“9 aydır işləyirəm, amma əmək haqqımı ala bilmirəm. Nə işdən çıxarırlar, nə də ödənişlə bağlı bir söz deyirlər. İşi yarımçıq qoyacaq ürək də yoxdur məndə. Sahədir, pis günə qalacaq. 13 ildir gözüm kimi baxıram. Hər şeyi pula görə atıb getmək də olmur”. DİA.AZ bildirir ki, Göyçayın Qarabağlar kəndinin sakini Ərəstun Kərimov belə deyir. O, 2007-ci ildən “Gilan Holding”in Göyçaydakı “Gilan Orchard” şirkətində çalışır.
“Yəni təməli qoyulandan burdayam. Üstəlik, fevrala qədər şikayətim də olmayıb. İşimi görür, maaşımı vaxtlı-vaxtında alırdım. Amma fevraldan sonra əmək haqqım köçməməyə başladı. Bir neçə ay heç nə demədim. Sonra zəng etdim, maraqlandım. Köçəcək deyib, bu vaxta kimi ləngidiblər”, - şikayətçi bildirir.
Ərəstun Kərimov deyir ki, başqa yerdən gəliri olsa, heç adını da tutmaz. Amma məcburdur, çünki həyatını bu işə bağlayıb. İki övladı var, hər ikisi ondan uzaqdadır. Həyat yoldaşı ilə özünü dolandırmaq üçün işləyir. Əmək haqqı ala bilməməsi işlərini çətinləşdirir: “Ailəmizin vəziyyəti günü-gündən pisləşir. Nə bir normal təsərrüfatımız, nə də başqa işimiz var. Bircə inəyimiz var, o da özümüzü güclə görür. İndiyə qədər işlədiyimə görə, əlavə təsərrüfatla da məşğul olmamışam. Elə bütün ümidimizi işə bağlamışdıq. O da belə”.
Ərəstun Kərimov “Gilan Orchard” şirkətinin bitkiçilik sahəsində rəis işləyir. Deyir, müddətsiz müqaviləsi də var. Yəni vaxtının bitməsi söhbəti də ola bilməz: “Vəzifəli şəxsəm guya. Kənd təsərrüfatı ilə bağlı torpağa nəzarət edirəm. O torpağı vaxtında suvarır, alağını təmizlədirəm. Hətta torpağın mühafizəsini də mən həyata keçirirəm. Açığı işimi sevirəm də. Təəssüf ki, sevdiyim işlə məşğul olsam da, qarşılığında dolana bilmək üçün heç bir şey almıram. Bu da mənim yaşımda olan adam üçün çox çətindir”.
Ərəstun Kərimov deyir ki, o qədər yüksək maaş almır: “Dəfələrlə şirkət rəhbərliyi ilə telefon danışığımız olub. Hər dəfə də deyiblər ki, narahat olma, pulun veriləcək. Amma gözləməkdən gözümün kökü saralıb. Necə narahat olmayım ki? Ailəmi dolandıra bilmirəm, maaş almamaq mənə çox çətin başa gəlir”.
Ərəstun Kərimov deyir ki, Göyçayda “Gilan Holding”in çeşidli bağları var. Meyvəçilik, taxılçılıq və s. kimi. Onun nəzarət etdiyi sahədə də dənli bitkilər yetişdirilir: “13 ildir həmin 148 hektarlıq əraziyə göz bəbəyim kimi baxmışam. Mövsümdə işçilər götürürük. Onların belə hamısı ilə şəxsən görüşürəm. Həmişə işimə məsuliyyətli yanaşmışam. İndinin özündə belə maaş almasam da hər səhər 7-də sahəyə gedirəm, nəzarət edirəm. O bağın nə günahı var? Baxmasam, pis günə qalar deyə, düşünürəm. Getməsəm, məhsul yanar, heyvan girər, yeyər və s. Hazırda da torpaqlarda əkinə hazırlıq işləri gedir. Deməyim odur ki, o torpaqlar şirkətə gəlir gətirir. Amma mənim maaşım verilmir”.
Ərəstun Kərimov arada düşünür ki, bəlkə də şirkət rəhbərliyinin onun əmək haqqı almamasından xəbəri yoxdur. Bəlkə ortadakı insanlar bu cür hərəkət edir: “Məni işdən çıxarmayıblar, çıxarsalar, deyərəm ki, çıxarıblar, müqaviləm bitib və s. İşlədə-işlədə əmək haqqı verməmək nə deməkdir? Başa düşə bilmirəm. Hər gün səhər saat 7-də işə gedirəm, axşam 6-da gəlirəm. Bu dəqiqə əkinə hazırlıq işləri yeni bitib. Bəzi günlər lap saat 6-dan gedirdim sahəyə”.
Ərəstun Kərimov deyir ki, əmək haqqı ala bilməmək dolanışıqlarını lap aşağı salıb. Müalicələrini də vaxtlı-vaxtında ala bilmirlər: “Yaşlı adamlarıq, başqa gəlirimiz də yoxdur. Ömrümüzü bağlamışıq dövlətə, işə. Başqa yerdən bir qəpik gəlirimiz də yoxdur. Şəxsi təsərrüfatımız da yoxdur. Dolanmaq çətindir”.