Axtarış...

“Biz maraqlı olmalıyıq ki, Nikol Paşinyan hakimiyyətdə qalsın” - GƏLİŞMƏ

“Biz maraqlı olmalıyıq ki, Nikol Paşinyan hakimiyyətdə qalsın” - GƏLİŞMƏErmənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən yüzlərlə insanın iştirak etdiyi etiraz aksiyası davam edir. Aksiyada iştirak edən insanların fikrincə, Baş nazir öz qeyri-ciddi addımları ilə ölkənin nüfuzuna ciddi zərbə vurur.

Maraqlıdır, baş verən etiraz aksiyalarının sonu Baş nazir Nikol Paşinyanın istefası ilə nəticələnə bilərmi?

Mövzu ilə bağlı jurnalist-tədqiqatçı, ermənişünas alim Qafar Çaxmaqlı Modern.az-a danışıb. Onun sözlərinə görə, hakimiyyətin devrilməsi üçün aksiyalarda kifayət qədər insan iştirak etmir:

“Noyabrın 10-da Üçtərəfli razılaşma imzalanandan sonra Ermənistanda olan siyasi təşkilatların əksəriyyəti Nikol Paşinyanın istifasını tələb etdi. Amma, Nikol Paşinyanı devirmək üçün aksiyalarda kifayət qədər insan iştirak etmirdi. Bu zaman müddətində artıq Ermənistan siyasi elitası Nikol Paşinyanı həzm etmir və xalqın müəyyən narazılıqları ortaya çıxır. Hazırda Ermənistan həm iqtisadi, həm hərbi hissə baxımından çökmüş vəziyyətdədir.

Qeyd etmək lazımdır ki, Ermənistanda baş verən aksiyaların digər səbəbi də 44 günlük müharibədə əsir düşmüş erməni əsgərləri ilə bağlıdır. Düzdü, hamının-hamıya prinsipi ilə əsirlərin qaytarılması prosesi baş tutdu. Bu 10 noyabra qədər əsir düşmüş şəxslərə aid idi. Amma, razılaşmadan sonra terrorçuluqla məşğul olan şəxlər saxlanılaraq Azərbaycan qanunları əsasında cəzalandırılır. Etiraz aksiyasında erməni xalqı da, Paşinyanı həmin əsirləri geri qaytarmağı bacarmadığı səbəbi ilə günahlandırıb, onun istefasını tələb edirlər”.

Q.Çaxmaqlı bildirdi ki, Paşinyan yaxın günlərdə erkən seçkilərin vaxtını açıqlayacaq:

“Mən düşünürəm ki, etirazçılar hələ ki, istəklərinə nail olmayacaqlar. Çünki hələ də Baş naziri dəstəkləyən qüvvələr çoxluq təşkil edir. Nikol Paşinyan da hakimiyyətin təhvil verilməsi ilə bağlı danışarkən bildirir ki, bu erkən seçimlərlə baş tuta bilər və hakimiyyət də bu istiqamət üzrə irəliləyir. Amma, etiraz aksiyası keçirən qüvvələr Paşinyanın istefasından sonra seçkilərin keçirilməsini tələb edir. Hesab edirəm ki, yaxın günlərdə Paşinyan məcbur olub, erkən seçkilərin vaxtını açıqlayacaq”.

Tədqiqatçı qeyd etdi ki, hakimiyyətə yeni gələn şəxs imzalanan razılaşmadan imtina edə bilər:

“Ermənistanın qarışması bizim müharibədən sonra bölgədə aparacağımız siyasətə müəyyən mənada mənfi təsir edəcək. Biz maraqlı olmalıyıq ki, Nikol Paşinyan hakimiyyətdə qalsın. Çünki böyük sülh sazişi imzalamağımız üçün qanuni hakimiyyət lazımdır. Əgər Paşinyan devrilsə, yeni gələn hakimiyyət imzaladığımız razılaşmadan imtina edə bilər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz