Axtarış...

İran Qarabağın tezliklə dirçəlməsində maraqlıdır - Səfirlə (MÜSAHİBƏ)

Millitv.az İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Trend-ə verdiyi müsahibəni təqdim edir

İran Qarabağın tezliklə dirçəlməsində maraqlıdır - Səfirlə (MÜSAHİBƏ)

- Azərbaycanın işğaldan azad olunan ərazilərində İran şirkətlərinin iştirakını və bu sahədə indiyədək atılan addımları necə qiymətləndirirsiniz?

- İran İslam Respublikası Azərbaycanın yaxın qonşusu olaraq bir sıra imkanlara sahibdir ki, Qarabağın bərpasında Azərbaycan dövləti və xalqına köməkliklər göstərə bilər. İran xalqı və dövləti Azərbaycanın ərazilərinin işğaldan azad edilməsinə və bölgədə yaranan yeni şəraitə qəlbən sevinirlər. İran dövləti və xalqı bu bölgənin tez bir zamanda dirçəlməsində maraqlıdır. Azərbaycanın yüksək səviyyəli rəsmiləri, xüsusilə Cənab Prezident İlham Əliyev dost ölkələri, o cümlədən İranı işğaldan azad edilmiş ərazilərin bərpasında iştiraka dəvət etmişlər. Bunu əsas götürərək İran dövləti Qarabağın bərpa olunmasına hazır olduğunu elan edib. Hazırda İran tərəfi Azərbaycan dövlətinin azad olunan ərazilərlə əlaqədar baş planlarının elan olunmasını gözləyir.

İran şirkətlərinin bərpa işlərində iştirakını bir neçə cəhətdən məqsədəuyğun hesab etmək olar.

Coğrafi baxımdan bu ərazilər İranın Azərbaycanla sərhədində və yaxınlığında yerləşir. İranın tikinti materialları, xammalı digər ölkələrlə müqayisədə daha ucuzdur, işçi qüvvəsi daha ucuz başa gəlir. Ən əsası bu ərazilərin bərpasına İranda maraq böyükdür.

Eyni zamanda ərazilərin bərpasına başlamazdan öncə, bu ərazilərin minalardan, partlamayan silah-sursatlardan təmizlənməsi əhəmiyyətli məsələdir. İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi və onun tabeliyində olan şirkətlər bu bölgəyə gəlməyə hazır olduğunu və ərazilərin təmizlənməsində iştirak etməyə hazır olduqlarını bildiriblər. Bu şirkətlər humanistlik çərçivəsində ərazilərin bir hissəsini heç bir xərc olmadan, digər hissələri isə müqavilə çərçivəsində minalardan təmizləməyə hazırdırlar.

- Azərbaycan və İranın müxtəlif sferalarda, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəniyyət sahələrindəki əlaqələrinin bundan sonra hansı formada inkişaf etdirilməsi nəzərdə tutulub?

- Azərbaycan-İran münasibətləri hazırda yeni mərhələyə, çiçəklənmə mərhələsinə qədəm qoyub. İki ölkə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəniyyət və hərbi sahələrdə əməkdaşlıqları artıra bilərlər. Hazırda prioritet azad olunan ərazilərin bərpasında iştirak etmək və iki ölkənin iqtisadi münasibətlərini artırmaqdır. Fikrimcə, iki ölkə münasibətləri yaxın gələcəkdə strateji şərik münasibətlərinə çevriləcək. Belə ki, iki ölkə bir-birinin imkanlarından faydalana bilər. Bu istiqamətdə xüsusilə tranzit, nəqliyyat imkanlarından istifadə etmək olar. İki ölkənin münasibətləri regional əməkdaşlıqlar üçün örnəyə çevrilə bilər. İki dost və qonşu ölkə arasında bütün istiqamətlərdə həmişə yaxşı münasibətlər olub. Son illər ərzində Azərbaycan və İran münasibətləri yüksələn xətt üzrə inkişaf edir. İranın ətrafında 15 ölkə qonşu ölkə hesab olunur. Hər bir ölkənin özünəməxsus yeri var. Lakin bu ölkələr arasında Azərbaycan prioritet və əhəmiyyət kəsb ölkələrdən biridir.

- İki ölkə arasında preferensial ticarət, birgə kənd təsərrüfatı, enerji və su layihələrinin gedişatı hansı səviyyədədir?

