Noyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin “Rossiya 24” dövlət televiziyasına müsahibəsində 44 günlük Qarabağ müharibəsinə münasibət bildirərkən deyib ki, Azərbaycan öz torpaqlarını geri qaytardı.
Bütün dünya bu torpaqları belə tanıyır. V.Putin beynəlxalq hüquq əsasında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığına da diqqət çəkib. Rusiya rəhbəri üçtərəfli atəşkəs anlaşmasını Ermənistanın xilası kimi dəyərləndirib. O bildirib ki, 10 noyabrdakı razılaşmadan imtina Ermənistan üçün intihar olar.
Lakin ermənilərin bir hissəsi, xüsusən müxalifət liderləri sözügedən atəşkəs razılaşmasını qəbul etmək istəmirlər. Bir neçə gün öncə Ermənistan prezidenti Armen Sarksiyan Baş nazir Nikol Paşinyanı istefaya səsləyib. Görünən odur ki, ölkədə Paşinyan hakimiyyətini devirməyə çalışan siyasi qüvvələrin etiraz şüarlarının əsasında 10 noyabrda imzalanan atəşkəs anlaşması durur.
Ermənistanda hakimiyyət dəyişərsə, 10 noyabr anlaşmasından imtina edə bilərmi?
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, hazırda Ermənistanda vətən, millət təəssübkeşliyi yox, hakimiyyət davası gedir: “Hesab edirəm ki, ermənilər hazırda hakimiyyət davası aparır. Onları nə vətən, nə bayraq, nə də millət maraqlandırır.
Vladimir Putin hər şeyi doğru söyləyib. Əgər Ermənistanda Paşinyanı devirib, başqasını hakimiyyətə gətirsələr və o da bu sazişdən irəli gələn öhdəliklərdən imtina edərsə, onda Ermənistan üçün ciddi təhlükə yaranacaq. Azərbaycan ordusu olduğu kimi, yüksək döyüş əhval-ruhiyyəsi ilə yerindədir. Belə olan şəraitdə ordusunun və hərbi texnikasının böyük hissəsini itirmiş, ordu yaxud orduya yeni gələcək başçı nəyin hesabına Azərbaycana qarşı müqavimət göstərə biləcək? O zaman Rusiya da tam neytral münasibətlərə keçəcək və Azərbaycana öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməyə şərait yaradacaq. Bir də nə qalıb ki? Ermənilər artıq Ağdamdan çıxıblar, Kəlbəcərin boşaldılması üçün 10 gün əlavə vaxt istədilər, amma demək olar ki, ordan da çıxıblar və Azərbaycan ordusu artıq Kəlbəcərə girib. Həmçinin, ordumuz artıq Laçın ərazisindədir. Ona görə də Putinin dediyi kimi, həm siyasi hakimiyyət çevrilişi, həm də atəşkəs sazişinin öhdəliklərindən imtina intihara bərabər bir vəziyyət yaradar və Ermənistanı tamamən iflasa uğradar. Buna getməyəcəklər. Hələlik ermənilər fikir manipulyasiyası edirlər”.
Politoloq hesab edir ki, hazırda Ermənistanda Paşinyanı devirərək, yerinə atəşkəs bəyannaməsinin tələblərindən imtina edə biləcək rəhbər gətirməklə ölkənin gələcəyini uçuruma aparan real siyasi qüvvə yoxdur: “Ermənistanda guya Paşinyanı devirib yerinə elə bir rəhbər gətirəcəklər ki, o, 10 noyabrda imzalanan atəşkəs razılaşmasının öhdəliklərindən imtina edəcək. Lakin bu mümkün deyil. Çünki bu Ermənistanın məhvi demək olar.
Ermənistanda isə hazırda bunu edə biləcək real qüvvə görünmür. Ordu Paşinyanın tərəfindədir və müharibə istəmir. Silahlı qruplaşmalar ola bilər, lakin onlar da çox zəifdirlər. Siyasi partiyaların müqaviməti də bir şeyi dəyişə bilməyəcək. Artıq Paşinyan ciddi şəkildə repressiyalara başlayıb. Rusiyanın özü də hələlik Paşinyanı devirmək istəmir. Atəşkəs razılaşmasının öhdəliklərinin yerinə yetirilməsi Rusiyanın da əsas maraq obyektinə daxildir və buna çalışır. Ona görə də Ermənistanda çevriliş baş tutmayacaq”.