Teleqraf.com-un suallarını Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablabdırıb.
Müsahibəni təqdim edirik:
- Tofiq bəy, iyunun 8-də Ermənistan Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Artak Davtyanı, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyanı və polis rəisi Arman Sarkisyanı vəzifədən uzaqlaşdırıb. Bu addımlar Ermənistanda daxili prosesin nəticəsi kimi ortaya çıxıb, yoxsa daha dərin səbəbləri var?
- Ermənistan daxilində ciddi siyasi proseslərin getdiyini müşahidə edirəm. Üstəlik, siyasi qüvvələr arasında rəqabət güclənir. Bu mübarizədə onların hamısına qələbə arzu edirəm.
- Əgər proses daxili vəziyyətlə əlaqədardırsa, bu, hansı ana qədər davam edəcək?
- Hələlik proses yaxşı gedir. Artıq böhranlı vəziyyəti ən böyük və strateji strukturlara şamil etmək mümkündür. Məncə, əgər bir gündə polis rəisi, Baş Qərargah rəisi və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri dəyişilirsə, biz böhranın səviyyəsinin hansı həddə olduğuna dair nəticə çıxara bilərik. Orada ciddi şəkildə qarşıdurma var və bu, özünü göstərir.
- Prosesin episentri əslində Azərbaycanın işğal edilən əraziləri və Xankəndidir. Sizcə, Xankəndində separatçıların saxta prezident seçkiləri bu qarşıdurmaya hansı formada təsir edir?
- Onu qeyd edək ki, söhbət regionlardan getmir. Ermənistanda siyasi qüvvələr arasında qarşıdurma təkcə Azərbaycanın işğal edilən ərazilərində deyil, digər regionlarda da özünü göstərir. Mən onun tərəfdarı deyiləm ki, bu proseslə əlaqəli olaraq separatçıların nəzarət etdiyi torpaqlarımızı Ermənistanın digər regionlarından fərqləndirək.
Biz başa düşürük ki, Paşinyan hakimiyyətə gəlib və İrəvanda möhkəmlənmək, öz nüfuzunu artırmağa çalışır. Amma bölgələrdə inersiya şəklində hiss edilir ki, keçmiş hakimiyyət komandasının mövqeləri güclü qalmaqda davam edir. Onlarla, yüzlərlə polis rəisləri, hərbçilər, məmurlar var ki, onlar yeni hakimiyyəti qəbul etməyiblər.
Bizim üçün əslində bu, müsbət haldır. Nəzərə alın ki, hakimiyyətin mərkəzi idarəetmə üslubunun qəbul olunmaması bizim üçün münasibdir. Mərkəzdənqaçmanın təsiri müdafiə məsələlərinə, siyasi, iqtisadi və sözsüz ki, diplomatiya sahələrinə öz təsirini göstərəcək. Deyərdim ki, artıq göstərir.
- Paşinyanın adıçəkilən şəxsləri bir günün içərisində işdən qovması təəccüblü deyilmi, axı bu vəzifə sahibləri yeni komandanın təmsilçiləri idi...
- Görünür ki, bu şəxslər Paşinyana sadiq adamlar olmayıb. Onların həm xaricdən idarə olunması, həm daxildə bəzi qüvvələrin təsiri altında qalması göstərir ki, bu şəxslər sözdə Paşinyanın kadrları olub. Amma onların özləri də başa düşür ki, Paşinyan zəifidr. Paşinyanın zəifliyinin əsas səbəbi onun tam olaraq Rusiyadan dəstək ala bilməməsi faktıdır. Orada insanlar, seçicilər Paşinyanı dəstəkləyirlər. Amma xarici qüvvələr və ilk növbədə Rusiya onu qəbul etmir. Bu da Rusiyanın Ermənistan siyasəti üçün ən böyük poblemdir. Yəni onların əlində elə bir siyasətçi yoxdur ki, həm Rusiyanı yaxın hesab etsin, həm də insanlar arasında nüfuza sahib olsun. Odur ki, bu problem var və böhran daha da dərinləşəcək.
Ermənistanın stabil qalmasının, işğalçı siyasəti həyata keçirilməsinin ən böyük potensialı Rusiyadır. Açıq deyək ki, indi Ermənistanda Rusiya siyasətinin problemi ortaya çıxıb. Əlbəttə, Rusiyadakı ermənipərəst dairələr, ilk növbədə də Lavrov və digərləri çalışırlar ki, böhranlı vəziyyəti aradan qaldırsınlar. Amma onlar da anlayırlar ki Paşinyan Rusiyanın adamı deyil.
- Bəs kimin adamıdır?
- Açıq danışsaq qəbul etməliyik ki, Paşinyanın populyarlığı ilk növbədə xalq arasındadır. Paşinyan elə mövqe və açıqlamlarla çıxış edir ki, bu, xalqın xoşuna gəlir. Sözsüz ki, Dağlıq Qarabağla bağlı onun mövqeyində yenilik görmək çətindir. Amma digər məsələlərdə qərbyönümlü bəyanatlara görə, erməni xalqının özü də anlayır ki, böhran içində olan Rusiya Ermənistana dayaq ola bilməz. Paşinyanın qərbyönümlü siyasəti əslində təkcə Paşinyanın seçimi deyil, eyni zamanda ermənilər gələcəyin modeli kimi Rusiyanı yox, Qərbi görür.