- Son vaxtlar (18 yanvar) İran paytaxtı Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib. İclasda bir sıra sahələr üzrə əməkdaşlıqların inkişaf etdirilməsi məqsədilə sənəd imzalanıb. İki ölkə arasında birgə layihələrin icra olunması üzrə razılaşmalar əldə edilib. İran və Azərbaycan arasında bir neçə həll edilməmiş məsələ, o cümlədən Xudafərin və Qızqalası hidroqovşaqları haqda razılaşma əldə olundu. Bu hidroqovşaqlar istifadəyə verildiyi halda, su ehtiyatı, kənd təsərrüfatı və elektrik üzrə hər iki ölkənin xeyrinə olacaq. Bu hidroqovşaqlar azad olunan ərazilərin su təminatı və elektrik təminatında əhəmiyyətlidir. Bu hidroqovşaqların gələn bir il ərzində istifadəyə verilməsi gözlənilir.

İki ölkə arasında preferensial ticarət üzrə son müzakirələr ötən həftə aparılıb. Bu ticarət üzrə tezliklə sənədin imzalanacağı gözlənilir.

İran və Azərbaycan arasında Astaraçay üzərində hazırda istifadədə olan körpü 2-ci dünya müharibəsi zamanı inşa olunub. Bununla belə bu körpü ilə böyük ölçüdə məhsullar daşınmaqdadır. Son aylarda İranın məhsul ixracı və tranziti artdığına görə, bu körpüdən maksimum şəkildə istifadə olunur. Hazırda gündəlik təxminən 200-300 yük maşını bu körpüdən keçir. İki ölkə arasında önəmli proyektlərdən biri Astaraçay üzərində yeni avtomobil körpüsünün inşa edilməsidir. Həm vətəndaşlar, həm avtomobil, həm də yük maşınları bu körpüdən istifadə edə biləcək. Müqavilənin tez bir zamanda yekunlaşması ilə Novruz bayramına qədər bu körpünün təməlinin qoyulması və inşasına başlanılması nəzərdə tutulur. Körpü iki ölkə tərəfindən birgə şəkildə inşa olunacaq və ilkin hesablamalara əsasən, təxminən 4-5 milyon dollar dəyərində vəsait xərclənəcək. Bu kiçik körpü Şimal-Cənub Dəhlizində böyük rola sahib olacaq. Azərbaycan beynəlxalq yükdaşımalarda, xüsusilə də Şimal-Cənub Dəhlizində strateji və önəmli mərkəzdir.

- Son vaxtlar İranın xarici işlər naziri İranın Azərbaycanla dəmiryolu xətlərinin birləşdirilməsinin önəmini diqqət mərkəzində saxlayıb. Bununla əlaqədar hansı addımların atılması nəzərdə tutulub?

- İran Azərbaycanla münasibətləri şaxələndirməyə çox maraqlıdır. Hazırda İranın Azərbaycanla yol, dəmiryol və dənizlə əlaqə yolları var. İki ölkənin ticarət dövriyyəsini artırmaq üçün bu yolları şaxələndirmək zərurət daşıyır. Azərbaycanın dəmiryolu İran Astarasında dəmiryol terminalına qədər çəkilib və istifadəyə verilib. Bu dəmiryol terminalı inşa edilməklə yanaşı fəaliyyət göstərir. Son vaxtlar dəmiryol terminalının inşasında işlər sürətləndirilib. Hazırda İran üçün əhəmiyyətli olan məsələ Rəşt-Astara dəmiryolunun inşa edilməsidir. Bu dəmiryolunun istifadəyə verilməsi ilə məhsullar Fars körfəzindən Rusiya və Şərqi Avropa ölkələrinədək və əks istiqamətdə daşınacaq.

İran üçün əhəmiyyətli olan digər dəmiryol projesi, Azərbaycan Prezidentinin altıtərəfli əməkdaşlığa dair təklifi çərçivəsində 6 ölkənin dəmiryolu xətlərinin birləşməsidir. İran dərhal bu təklifi dəstəklədi. İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin region ölkələrinə səfəri çərçivəsində də bu məsələ diqqət mərkəzində saxlanıldı. Bu dəmiryolu istifadəyə verildiyi halda, region ölkələrinin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Bütün bunlar regionda stabilliyə, dayanıqlı təhlükəsizliyə şərait yaradacaq. İran bu qənaətdədir ki, Qarabağ müharibəsindən sonra ölkələr daha artıq əməkdaşlıq istiqamətində hərəkət edə bilərlər. Beləliklə ölkələrin iqtisadiyyatları birləşə və çiçəklənə bilər. İran 6 ölkənin mövqelərinin bir-birinə daha da yaxınlaşmasının tərəfdarıdır. Bununla əlaqədar İran Tehranda ölkələr arasında ixtilafların həll edilməsi ilə əlaqədar 6 ölkənin istənilən səviyyədə rəsmilərinin iştirakı ilə iclas təşkil etməyə hazırdır. Çünki İran bölgənin daha da güclü olmasına inanır.

Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz