpası, özü də müasir səviyyədə bərpası demək olacaq”.
2016-cı ilin 17 sentyabrınnda Sabirabadda keçirilən ilk pambıq müşavirəsində ölkə başçısının səsləndirdiyi bu fikirlərin üzərindən 3 il keçir. Həmin tapşırıqlar hətta dövlətin strateji planına da daxil edilib. Plana görə, Azərbaycan pambıqçıları 2017-ci ildə 300 min ton məhsul yığmalı, 2020-ci ildə isə bu özünün son hədəfinə çatmalıdır; yəni 200 min hektardan 700 min ton pambıq toplamalıdır. 2020-yə isə cəmi bir qalır. Pambıqçılarımız isə hələ də məhsulu 700 min tona çatdıra bilmirlər. Hətta 300 min ton hədəfinə belə yaxınlaşmayıblar:
2017-ci il: 136 413 ha sahədə 206 721 ton pambıq;
2018-ci il: 132 512 ha sahədə 221 min 284 ton pambıq.
Bu il nə qədər pambıq toplanacağı isə bir aydan sonra bəlli olacaq. Sabirabad rayonundan gələn xəbərlər isə Prezident KTN və fermerlər qarşısında qoyduğu hədəflərin bu il də reallaşacağını şübhə akltında qoyur. Aydın olur ki, hörmətli gənc nazir İnam Kərimovun başı innovativ məsələlərə elə qarışıb ki, xaricdən alınıb aqroparklara satılan kombaynların yanacaqla təchizatını belə unudub. Halbuki, həmin aqrotexniki avadanlıqlar üçün az pul xərclənməyib. İndisə adi bir diqqətsizlikdən tam dərim zamanı kombaynlar işləksiz vəziyyətə düşüblər.
Prezident İlham Əliyevin etirafına görə, ötən il də ölkəyə gətirilən texnikaların böyük qismini kənd təsərrüfatı avadanlıq və maşınları təşkil edib ki, bunun da böyük hissəsi pambıqçılığın inkişafı üçün nəzərdə tutulub:
“...kənd təsərrüfatı texnikasına çox böyük vəsait ayrılıbdır. Əgər büdcə xərclərinə nəzər salsaq görərik ki, bu texnikanın alınması üçün doğrudan da böyük vəsait ayrılmışdır. Son iki il ərzində kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılmışdır. Onun da böyük hissəsi pambıqçılıq texnikasıdır. Fermerlər yaxşı bilirlər ki, biz ən qabaqcıl texnikanı alırıq. Biz pambıqçılıqda dünyanın bir nömrəli texnikasını alırıq. Əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınmışdır və bu il əlavə 100 pambıqyığan kombayn alınacaq. Lazım olarsa, biz gələcəkdə də texnikanın alınması ilə məşğul olacağıq. Ancaq məlumat üçün bildirmək istəyirəm ki, keçən il, ümumiyyətlə, 10 minə yaxın texnika alınmışdısa, bunun 5700-ü pambıqçılıq üçün alınmışdır”.
Bu sözlər - prezident İlham Əliyevin ötən ilin 26 mart tarixində Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsinin yekununda səsləndirdiyi fikirlərdir. O vaxtdan indiyədək ilyarım zaman keçir. Təbii ki, bu müddət ərzində ölkəmizə daha yeni kombaynlar, müxtəlif texnikalar gətirilib. Kənd Təsərrüfatı nazirinin sözlərinə görə, Azərbaycansayağı innovativ tədbirlərin vazkeçilməz ünsürü kimi hətta bu kombaynlara GPS cihazları da qoşulub. Amma nədənsə onların yağlarının dəyişdirilməsi yaddan çıxıb. İndisə həmin yağları tapmaq böyük müşkülə çevrilib.
Azərbaycanın qaz və neft ölkəsini olduğunu nəzərə alsaq, İnam müəllimi başa düşmək çətin deyil. Görünür, o, həmin kombaynların yağı havadan alacağını düşünürmüş. Nə bəlli olar, bəlkə İnam Kərimov hansısa innovativ yeniliyi təcrübədən keçirirmiş.
Bizim diqqətimizi cəlb edən əsas məsələlərdən biri də bu maraqlı “innovativ təcrübə”nin Sabirabadda təcrübədən keçirilməsidir. Zira ölkə başçısı pambıqçılığın inkişafının start düyməsini məhz bu rayonda basmışdı. Onun 2016-ci ilin 17 sentyabrında I pambıq müşavirəsinin Sabirabadda keçirməsi də təsadüfi deyildi. Cənab İlham Əliyev bunun sirrini belə izah etmişdi:
“Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi”.
Ümidvar olmaq istəyirik ki, pambıq sahəsində həmişə ilklərə imza atan Sabirabad royununda İnam Kərimovun dühası ilə yağsız kombaynların işləmə yeniliyinə də, inşallah, imza atılacaq və bu da Azərbaycanın dünyaya bəxş etdiyi ikinci brend layihəsi olacaq. Bu ümidimizin əsası da yox deyil. Bəllidir ki, dünyaya bəxş etdiyimiz ilk brend - “Asan Xidmət” də İnam Kərimov sayəsində ərsəyə gəlmişdi.
Yeri gəlmişkən, Sabirabad rayonunun son illər pambıqçılıq sahəsində xeyli “irəlilədiyindən” də bəhs etməmək nankorluq olardı. Ölkənin ikinci pambıqçılıq rayonu olan Sabirabadda ötən il məhsuldarlıq cəmi 13 ha /s. olmuşdu. Bu isə ölkənin orta məhsuldarlığından (17.5 ha/s.) belə xeyli azdı. Halbuki, ölkə başçısı elə həmin Sabirabadda keçirdiyi ilk pambıqçılıq müşavirəsində 18.8 ha/s.-lik məhsuldarlıqla da razılaşmır, bunu pambıqçılığın iflası kimi dəyərləndirirdi.
“Pambığın məhsuldarlığı ilə bağlı rəqəmlər də artıq hər şeyi özlüyündə göstərir. 1970-ci ildə hektardan məhsuldarlıq 17 sentner, 1981-ci ildə təxminən 36 sentner idi. Bu gün isə bu, 18,8 sentnerə bərabərdir. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda pambığın payı da çox maraqlı statistikadır. Beləliklə, bu pay 1970-ci ildə 16 faiz təşkil edirdi, 1982-ci ildə 22 faiz, 2015-ci ildə isə 1,2 faiz. Mən deyəndə ki, pambıqçılıq Azərbaycanda batır, bax, bunu nəzərdə tuturam”.