Demək istəyirəm ki, bu məsələnin kökündə ciddi siyasi proseslər dayanır. Paşinyanın adddımlarına “Paşinyan Qərbi sevir və ona görə belə addımlar atır” formasında yanaşmaq sadəlövhlük olardı. Qərbyönümlü siyasəti erməni xalqı və seçiciləri seçib. Lavrov və Rusiyadakı digər ermənipərəst dairələr bunu nə qədər gizlətmək istəsələr də, rus siyasi dairələri reallığı bizdən də yaxşı başa düşürlər.
Baxın, əvvəllər Ermənistanı az qala ermənilərdən çox sevən Zatulin, Kazimirov və digərləri Ermənistana gələndə onları qəbul edən olmur. Lazerev Klubunun iclaslarına baxın. Ermənistan rəhbərliyindən bu iclaslara heç kim gəlməyib. Sanki Paşinyanın rəhbəri olduğu Ermənistanda bu cür tədbir olmayıb. Bununla onlar göstərmək istədilər ki, sən ermənilərin dostu olsan da, ilk növbədə Rusiya siyasətini həyata keçirirsən. Bir sözlə, böhranlı proseslər çoxdur.
Azərbaycanda isə bəzən deyirlər ki, vaxtdır, gəlin, vuraq, dağıdaq və torpaqlarımızı qaytaraq. Ancaq Ermənistanda böhranlı proseslərin daha çox dərinləşməsi bizim itkilərimizin sayını azalda bilər. Unutmamalıyıq ki, torpaqlarımızın işğalı Azərbaycanda müşahidə olunan siyasi böhran dövründə baş verib. Mən demək istəmirəm ki, gəlin, gözləyək. Bu suala cavab vermək əslində çətindir. “Bu gün lazımdır, dünən başlamalı idik, yoxsa sabah müharibə etməliyik” məsələsi ətrafında diskusiya aparmaq olar. Amma biz görürük ki, günü-gündən Ermənistanda siyasi böhran dərinləşir. Bir təhlükə də var.
Biz müharibəni başlasaq, ermənilər öz aralarında problemləri bir kənara qoyaraq dərhal xarici düşmən qarşısında birləşə bilərlər. Bəlkə də imkan yaradırıq ki, onlar daxildə daha çox qarşıdurmaya getsinlər və bir-birilə real savaşa çıxsınlar. Bu da bir strategiyadır və hesab edirəm ki, bunun üçün əsaslar da var.
- Paşinyan hakimiyyətə gələndə hamı deyirdi ki, bu şəxs Ermənistanın xarici siyasət vektorunu dəyişəcək, sürətlə Qərbə yaxınlaşacaq, Rusiyadan asılılığı maksimum azaldacaq. Amma iki ildən çoxdur ki, Ermənistanda yeni komanda hakimiyyətdədir və deyilənlər baş vermir. Sizcə, Paşinyanın anti-Rusiya revanşı nə zaman başlayacaq?
- Ermənistanda Paşinyana müxalif olanlar əslində Rusiyaya bağlı qüvvələrdir. Paşinyanın taktikası və strategiyası nədən ibarətdir? Özünə qarşı müxalifətdə duran qüvvələrin nüfuzlu üzvlərini bir-bir tənqid etməklə elə vəziyyətə gətirmək istəyir ki, bu şəxslər Rusiyanın adını Ermənistanda çəkə bilməsinlər. Paşinyanın siyasəti bundan ibarətdir.
Tutaq ki, Köçəryanla, Sərkisyanla mübarizə aparır. Bu şəxslərin arxasında sözsüz ki, Rusiya durur. İndi daha çox çalışılır ki, Rusiyanı Ermənistan ictimai rəyində düşmən etməyə nail olunsun. Fikrimcə, bu istiqamətdə həm Paşinyan, həm də Qərb dairələri müəyyən işlər aparır. Biz də görürük ki, Rusiyaya qarşı hansı fikirlər səsləndirilir.
Bəlkə də, Paşinyanın Qarabağla bağlı təhrikedici bəzi bəyanatları verməkdə məqsədi Azərbaycanı hərbi əməliyyatların bərpasına vadar etmək və daha sonra Rusiyanı düşmən elan etməkdir. Bu, Paşinyanın strategiyasına tam uyğundur. Belə ssenari olsa İrəvan bütün günahı Rusiyanın boynuna qoyacaq. Bununla da Qərbə doğru siyasi dönüşü təmin edə bilər.
Odur ki, müharibə qaçılmazdır. Diqqət edirsinizsə, regionda olan siyasi qüvvələrdə sanki müharibədən başqa ssenarilər haqqında danışmırlar. Bəlkə də vaxt və an məsələsi var. Mümkündür ki, Azərbaycan da ona sərf edən məqamın yaranmasını gözləyir. Yaxud ermənilər müharibənin tez başlamasını istəyə bilər. Nə qədər ki onlar daxili mübarizə nəticəsində çox zəifləməyiblər, Rusiyanı düşmən elan edərək Qərbə doğru sürət götürsünlər. Hər halda mən hesab edirəm ki, regionda baş verən prosesləri ciddi şəkildə analiz etməliyik.