Axtarış...

"Paşinyan möhkəm adam çıxdı, qalib gələcək..." - "Rusiya da seçim qarşısındadır"

"Paşinyan möhkəm adam çıxdı, qalib gələcək..." - "Rusiya da seçim qarşısındadır"

Ermənistanda hərbi-siyasi vəziyyətin son 20-25 ildə ən gərgin dövrü müşahidə edilir. Müstəqillikdəт sonra bu ölkədə siyasi, iqtisadi və hərbi baxımdan ciddi rıçaqlar əldə edən “Qarabağ klanı” baş nazir Nikol Paşinyanı devirə bilmir. Məğlub olan erməni ordusu da tədricən ölkə daxilində gedən proseslərə cəlb olunur. Rusiya üzdə Ermənistandakı prosesləri "bu ölkənin daxili işi adlandırır", amma altdan-altdan qiyamçılara dəstək verir. Qərb isə açıq şəkildə ordunun daxili proseslərdə iştirakını qəbul etmədiyini elan edir. Hazırda Ermənistanda müşahidə olunan proses dünyanın diqqət mərkəzindədir.

"AzPolitika.info" mövzu ətrafında siyasətşünas Zərdüşt Əlizadə ilə danışıb.

Söhbəti təqdim edirik:

- Zərdüşt bəy, Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Baş nazir Nikol Paşinyan hökumətə qarşı qiyam qadırmaq niyyətində olan Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad etmək üçün ikinci dəfə prezident Armen Sarkisyana müraciət edib. Sizə görə, bu ölkədə fevralın 25-dən bu yana səhnə arxasında hansı oyunlar gedir?

- Keçmiş erməni hakimiyyətinin liderləri iqtidarı ələ almaq istəyirlər. Amma alınmır. Kütləyə söykənərək mitinqlər, aksiyalar vasitəsilə Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq mümkün olmadı. Bu alınmayanda Rusiyanın dəstəyi ilə onlar son addıma getdilər. Faktiki olaraq ordunu hakimiyyət uğrunda siyasi mübarizəyə cəlb edirlər. Rusiyanın Paşinyanı devirmək qərarı bəllidir. Həm də buna bəhanə Nikol Paşinyanın “İskəndər” raket kompleksi ilə bağlı uğursuz bəyanatı olub. Lakin bəlli idi ki, Moskva müəyyən bir vaxtdan sonra Paşinyanı devirmək və hakimiyyətə Rusiyaya daha sadiq insanın gəlməsini təmin etmək üçün addım atacaq. Paşinyanın uğursuz “İskəndər” raketləri haqda bəyanatından sonra real bəhanə tapıldı və Baş Qərargah hökumətə ultimatum verdi. Bundan əvvəl Ermənistan tarixində belə bir hadisə olub. Üç general prezident Levon Ter-Petrosyanın kabinetinə daxil olaraq ona ultimatum vermişdi. Bundan sonra Ter-Petrosyan istefasını xalqa açıqladı. Amma Paşinyan möhkəm adam çıxdı və Levonun hərəkətini təkrarlamadı. Əksinə, xalqa müraciət etdi, partiya tərəfdaşlarını küçələrə səslədi. Sonda mitinq etdi və bu aksiya ilə sübut etdi ki, erməni xalqı köhnə hakimiyyətin qayıtmasını istəmir. Beləcə hərbi-siyasi müxalifəti seçim qarşısında qoydu. Onlar ordunu şəhərə yeridərək açıq-aşkar hərbi çevriliş etməli idilər. Bu zaman ola bilsin ki, Nikolu devirəcəkdilər, amma həm də çox ciddi müşgüllərlə üzləşməli olacaqdılar.

Əvvəla, yeni hakimiyyətin legitimliyi olmayacaqdı və bu hakimiyyətin Qərb tərəfdaşları ortaya çıxmayacaqdı. Üstəlik, Rusiya özü çətin vəziyyətdə qalacaqı. Qeyri-legitim hakimiyyəti dəstəkləmək seçimi o qədər də ürəkaçan seçim deyil. Ona görə də indi vəziyyət qeyri-müəyyən qalıb. Çox şey prezident Armen Sarkisyanın qəbul edəcəyi qərardan asılıdır. Paşinyan iki gün əvvəl Baş Qərargah rəisi Qasparyanın işdən çıxarılması barədə qərarını prezidentin qarşısına qoyub. Qanuna görə, prezident bunu imzalamalıdır. Çünki qərar vermək səlahiyyəti baş nazirdədir. Prezidentin də vaxtı azdır. Üstəlik Paşinyan ikinci dəfə prezidentə müraciət edib. Həm də Paşinyan prezident Sarkisyanla görüşərək ona deyib ki, əgər sənədi imzalamasan, elan edəcəyəm ki, prezident qiyamçıların tərəfindədir. Yaxın günlərdə Armen Sarkisyan sənədi imzalasa, bu zaman Onik Qasparyan olur adi ehtiyatda olan general. Ola bilsin ki, bu halda Qasparyan hərbi hissələri küçələrə çıxaracaq, xalqa atəş açacaq. Sözsüz ki, Nikol da tərəfdarlarını köməyə haraylayacaq.

Əsgərlər gedib Nikolu Nazirlər Kabinetindən tutub bayıra atacaqmı? Mən bilmirəm. Bildiyim odur ki, Paşinyan sona qədər müqavimət göstərmək qətiyyətini sərgilədi. Göstərdi ki, özünün siyasi xəttindən geri çəkilmək niyyətində deyil. İndi seçim hərbçilərindir.

- Demək istəyirsiniz ki, İrəvan küçələrində qan tökülə bilər?

- Bəli, bu istisna edilməyib. Diqqət edin, qatil Robert Köçəryan xalqı ordunun tərəfini tutmağa çağırıb. Serj Sarkisyan elan edib ki, ordunun yanındadır. Yəni "Qarabağ mafiyası" hakimiyyətə qayıtmaq istəyir. Əlbəttə, bizim üçün Ermənistanda kimin hakimiyyətdə olmasının fərqi yoxdur. İstər Paşinyan, istər Köçəryan, istərsə də Sarkisyan olsun. Bunun əhəmiyyəti yoxdur. Ermənistanın özünə pis olacaq. Məğlubiyyətdən sonra Ermənistanın qarşısında bir seçim var: Məğlubiyyətini etiraf edərək Azərbaycan və Türkiyə ilə normal diplomatik, siyasi, iqtisadi, insani əlaqələr qurmaqla adam balası və kiçik Avropa ölkəsi kimi qanunlara itaət edərək yaşayır və inkişaf edir. Ya da “Qarabağ klanı” qayıtsa, əvvəlki minvalla hansısa xülyalarla yaşayacaq, qisas almaq niyyətində olacaq. Əslində onların pulu yoxdur ki, orduya xərclənsin. Lap xərclənsin. 30 ilə qurduqları ordunu Azərbaycan ordusu 44 günə darmadağın etdi. Yenə onlara 30 il lazım gələcək ki, ordu qursunlar. Paşinyan da Putinə müraciət edərək deyib ki, ordunu bərpa etmək üçün Rusiyadan kömək gözləyirlər. Rusiyanın imkanı varmı ki, milyardlar xərcləyib Ermənistan üçün ordu qursun? Özü də kasıb Ermənistan onun nəyinə lazımdır? Ermənistan onsuz da onun cibindədir, ona itaət edir.

- Amerika və Avropa Birliyi Ermənistanda baş verənləri necə qarşılayır və sizcə, bu mərkəzlərin qəti mövqeyi nədən ibarətdir?

- ABŞ və Avropanın Paşinyana dəstəyi heç də şübhə doğurmur. Bu mərkəzlərdən hərbçilərə yönələn ismarıc tamamilə şəfaf və aydındır. İsmarıc “biz sizi tanımayacağıq, hərəkətlərinizi qeyri-qanuni sayırıq” şəklindədir. Bundan sonra seçim “Qarabağ klanı” və ordudadır. Daha doğrusu, Baş Qərargahdadır.

Bu prosesdə maraqlı məqam odur ki, ordunun rəhbər elitası tamamilə Paşinyan hökumətinə qarşı olsa da, müdafiə naziri Vaqarşak Arutyunyan Nikol Paşinyanı dəstəkləyir. Belə şəraitdə generalların cinayət törədərək xalq qarşısında məsuliyyət daşımağa cəsarətləri çatacaq, ya yox? Mənə elə gəlir ki, cəsarətləri çatmayacaq. Hər halda nisbət əllinin əlliyədir. Düşünürəm ki, Nikol Paşinyanın udmaq şansı daha çoxdur.

Vaqarşak Arutyunyan əslində Paşinyana yaxındır, onu bu vəzifəyə Nikol təyin edib. Baxmayaraq ki, özü hər zaman Rusiya ilə yaxın olub. Amma vəzifəsinə görə Paşinyana minnətdardır. Üstəlik, vəzifəsini də itirmək istəmir. Odur ki, qanunauyğun olaraq baş naziri müdafiə edir.

- Rusiyanın son qərarı necə olacaq?

- Əslində Rusiya da seçim qarşısındadır. Ya Ermənistanda öz adamlarına açıq deməlidir ki, cinayət, çevriliş edin, qan tökün, mən də sizin arxanızda duracağam. Dünya da diktatorları və qiyamçıları müdafiə etdiyim üçün üzümə tüpürəcək. Ya da deməlidir ki, siz artıq proseslərə qarışmayın, faktiki olaraq uduzmusunuz. Açığı, erməni xalqı göstərdi ki, “Qarabağ mafiyası"ndan doyub və onun arxasında durmaq istəmir.

Baxın, Ermənistanda media resursları və maliyyə məhz “Qarabağ klanı”nın əlindədir. Yəni hadisə göstərir ki, pulu, mediası, dəstəyi olan hakimiyyət kasıb xalqı saya salmayanda bu vəziyyətə düşür. Başqa sözlə, kasıb, yetim və kimsəsiz xalq özünə lider tapanda pulu və imkanları olan hakimiyyəti yola sala bilər. Məncə, bundan başqa hökumətlər də nəticə çıxarmalıdır.

- Nikol Paşinyan hakimiyyətdə qalacaqsa, bu halda qiyamçı generallarla bağlı hansı addımlar atmalı olacaq?

- Təbii ki, güllələməyəcək. Oturub işləyəcəklər. Səhvlərini də etiraf edəcəklər. Bəziləri işlərində qalacaq, bəziləri də çıxmalı olacaq. Əslində bundan sonra Paşinyana ordu deyil, ölkənin iqtisadiyyatı, xarici siyasət və bir də dövlət quruculuğunda məhkəmənin təmizlənməsi maraqlıdır. Əlbəttə, zamanı gələndə orduda da təmizləmə aparacaq. Hələlik müdafiə naziri onun adamıdır. Bu da ona kifayət edir.

- Bu prosesdə kilsə və erməni prezidenti kimin tərəfindədir?

- Zənnimcə, Armen Sarkisyan, II Qaregin, Köçəryan, Sərksiyan və hərbçilər də əslində erməni xalqının düşmənləri, onun evini yıxan şəxslərdir. Erməni xalqı bunlardan xilas olmaq istəyir. Bunların ətrafında olan bir ovuc vəzifə hərisi, xalqın bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq istəyən insanlar var və onlar xalq tərəfindən rədd edilir. Onlar istəyirlər ki, Ermənistanın millət və dövlət kimi inkişaf istiqaməti dəyişsin. Ziyanlı və zərərli xülyalarla yaşamaq artıq bəs edir. Əsatirlərlə nə qədər yaşamaq olar?

Hesab edirəm ki, prezident Armen Sarkisyan, elə II Qaregin də bu məsələdə “Qarabağ klanı” ilə birlikdə hərəkət edirlər.

- İndi Paşinyanın xarici siyasətdə vektoru və hədəfi nədən ibarətdir?

- Onun xarici siyasəti ondan ibarət olacaq ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırsın. David Şahnazaryan faciəvi xəbər kimi erməni cəmiyyətinə dedi ki, Paşinyan öhdəliklərə görə bəzi Azərbaycan kəndlərini qaytaracaq, demarkasiya prosesini aparacaq, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, Türkiyə ilə münasibətlər quracaq. Bütün bunları erməni xalqına faciəvi xəbər kimi versə də, əslində bu xalq üçün şad xəbərlərdir. Əgər Paşinyan bütün bunları edə bilsə və əminəm ki, bunlar onun planlarına daxildir, Ermənistan demokratik və dinc dövlətə çevrilir, müharibə təhlükəsi bitir. Eyni zamanda firavan yaşamaq, iş tapmaq və rifah halını yüksəltmək imkanları yaranır. Bunların hamısı Paşinyanın planlarına daxildir.

- Amma Paşinyan hakimiyyətdə qalmağı bacarsa belə, iki ildən sonra Ermənistanda parlament seçkiləri olmalıdır...

- Hakimiyyətdə qala bilsə, iki il zamanı var. Əgər dediklərimizi Paşinyan etməyə nail olsa, seçkilərdə qalib gələcək və yenidən baş nazir postunu əlində saxlayacaq.

- Erməni cəmiyyəti Paşinyanın bu panlarını qəbul etməyə nə dərəcədə hazırdır?

- Tədricən razılaşmalı, xam xəyallardan xilas olmalı, ziyanlı fikirlərdən uzaq durmağı bacarmalıdır. İndi erməni cəmiyyətində müxtəlif fikirlər var. Əvvəl yalnız Georgi Vanyan deyirdi ki, Azərbaycanla dostlaşmaq lazımdır. İndi xeyli sayda erməni var ki, cəsarətlənib və virtual aləmdə açıq deyirlər ki, Azərbaycanla, Türkiyə ilə dostlaşmalı, onların ərazi bütövlüyünü tanımalıyıq. Artıq ictimai fikirdə belə meyil var və bunu söyləyən insanların sayı getdikcə artır.

- Bu kontekstdə Azərbaycan nümayəndəsinin Xankəndində rus sülhməramlıların komandanı Rüstəm Muradov və Araik Arutyunyanla görüşməsi xəbəri "kəndirdəki düyünlərin" açılmağa başlaması kimi görünür...

- Əvvəla, bu müsbət haldır və onu göstərir ki, Azərbaycan tərəfi Qarabağın erməni əhalisini Azərbaycana reinteqrasiya etməyi düşünür. Yəni yavaş-yavaş elə şərait yaratsın ki, beş ildən sonra rus sülhməramlılarına ehtiyac qalmasın. Bir sözlə, erməni əhalisinin təhlükəsizliyini təmin etsin. Əgər ermənilərlə azərbaycanlılar barışsa, gediş-gəliş, iqtisadi və insani əlaqələr yaransa rus sülhməramlıları gedəcək. Azərbaycan da məhz bunu həyata keçirmək üçün heç kəsin tanımadığı Aşot və ya Mıkırtıcla danışmamalıdır. İndiyə qədər erməni icmasının qəbul edilməyən “dövlət başçısını” və indi də tanımadığımız bu şəxsi prosesə cəlb edir. Deyir ki, gəl əhali ilə işləyək, sən də erməni icmasını başa sal ki, daşı ətəklərindən töksün. Biz onlara ev, iş, təqaüd, təhlükəsizlik veririk. İş yerləri açarıq. Ola bilsin ki, ətraf rayonların bərpasında ermənilər də bənna, boyaçı kimi işləyə bilsinlər və s. Biz onları etnik əsasda qırmaq fikrində deyilik. Onlar 1988-ci ildən əvvəl də Azərbaycanda adam balası kimi yaşayırdılar, təhlükəsizlikləri də var idi. Bu vəziyyətin yaranmasında özləri günahkardır. Azərbaycan da onları bağışlayır. Daha doğrusu, sadə ermənlərin günahları yoxdur, liderlərin günahları var. Araik münaqişə başlayandan sonra yetişmiş adamdır, seçim ondan asılı olmayıb. O da şəraitin qurbanıdır. Azərbaycan məhz dövlətin məqsədlərini həyata keçirmək üçün müzakirələr aparıb. Onların da ağlı varsa düz yola gəlsinlər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz