Paşinyana işğalçılıq siyasətinin acı nəticələrini Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu, separatçılığa dəstəyin acı fəsadını isə Gorus meri Aruş Aruşanyan göstərir.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Gorus meri Aruş Aruşanyanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında yaşanmış qalmaqal haqda danışarkən deyib.
O bildirib ki, Paşinyan separatçı Araik Arutyunyana dəstək verərkən bu günlərin olacağını təxmin etməli idi:
"Məsələ ondadır ki, Paşinyan siyasətçi deyil. Çünki əsl siyasətçi heç vaxt separatizm və işğalçılıq siyasəti üzərində özünə prestij və siyasi nüfuz qazanmağa çalışmaz. Ümumiyyətlə, ölkənin xarici siyasətini bu istiqamətdə qurmağın acı nəticələrini bu gün Ermənistan ölkə olaraq dadır.
Gorus meri Aruş Aruşanyanın Paşinyanı Sünik vilayətinə buraxmaması, bu da azmış kimi vilayət polisinin meri həbs etməkdən imtina etməsi faktiki olaraq o vilayətin mərkəzi hakimiyyətə tabe olmadığını göstərir. Bu, separatçı bir hərəkatdır. Söhbət burada hansısa merin itaətsizliyi və ya xalq hərəkatından getmir. Bütöv bir vilayətin mərkəzi hakimiyyətə tabe olmamasından gedir. Bu bir daha Ermənistandakı vəziyyətin bizim düşündüyümüzdən də acınacaqlı olduğunu göstərir".
Politoloq qeyd edib ki, bu gün Nikol Paşinyan və işğalçı Ermənistanın separatçılıq siyasəti onun özünə qarşı çevrilib:
"Tarix boyu dövlətçilik təcrübəsi olmayan bu zavallı xalq bu gün bir daha dövlətçiliyinin nə dərəcədə acınacaqlı vəziyyətdə olmasını dünyaya göstərir".