Axtarış...

Manat ucuzlaşmalı idi, amma... - 2 milyard dollarlıq kəsir yarandı

Manat ucuzlaşmalı idi, amma... - 2 milyard dollarlıq kəsir yarandı
Ötən il Azərbaycanın tədiyə balansında 2 milyard dollara yaxın kəsir yaranıb.

Tədiyə balansında kəsirin yaranması o anlamı verir ki, ölkəmizdən çıxan xarici valyutanın həcmi ölkəmizə gələn xarici valyutanın həcmindən çox olub.

Yaranan 2 milyard manatlıq fərq manatın ucuzlaşmasına səbəb olmalı idi. Amma biz bunu müşahidə etmədik. Bir qayda olaraq tədiyə balansında kəsir yarananda milli valyutanın ucuzlaşmaması üçün o, Mərkəzi Bankın öz ehtiyatları, yaxud digər maliyyə ehtiyatlarının hesabına bağlanır. Bu zaman valyuta ehtiyatlarında azalma baş verir. Maraqlıdır ki, dollar/manat kursunda sabitlik təmin edilsə də, nəinki strateji valyuta ehtiyatları azalıb, əksinə əvvəlki ilə nisbətən 353 milyon dollar artıb. O cümlədən, Mərkəzi Bankın da valyuta ehtiyatları 111 milyon dollar artıb.

Sfera.az Mərkəzi Banka istinadən bildirir ki, tədiyə balansında kəsirin yaranması əsasən maliyyə hesabında yaranan 2,4 milyard dollar xalis kapital çıxışı ilə bağlı olub. 2019-cu ildə maliyyə hesabında 130 milyon dollar profisit qeydə alınmışdı.

Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel formasında, 1,4 milyard dolları isə "digər investisiyalar" (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferi ilə bağlı olub. Təkcə depozit və və nağd valyuta formasında xalis kapital çıxışı 1,3 milyard dollar təşkil edib.

Ötən il cari hesabda 227,6 milyon dollar defisit qeydə alınıb. Cari əməliyyatlarda defisit neftin kəskin ucuzlaşması ilə bağlıdır. 2020-ci ildə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 41 dollar olub. 2019-cu ildə neftin orta qiyməti 64 dollar idi. Bir il əvvəl neft baha olduğundan cari əməliyyatlarda 4,364 milyard dollar profisit qeydə alınmışdı.

Ucuzlaşan neft neft-qaz sektoru üzrə cari əməliyyatlardakı profisitin məbləğinin azalmasına səbəb olub və o, qeyri neft-qaz sektoru üzrə yaranan kəsirin tam maliyyələşməsinə imkan verməyib. Ötən il neft-qaz sektoru üzrə cari əməliyyatların profisiti 2,3 dəfə azalaraq 5,1 milyard dollara düşüb ki, bu da qeyri neft-qaz sektorundakı 5,3 milyard dollarlıq kəsiri tam bağlamağa kifayət etməyib.
Rüblər üzrə təhlil göstərir ki, həm cari hesabda, həm də ümumi saldoda qeydə alınan defisit əsasən 2 və 3-cü rüblərdə formalaşıb. İlin son rübündə bu göstəricilərdə ciddi dəyişiklik olmayıb və bu da əsasən neftin qiymətinin yaydan sonrakı dönəmdə artması ilə bağlıdır.

Azərbaycan Mərkəzi Bankının "balanlaşdırıcı maddə" kimi qeyd elədiyi maddə üzrə ölkəyə 648 milyon dollar kapital girişi baş verib. Bu maddə tədiyə balansının heç bir bölməsində ən müxtəlif səbəblərdən uçota alınmayan, lakin maliyyə sistemində ortaya çıxan xarici valyuta kütləsinin həcminə əsasən təyin edilir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz