Qarabağın İşğaldan Azad Edilməsindən Sonra Regionda Azərbaycan və İran Arasında İqtisadi Əlaqələr Genişləndirmək Üçün Yeni İmkanlar
Meydana ÇıxıbAzərbaycan Respublikası və İran İslam Respublikası arasında təkcə siyasi, mədəni sahədə deyil, eyni zamanda, iqtisadi müstəvidə də əlaqələr ildən-ilə davamlı şəkildə inkişaf etməkdədir ki, bu da səbəbsiz deyil. On illər boyu İran dövləti öz geosiyasət kursunda digər regional dövlətlərlə yanaşı, Cənubi Qafqaz dövlətlərinə də böyük əhəmiyyət verib. Bu regionda isə təbii ki, İranın ən sıx əlaqələri Azərbaycan Respublikası ilə mövcuddur ki, bunu tə sadüf hesab etmək düz olmazdı. Dini, mədəni, tarixi və qədim ənənələrlə bir -birinə sıx bağlı olan xalqlarımızın əlaqələrinin genişliyi bu baxımdan təəccüb doğurmamalıdır.
Bir tarixi reallığı qeyd etmək yerinə düşər ki, məhz umummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Tehran və Bakı arasında AXC hakimiyyəti dövründə gənginləşən münasibətlər normal axara düşdü. Belə ki, ikitərəfli münasibətlərin istiləşməsindən sonra İran Dağlıq Qarabağ münaqişəsində Ermənistanı tənqid edən siyasi xətt yürütməyə başladı. O zamanlar İran liderləri ilə yaxşı əlaqələr qurulması hesabına İran Naxçıvana maddi yardım göstərdi. Naxçıvanın Türkiyə və İranla olan yaxın münasibəti Ermənistanın Naxçıvana tətbiq etdiyi blokada siyasətinin boşa çıxmasına səbəb oldu. Heydər Əliyevin Naxçıvan rəhbəri olduğu dövrdə Tehran səfərində işlətdiyi bu kəlmə onun hansı düşüncədə olduğunu aydın göstərirdi: “Heç bir şeytan İranla olan münasibətlərimizi poza bilməz”.
İran üçün Dağlıq Qarabağ münaqişəsi hər zaman bir çox səbəbə görə xüsusi əhəmiyyət kəsb edib. Birincisi, münaqişə müəyyən vaxtlarda, xüsusən də 1993-cü ilin payızında İran sərhədlərinə müdaxilə ilə nəticələnmişdi. Bundan əlavə, münaqişədə iştirak edən hər iki dövlət İranın qonşuları idi və bu səbəbdən münaqişə ölkənin təhlükəsizliyinə birbaşa təsir göstərirdi. 1993-cü ildə münaqişə arealının Dağlıq Qarabağ ərazisindən kənara çıxması İranın Ermənistana qarşı sərt tədbirlər görməsinə səbəb oldu. Qarşıdurmanın İran sərhədlərinə yayılması İranın dövlət təhlükəsizliyi üçün “qırmızı xətt” demək idi. İran, Türkiyə ilə birlikdə, Ermənistanın təcavüzkarlığını qınamaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Tehran, Azərbaycanın parçalanma təhlükəsinin regional təhlükəsizlik baxımından mənfi təsirini açıq-aydın görürdü. İran bölgədəki mövcud güc balansını qorumağa çalışdığını açıq şəkildə ifadə etdi. Rəsmi Tehran Naxçıvanın bir yaşayış məntəqəsi olaraq “təhlükəsizlik xətti” olduğunu bildirdi. 1993-cü ilin sentyabrında Naxçıvanın ermənilərin hücumuna məruz qalması İranın radikal addım atmasına səbəb oldu. 1000 nəfərlik İran ordusu Araz çayını keçərək təhlükəsizlik dəhlizi yaratdı. İran, iki istiqamətdə irəliləyən erməni ordusuna hücumun dayandırılmayacağı təqdirdə müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıq etdi. Rusiya, İran qoşunlarının Araz çayını keçməsini rəsmi bəyanatla pislədi. Ancaq İranın davranışı Ermənistanı qorxutmaq üçün kifayət idi. Ermənistan Xarici İşlər naziri Tehrana, Naxçıvana hücum edilməyəcəyi ilə bağlı zəmanət verdi. İranın xəbərdarlığı ilə Beyləqan istiqamətində irəliləyən erməni ordusunun dayanması Azərbaycan ordusuna vaxt qazandırdı. Bu zaman kəsimində Azərbaycan ordusu 1993-cü il dekabrında uğurlu Horadiz əməliyyatı keçirərək İranla sərhəd olan bir çox məntəqəni geri ala bildi. İran, Qubadlı və Cəbrayılın işğalından sonra blokada vəziyyətində qalan Zəngilan əhalisinə Araz çayı vasitəsi ilə xilas olmaq imkanı yaratdı. 1993-cü ildə Azərbaycanda ilk çadır düşərgələri İranın köməyi ilə salındı. Azərbaycanın cənubunda yeddi qaçqın düşərgəsi ümumilikdə 100,000 insanı müvəqqəti yaşayışla təmin etdi.
Azərbaycan-İran iqtisadi əməkdaşlığının istiqamətlərindən danışarkən qeyd etmək yerinə düşər ki, bu əlaqələr çoxistiqamətli xətlə inkişaf etməkdədir. Azərbaycan-İran iqtisadi əməkdaşlığının dinamikası onu deməyə əsas verir ki, bu çoxistiqamətli qarşılıqlı əlaqələr hər iki tərəfin iqtisadiyyatına müsbət təsir göstərməkdədir. Azərbaycan ilə İran arasında iqtisadi əlaqələr barədə danışarkən ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlərin görülməsini qeyd etmək lazımdır. Belə ki, son illər ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Qarşılıqlı ticarətin həcminin daha da artırılması və strukturunun şaxələndirilməsi üçün potensialın- kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımalar sahələrində də əlaqələrin inkişafı üçün imkanlar xeyli genişlənib. Belə ki, bu gün Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün davamlı islahatlar həyata keçirilir. Sərmayə yatırılması üçün olduqca münbit şərait yaradılıb. Təsadüfi deyil ki, hazırda Azərbaycanda 1500-dən çox İran şirkəti fəaliyyət göstərir.
Qarabağ bölgəsinin işğaldan azad edilməsi isə İran ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün böyük zəmin yaradıb. İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvinin sözlərinə görə, qarşılıqlı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var və bu potensialdan istifadə etmək lazımdır: "Ərdəbil vilayəti Azərbaycanın işğaldan azad olunmuş rayonları ilə sərhəddə yerləşdiyinə görə vilayətin şirkətləri Qarabağda aparılacaq yenidənqurma işlərində iştirak edə bilərlər. Tikinti və kənd təsərrüfatı sahəsində İran şirkətlərinin kifayət qədər təcrübəsi var." Səfir diqqətə çatdırıb ki, İran Azərbaycan ordusunun Qarabağı işğaldan azad etmək istiqamətində başladığı hərbi əməliyyatları beynəlxalq hüquqa əsaslanaraq dəstəklədi və rəsmi Bakının mövqeyini haqlı hesab etdi: "Hazırda Azərbaycan hökumətinin bu bölgənin bərpasına başlaması ilə əlaqədar sərhəd vilayətləri, xüsusən Ərdəbil üçün dəyərli fürsət yaranıb və İranın Qarabağın yenidən qurulmasında iştirakı həm onun ölkəsinin, həm də Azərbaycanın mənafeyinə uyğundur."
Qeyd edək ki, bu günlərdə regional tur çərçivəsində İran Xarici işlər nazirinin Bakıya səfəri həm də iqtisadi müstəvidə yaranmış yeni əməkdaşlıq imkanlarını gündəmə gətirib. Sözsüz ki, Rəsmi Tehranı və o cümlədən rəsmi Bakinı, ötən ilki müharibədən sonra bölgədə yaranan əməkdaşlıq imkanları maraqlandırır. İran tərəfi Qarabağdakı bərpa layihələrində iştirak etmək istədiyini bildirib. Bir müddət əvvəl Tehranda səfərdə olan Azərbaycan Respublikasi Baş nazirinin müavini Şahin Mustafayevlə görüşən Mahmud Vaezi də vurğulayıb ki, qarabağın işğaldan azad edilməsindən sonra regionda iqtisadi əlaqələr üçün geniş imkanlar meydana çıxıb. Əməkdaşlıq sahələri deyiləndə isə ekspertlər ilk növbədə, Azərbaycanda ikitərəfli iqtisadi əlaqələrdə ən perspektivli sahə olaraq, kənd təsərrüfatı, turizm və energetikanı görürlər. Digər tərəfdən, Azərbaycanla İran Şimal-Cənub nəqliyyat dəhlizinin üzvüdür. Bu layihənin məqsədi Rusiyadan-İran və Şərqə, eləcə də Şimali və Qərbi Avropaya doğru yük çatdırılma müddətini azaltmaqdır. Elə buna görə də hər iki ölkə dəmiryol şəbəkələrini birləşdirmək üzrə fəaliyyət aparır. Bakı və Tehran iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını dəfələrlə deyiblər.
Nazilə Atakişiyeva
Azərbaycan Jurnalistlər Birliyinin üzvü