"Bizim Market" mağazalar şəbəkəsində işçilərin kütləvi şəkildə işdən çıxarılması ciddi narazılığa səbəb olub.
Qanunsuz olaraq işdən çıxarılan həmin işçilər Demokrat.az vasitəsilə ölkə başçısına və müvafiq dövlət qurumlarına müraciət ediblər.
Müraciətdə qeyd olunur:
"Bizim Market" MMC-nin rəhbəri, Babək prospektində yerləşən "köhnə maşın bazarı" və "Bakı" restoranının sahibi, tanınmış iş adamı Rasim Salmanov bu il iyunun 26-da xarici ölkədən Bakıya qayıdan zaman qəbul edilmiş qaydaları kobud şəkildə pozaraq karantin altına alınmayıb. Rasim Salmanov xarici ölkədən Bakıya qayıdandan bir gün sonra - iyunun 27-də isə işə çıxıb və hazırda da karantində deyil.
Rasim Salmanov Bakıya qayıdandan bir gün sonra "Bizim Market" MMC-nin işçilərinə kütləvi şəkildə istefa ərizəsi yazmağı və səbəbsiz yerə işdən çıxmağı tələb edib. İşçilərdən bir neçəsi bu qərardan narazılıq edərək, işdən çıxmaqla bağlı ərizə yazmaqdan imtina ediblər.
İşçilər iş adamına gün ərzində 16 saata yaxın qanunsuz işlədildiklərini bildirərək, buna görə kompensasiya tələb ediblər. Həmin işçilər kompensasiya ödənilmədiyi təqdirdə müvafiq dövlət qurumlarına şikayət edəcəklərini bildiriblər.
Bu zaman Rasim Salmanov haqqını tələb edən işçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 60 min manat pul köçürdüyünü xatırladıb.
Daha sonra iş adamı işçilərə "gedin hara istəyirsinizsə şikayət edin, mənə heç kəs heçnə edə bilməz" deyə cavab verib.
Cənab Prezident!
Rəhbər orqanlara tapşırıq və göstəriş vermisiniz ki, pandemiya dövründə heç bir işçini işdən azad etmək olmaz. Ancaq çox təəssüf ki, ölkəmizin koronavirusla mübarizə apardığı dövrdə "Bizim Market" MMC-nin rəhbəri Rasim Salmanov tərəfindən bizə qarşı böyük haqsızlıq olub, qanunsuz və səbəbsiz yerə işdən azad edilmişik.
Möhtərəm Prezident!
Sizdən xahişimiz odur ki, bizim qanunsuz olaraq işdən çıxarılmağımıza görə kompensasiya ödənilməsi üçün müvafiq qurumların rəhbərlərinə tapşırıq verəsiniz. Prezidentimiz olaraq tək ümid yerimiz Sizsiniz. Hər zaman Sizi dəstəkləyəcəyik!
Rasim Salmanov
Məsələ ilə bağlı iş adamı Rasim Salmanovla dəfələrlə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verməyib.