Küçə inqilabı ilə hakimiyyətə yiyələnmiş Nikol Paşinyanın ölkədə demokratik hakimiyyət quracağı gözlənilirdi.
Amma gözləntilər doğrulmadı. Atdığı addımlar Paşinyan iqtidarının imicini yerlə bir etdi. Paşinyan hakimiyyətə gələn kimi ilk olaraq siyasi rəqiblərini sıradan çıxarmağa başladı. Serj Sarkisyan hakimiyyətində təmsil olunan, iri şirkət sahibləri və digər siyasi-iqtisadi oyunçular istintaqa cəlb olundu.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs olundu, Serj Sarkisyan özü və yaxın ətrafı haqqında istintaq prosesi başladıldı. Bununla da erməni cəmiyyəti Qarabağ klanı və Paşinyan hakimiyyətinin tərəfdarları olaraq iki hissəyə bölündü. Paşinyanın siyasi qarşıdurması nəticəsində qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan arasında münaqişə pik həddə çatdı.
Paşinyan siyasi təqiblərdən sonra mətbuatı hədəfə alıb. Belə ki, Ermənistanın müxalif TV5 telekanalının sahibi Armen Tavadyan 2 ay müddətinə həbs olunub. Bu barədə onun vəkili Ovanes Xudoyan açıqlama verib. Onun vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini əlavə ediblər. TV5 telekanalının sabiq prezident Robert Koçaryanla əlaqələri olduğu deyilir. Telekanal Nikol Paşinyan və partiyasına qarşı sərt tənqidləri ilə seçilir.
Maraqlıdır, Paşinyanın söz verdiyi demokratiya budurmu?
Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Paşinyan bu cür addımlarını demokratiyaya keçid kimi təqdim edib, cəmiyyətdə nüfuzunu artırmaq istəyir:
“Bu məsələyə birmənlı yanaşmaq doğru deyil. Çünki siyasi demokratiyanı bərqərar etmək üçün öncə cəmiyyətdə təmizlik aparılmalıdır. Ermənistan cəmiyyətində bir çox maliyyə qurumları, şirkətlər, əsasən, “Qarabağ klanı”nın üzvlərinə məxsusdur. “Qarabağ klanı” milyardlarla vəsaitə nəzarət imkanlarını saxlayır. Bu baxımdan Ermənistanda fəaliyyət göstərən media qurumlarının böyük əksəriyyəti məhz həmin klana bağlıdır. Digər tərəfdən Ermənistanın mediası üzərində Rusiyanın da çox böyük təsir imkanları var. Ona görə də düşünürəm ki, müəyyən mənada mühit təmizlənməsə, qeyri-bərabərlik aradan qaldırılmasa Ermənistanda demokratik bir media, rəqabətli iqtisadiyyat qurmaq mümkün olmayacaq. Bu gün istənilən şəxs öz hakimiyyətini, nüfuzunu cəmiyyətdə möhkəmləndirmək istəyirsə, mütləq mənada bu istiqamətdə işlər aparmalıdır. Erməni cəmiyyətində cinayətkar ünsürlər cəzalandırılmalıdır”.
Natiq Miri bildirib ki, Paşinyan özünə alternativ gördüyü bütün qüvvələri sıradan çıxarmağa çalışır:
“Təbii ki, bu məsələdə Paşinyan hökumətinin də müəyyən mənada maraqları var. Çünki bu sistem bütövlükdə Paşinyan iqtidarına alternativ olan sistemlərdir. Ona görə də tədricən bunların neytrallaşdırılması və aradan qaldırılması Paşinyan iqtidarında fəaliyyət imkanı verəcək. Yəni düşünürəm ki, əsas bu iki məsələ öndədir”.