"Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi "Göknur Bakı LTD" MMC Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun oğlu Elvin İsmayılovun rəhbərlik etdiyi “Gilan İnşaat” MMC-ni məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, "Göknur Bakı LTD" MMC iddia ərizəsində “Gilan İnşaat” MMC-nin alqı-satqı müqaviləsindəki öhdəliklərə əməl etmədiyini iddia edib. Hakim Aytən Əliyevanın icraatında olan işə Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Məlumat üçün bildirək ki, "Göknur Bakı LTD" MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur. Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edir. Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhimdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də "Göknur Bakı LTD" MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb.
“Gilan İnşaat” MMC isə 01.09.2006-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu Zərifə Əliyeva, ev 38, m. 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Elvin İsmayıl oğludur.
Qeyd edək ki, Elvin İsmayılov 19 sentyabr 1987-ci ildə Naxçıvanda anadan olub. Orta təhsilini Bakı Kompyuter Kollecində alıb. Ali təhsilini (bakalavr) Azərbaycan Milli Aviasiya Akademiyasında aldıqdan sonra 2008-2009-cu illərdə Washington DC. ştatında Strayer Universitetində MBA International Law, 2011-2012-ci illərdə Milan şəhərinin Istituto Marangoni Design School-da Interior Design, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nı fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2019-cu illərdə George Washington University, Project Management (Master Degree), 2017-ci ildən Kiev Dövlət Tikinti və Arxitektura universitetinin Şəhərsalma və Planlaşdırma fakultəsində təhsilini davam etdirib.
2015, 2017 və 2018-ci illərdə stend atıcılığı üzrə Azərbaycan çempionu olub. Beynəlxalq Qran Prizi qalibi və Şərəf Diplomları sahibidir. Beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikası Əməkdar Məşqçisi, Azərbaycan Respublikası Əməkdar İdman İşçisidir.
2009-2011 Atıcılıq Məktəbinin direktor müavini, 2011-2012 (24 yaşında) Bakı Şəhər Vergilər Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, 2012-ci il (25 yaşında) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin idman məsələləri üzrə köməkçisi, 2014-cü ildə (27 yaşında) Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş idarəsinin rəis müavini olmuşdur. 2012-ci ildən bu günə qədər “Qəbələ” İdman Klubunda atıcılıq növləri üzrə vitse-prezidentdir. 2016-cı ildən “Gilan İnşaat” MMC-nin Baş direktorudur.
Onu da bildirək ki, “Gilan İnşaat” MMC rəhbərliyində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovların da yer aldığı “Gilan Holdinq” MMC -yə bağlıdır. “Gilan İnşaat” MMC-nin Baş direktoru Elvin İsmayılov Tale Heydərovun prezidenti olduğu (hazırda deyil) “Qəbələ” İdman Klubunda da vitse-prezident olub.