Axtarış...

Qaragöl əfsanəsi: Fransa və “kiçik bacısı”nın növbəti sırtıqlığı - TƏHLİL

Qaragöl əfsanəsi: Fransa və “kiçik bacısı”nın növbəti sırtıqlığı - TƏHLİL

Ermənistan 30 illik işğalçılıq siyasətinin altını hələ çox çəkəcək. Dağlıq Qarabağın ona məxsus olmadığını yavaş-yavaş, ağrılı şəkildə qəbullandığı kimi, 30 ildə həmsərhəd bölgələrdə girəvəyə salıb qamarladığı torpaqlarımızı da qarış-qarış, hektar-hektar geri verməli olacaq. Zor ya da xoş. Qaragöl ətrafı ərazimiz kimi. Heç bir haray-həşirin, vay-şivənin onlara faydası olmayacaq. Çünki “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” dönəmi artıq keçib.

Ermənilərin necə bir ifritə məxluq olduqlarını indi daha çox ölkə, daha çox xalq bilir. Əfsus ki, təkcə Fransa inadla bu sərt gerçəyə müqavimət göstərməkdə, haqq-nahaq və gözüyumulu Ermənistanı himayə eləməkdə, bununla da özünün olan-qalan imicini də itirməkdədir – ilk növbədə də Azərbaycanda.

Keçək mətləbə.

Xəbər verildiyi kimi, rəsmi İrəvan, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan 44 günlük müharibədən sonra iki ölkə arasında bərpa edilmiş sərhədin Zəngəzur hissəsində növbəti delimitasiya və demarkasiya olayını “Ermənistana qarşı təcavüz” kimi təqdim eləməyə çalışır. Guya bizim hərbçilər Qaragöl ətrafında sərhəd xəttini 3 km qabağa çəkib. Əslində isə sadəcə, dövlət sərhədi bərpa olunub, ermənilər 30 il öncə qamarladıqları ərazilərdən GPS və sovet dönəminin xəritələri əsasında geri durmalı olub. Amma kimə deyirsən.

Vəziyyət o yerə çatıb ki, məsələ ilə bağlı dünən Azərbaycan və Rusiya XİN rəhbərləri, Azərbaycan XİN başçısı və ATƏT sədri arasında müzakirələr olub. Ermənistanı özünün məsuliyyət zonası sayan KTMT, həmçinin ABŞ Dövlət Departamenti də mövqe bildirib. Ancaq onların heç biri Azərbaycanı ittiham eləməyib. Təmkinə çağırıb. Çünki Azərbaycan nə beynəlxalq hüququ, nə də 10 noyabr 3-tərəfli bəyanatın bəndlərini pozub.

Yəni Moskva da, Vaşinqton və ATƏT də reallığı bilir. Fransa isə həmişəki kimi, onu görməzdən gələrək, bu dəfə də “kiçik bacısı”na qahmar çıxıb, onun növbəti həyasızlığına və sırtıqlığına şərik olub. Belə ki, Fransa prezidentinin və Ermənistan baş nazirinin mətbuat xidmətləri ötən gecə olayla bağlı təxribat xarakterli, qərəzli bəyanatla çıxış edib, prezident Makron Azərbaycan-Ermənistan sərhədində yaranmış real vəziyyətə aydınlıq gətirmədən Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib. Halbuki Azərbaycan XİN-in bəyanatında da qeyd edildiyi kimi, sərhədçilərimiz sözügedən ərazilərə - ölkəmizə aid mövqelərə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı üçtərəfli sazişin həyata keçirilməsi məqsədi ilə yerləşdirilirlər.

Özünü hələ də utanıb-qızarmadan Minsk Qrupunun qərəzsiz həmsədri hesab edın Fransa isə yenə birtərəfli mövqe sərgiləyərək Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini qulaqardı edib. Üstəlik, məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarmağa cəhdlər göstərir. Başqa sözlə, 44 günlük müharibə zamanı Azərbaycana qarşı hansı ampluada idisə, o ampluada da qalmağa davam edir. Halbuki, təkrar edirik, baş verənlər yalnızca Ermənistanı beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsinə geri oturtmaq prosesinin tərkib hissəsidir. Bu qondarma dövlət bölgədə nəhayət, beynəlxalq hüquq normaları çərçivəsində davranmağı öyrənməlidir, ya yox?!

Odur ki, Makronun Paşinyan kimi tumanını yenə öz başına atması heç bir nəticə verməyəcək. Pislik bu dəfə də onun özünə və qahmar çıxdığı əxlaqsız “bacısına” qalacaq. Azərbaycan prezidenti İlham Əliyevin bu günlərdə AzTV-yə müsahibəsində dediyi kimi, Fransa öz işi ilə məşğul olsa yaxşıdır. Yəni burnu girməyən yerə başını soxmasın. Yoxsa başı da zərər görər. Ermənidən artıq erməni olmaq yetər!
Özünüz fikirləşin, əgər Azərbaycan Ermənistan adlı saxta dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozsaydı, başqa birisi yox, KTMT-nin əsas qarant dövləti olan Rusiya buna laqeyd qalardımı? Biz hələ onu demirik ki, Ermənistanın xarici sərhədlərini elə ruslar qoruyur və Azərbaycanla delimitasiya prosesi də məhz Rusiya sərhəd xidmətinin hərbçiləri ilə aparılır!

Amma baxın, əli hər yerdən üzülən, yalanlarının yerimədiyini görən Ermənistan rəhbəri son ümid yeri kimi təzədən Makrona üz tutur, ona zəng edir, ondan imdad istəyir, Azərbaycan Ordusunun guya Ermənistan ərazisinə girdiyini iddia edir. Oradan da hansı reaksiyanın olduğu artıq məlum. Makron yenə də məsələnin mahiyyətinə varmadan, yaxud buna lüzum görmədən “təcili sürətdə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması gərəkdiyini” bildirir.

Bu, sözsüz ki, həm də Ermənistanın Rusiya üçün nə dərəcədə etibarsız bir forpost olduğunun, ilk fürsətdəcə nankor ermənilərin Rusiyanı satacaqlarının növbəti bariz təzahürüdür. Bizdən demək. Yaxud yazmaq....
Zahid SƏFƏROĞLU //musavat.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz