Axtarış...

MB səlahiyyətində olan əksər statistik məlumatları ləng açıqlayır: tədiyə balansını isə...



Azərbaycanda statistik məlumatların gec açıqlanması həmişə müstəqil ekspertlərin narazı qaldıqları məqamdır. Uzun illərdir mütəxəssislər Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorları üzrə məlumatların dünya ölkələri ilə müqayisədə kəskin şəkildə gec açıqlanmasından narazılıq edirlər. Bildirilir ki, bu ləngimə yalnız müstəqil mütəxəssislər üçün deyil, biznes və əhali üçün də problemlər yaradır.

Ölkədə gec açıqlanan mühüm məlumatlardan biri də tədiyə balansıdır. Mərkəzi Bank tərəfindən rüblük olaraq açıqlanan bu məlumatlar az qala 3 aylıq ləngimə ilə cəmiyyətə təqdim olunur. İqtisadçı-ekspert Rövşən Ağayevin AFN-ə dediyinə görə, Mərkəzi Bank səlahiyyətində olan əksər statistik məlumatları ləng açıqlayır: “Tədiyə balansı nədir – ölkənin bütün rezidentlərinin xarici dünya ilə iqtisadi əlaqələrinin uçota alındığı sistemdir. Yəni bu gün bizdən bir turist gedib Gürcüstanda xidmət alırsa, yaxud bir turist gəlib bizdə eyni şeyi edirsə, bu, tədiyə balansında uçota alınmalıdır. Yaxud Azərbaycan vətəndaşı gedib hansısa ölkədə əmlak alırsa, yaxud hansısa şirkətə investisiya qoyursa, xarici vətəndaş gəlib bunu bizim ölkəmizdə edirsə, bu da tədiyə balansında əksini tapmalıdır. Ticarət balansı da tədiyə balansının bir elementidir. Daha bir misal, xarici ölkələrdə yaşayan, işləyən vətəndaşlar buradakı yaxınlarına pul göndərirlərsə, o da qeydiyyata alınır. Gedib xarici ölkədə təhsil alırıqsa, bu da təhsil xidməti kimi tədiyə balansına daxil edilir. Bir sözlə, tədbiyə balansı bir ay, yaxud rüb, yaxud il ərzində ölkəyə daxil olan və oradan çıxarılan vəsaitlərin hərəkətini əks etdirir. Tədiyə balansı 3 əsas elementdən ibarətdir: cari hesablar balansı, kapital hesabı və maliyyə hesabı”.

Ölkələr tədiyə balansını nə üçün hesablayırlar? Ekspertin sözlərinə görə, tədiyə balansı makroiqtisadiyyatın canıdır: “Onu hesablamadan ölkəyə nə qədər pul gəldiyini, ölkədən nə qədər pul çıxdığını bilmək mümkün deyil. Bu isə makroiqtisadi sabitliyi təmin etmək üçün zəruri olan ən əsas məlumatlardır. Xüsusilə məzənnə siyasətini hazırlamaq üçün tədiyə balansını bilmək son dərəcə zəruridir. Yəni ölkəyə gələn və ölkədən çıxan xarici valyutanın həcmini bilmədən məzənnə ilə bağlı tənzimləmə mexanizmi hazırlamaq qeyri-mümkündür. Əgər ölkəyə gələn valyuta gedəndən çoxdursa, o deməkdir ki, milli valyutanın məzənnəsi üçün təhlükə yoxdur. Bizim rüblük valyuta ehtiyacımızın həcmi 5,5-6 milyard dollardır – 2019-cu ilin sonunadək belə olub. Bu o deməkdir ki, ölkəyə daxil olan valyuta bu həddən aşağı olarsa, manatın məzənnəsində ucuzlaşma baş verməlidir”.
Azərbaycanda tədiyə balansı niyə gec açıqlanır? R.Ağayevin sözlərinə görə, əvvəllər Mərkəzi Bank tədiyə balansının gec açıqlanmasını məlumatları gec əldə etməsi ilə izah edə bilirdi: “Deyirdilər ki, xaricdən məlumatları gec alırlar. Amma artıq internetin, informasiya kommunikasiyalarının inkişaf səviyyəsi elədir ki, bu bəhanə qətiyyən keçərli sayıla bilməz. Baxın, iqtisadiyyatı Azərbaycandan dəfələrlə böyük olan Türkiyədə tədiyə balansı aylıq, özü də bütün detalları ilə açıqlanır. Rusiyada aylıq müəyyən məhdudiyyətlə də olsa açıqlanır. Türkiyə nümunəsi sübut edir ki, bizim Mərkəzi Bankın məlumatları gec aldım deməyə heç bir əsası yoxdur. Düşünürəm ki, birinci səbəb budur ki, bizim Mərkəzi Bankın statistika ilə məşğul olan qurumu yetərincə peşəkar deyil. İkinci və əsas səbəb siyasətlə bağlıdır. Mərkəzi Bank çalışır ki, məlumatları maksimum gec açıqlasın. Məsələn, birinci devalvasiyaya qədər biz hər ayın bank hesabatlarını maksimum 20 gün ərzində alırdıq. Mərkəzi Bank neynədisə, bu müddəti 40 günə çəkdi. Məsələn, hazırda biz mart ayı üzrə bank göstəricilərini görə bilmirik, ən yaxşı halda mayın 5-dək açıqlanacaq. Hiss olunur ki, məlumatları vaxtında açıqlamaq Mərkəzi Bankın marağında deyil. Niyə? Çünki ictimai müzakirələr başlayır. Tədiyə balansı barədə statistikanın vaxtında açıqlanması müstəqil mütəxəssislərin, medianın məzənnə ilə bağlı vəziyyəti daha aydın görməsinə şərait yaradar. Mərkəzi Bank isə bunda maraqlı deyil, çünki narazılıqlar, müzakirələr başlayır. Əslində təkcə tədiyə balansı deyil, beynəlxalq investisiya mövqeyi də açıqlanmalıdır. Beynəlxalq investisiya mövqeyi tədiyə balansından daha geniş məlumat bazasıdır. Tədiyə balansında biz il ərzində baş verənləri görə biliriksə, beynəlxalq investisiya mövqeyində bütün illər üzrə məlumatları ala bilirik. Ölkəyə və ölkənin xaricə qoyduğu investisiyaların ümumiləşmiş məbləğini görmək mümkün olur. Bu göstəricilərin açıqlanması Beynəlxalq Valyuta Fondunun tələbidir”.

Ekspertin fikrincə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun peşəkarlığına dair səsləndirilən fikirlər real deyil: “Mən anlaya bilmirəm, hansı əsasla ona peşəkar deyirlər? Bir qurum ki, normal statistik məlumatları vaxtında açıqlaya, cəmiyyətlə işləyə bilmir, onun rəhbərinə necə peşəkar demək olar? Dünya Bankının yanvarda qlobal iqtisadiyyatla bağlı açıqladığı hesabat var. Hesabatda qeyd olunur ki, böhran vəziyyətlərində tənzimləmə siyasətinin effektivliyi mərkəzi bankların fəaliyyətindəki şəffaflıqdan çox asılıdır. Bu baxımdan, tədiyə balansının açıqlanmasındakı ləngimə Mərkəzi Bankın qeyri-şəffaflığından xəbər verir. Halbuki balansı vaxtında açıqlamaq bu qurumun sadə vətəndaşlar və biznes qarşısında ən böyük vəzifəsidir. Biznes balansı bilib, öz fəaliyyətini planlaşdırarkən ondan istifadə etmək imkanı əldə etməlidir. Sadə vətəndaş ölkədəki məzənnə sabitliyi ilə bağlı durumu bilib sonra əmanət qoymaqla bağlı qərar qəbul etməlidir. Bu məlumatlar yalnız Mərkəzi Bankın rəhbəri üçün deyil, hamı üçün əlçatan olmalıdır. Yəni biznesin də Elman Rüstəmov qədər haqqı var o məlumatları vaxtında əldə etməyə”.

AFN-in İqtisadiyyat şöbəsi
Text-to-Speech

DİNLƏ






Şərh yaz