Nəqliyyatı İntellektual İdarəetmə sisteminin inkişafı üçün Bakı Nəqliyyat Agentliyinə 28 milyon manatın ayrılması ilə bağlı araşdırmamda səhvə yol vermişəm. Bu vəsait 28 milyon yox, 29 milyon manatdan da çoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz yaradıldığı gündən fəaliyyəti görünməyən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inkişafı üçün büdcədən ayrılan vəsaitlə bağlı açıqlamasında deyib.
O.Gündüz bildirib ki, apardığı araşdırma və ortaya qoyduğu rəqəmlə bağlı BNA sözçüsü açıqlama verməkdən imtina etdiyi üçün o, yenidəın araşdıma aparmaq qırarına gəlib:
“BNA rəsmisi açıqlama verib ki, bu nəhəng rəqəm reallığı əks etdirmədiyinə görə şərh etmək istəmir. Bəli, vəsait də, elə NİİM də nəhəng infrastrukturdur, onun tərkibində müxtəlif sektorlar, İT həllər, rəqəmsal xəritələr, proqram təminatları, nəhəng divar monitoru, serverlər, ehtiyat serverlər və s. var.
Son iki ildə (2017-2018) NİİM üçün ayrılan vəsaiti bir daha hesabladım. Düşündüyüm kimi bir az səhvə yol vermişəm. Son iki ildə NİİM-in ayrı-ayrı komponentləri üçün bir neçə şirkətə toplam 29.261.302 manat vəsait ödənilib və bununla bağlı müqavilələr bağlanıb.
Mən sadəcə anlaşıqlı olsun deyə, bundan öncəki araşdırmada təxmini hesablayıb 28 milyon qeyd etmişdim. Xırda bir yanlışlığa görə BNA sözçüsündən üzr də istəməyə hazıram”.
O.Gündüz bildirib ki, ancaq bir şərtlə üzr istəyə bilər:
“Bu vəsaitin necə istifadə olunması və bunun qarşılığında nə üçün indiyədək intellektual sistemin və ya heç olmasa onun hansısa bir xidmətinin işə salınmadığını izah etsin, mən üzr istəməyə hazıram”.