Axtarış...

“Gilan Seramic” MMC övladı xəstə olduğu üçün işə gəlməyən Şirvan sakinini işdən kənarlaşdırıb - GİLEY

“Gilan Seramic” MMC övladı xəstə olduğu üçün işə gəlməyən Şirvan sakinini işdən kənarlaşdırıb - GİLEY


Şirvan şəhər sakini Adəm Həsənov Hurriyyet.org-a müraciət edərək səbəbsiz yerə işdən çıxarıldığını bildirib. Belə ki, o 2013-cü ildən Hacıqabulda yerləşən “Gilan Seramic” MMC-də çalışıb. Lakin, 2017-ci ilin avqustun 18-də oğlu bərk xəstələndiyi üçün uşağı Bakıya xəstəxanaya aparmaq məcburiyyətində qalır. Növbəti gün övladının xəstəlik kağızıyla işə gəldiyi zaman mühafizəçilər onu içəri buraxmayıb. Hazırda heç yerdə işləmədiyini deyən Şirvan sakini yenidən işə qəbul olunmağını istəyir:

“2013-cü ildə Hacıqabulda yerləşən “Gilan Seramic” MMC-də çalışmışam. Ailəliyəm, üç övladım var. İki qızım və bir oğlum var. Oğlum xəstədir. Yoldaşım özü aparır məktəbə, sonra da gətirir. Mən “Gilan Seramic” MMC-də işləyərək ailəmi saxlayırdım. Fəhlə işləyib ailəmə baxmışam. Oranın rəhbəri Anar Qəniyev də oğlumun xəstə olduğunu bilir. Kadrlar Şöbəsinin rəisi Azər Ağazadədir. 370 azn aylıq məvacib alırdım. 2017-ci ilin avqustun 18-də uşağım bərk xəstələndi. Vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanaya gətirdik. Çünki, onun həkimi Bakıdakı xəstəxada idi. İşə gəlməmiyimlə bağlı iş yoldaşlarımı məlumatlandırmışdım. Növbəti gün uşağımın xəstəliyiylə bağlı kağızı götürüb iş yerimə yollandım. İş yerim yaxınlaşdığım da mühafizəçilər içəri daxil olmağıma icazə vermədi. Bildirdilər ki, Kadrlar Şöbəsinin rəisi Azər Ağazadə mənim içərimi buraxılmamağımla bağlı göstəriş verib. Halbuki, gəlməməyimlə bağlı iş yoldaşlarımı məlumatlandırmışdım. Lakin, onlar üzrlü səbəbdən işə gəlməməyimlə bağlı rəhbərliyə bildirməyib. Sexin rəisi də gəlməməyimlə bağlı kadrların rəisini məlumatlandırıb. O da mənim işdən kənarlaşdırılmağımla bağlı göstəriş verib. Dəfələrlə oranın rəhbəri Anar Qəniyev və Azər Ağazadəyə müraciət etsəm də, müraciətimə baxılmır. Bildirdim ki, bir gündən ötrü insanı işdən kənarlaşdırmazlar. Maaşımdan kəsə bilərlər, amma belə etmələri düzgün deyil. Çünki, xəstə uşağım var. Ailəmi orda işlədiyimə görə saxlaya bilirdim. Dəfələrlə özüm və valideynlərim müraciətə getsə də bizi qəbul etmədilər. Yenidən işə götürülməyimi xahiş edirəm”.

Mövzuyla bağlı Hacıqabulda yerləşən “Gilan Seramic” MMC-nin rəhbəri Anar Qəniyevlə əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verilmədi.

Daha sonra, “Gilan Seramic” MMC-nin Bakı ofisiylə əlaqə saxladıq. Bakı ofisindən Hurriyet.org-a bildirilib ki, məsələylə bağlı rəhbərliyə məlumat verilib, redaksiyayla əlaqə saxlanılacaq.

Qeyd: Mövzunu davam etdirəcəyik və qarşı tərəfin fikirlərini yayımlamağa hazırıq. //hurriyet.org//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz