Şirvan şəhər sakini Adəm Həsənov haqsızlıqla üzləşdiyini deyir. DİA.AZ-ın məlumatına görə, şikayətçi bildirib ki, 2017-ci ildə çilingər kimi çalışdığı “Gilan Seramik” zavodundan işdən qovulub. Buna səbəb isə uşaq serebral iflic xəstəliyindən əziyyət çəkən qızını həkimə aparmasına görə bir gün işə getməməsi olub:
“2017-ci il avqustun 18-də uşağımın vəziyyəti ağırlaşdı, təcili Bakıya apardım. Qızım 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirildi. Xəstəxanadan çıxanda kağız aldım ki, iş yerimdə təqdim edim. Çünki uşağı həkimə aparanda işdən icazə almaq imkanım olmamışdı. Lakin işdə təhlükəsizlik xidmətinin əməkdaşı məni içəri buraxmadı. Dedi ki, kadrlar şöbəsindən Azər Ağazadə göstəriş verib, səni işdən çıxarıblar. Orada xeyli gözlədim, daha sonra Azər Ağazadəyə zəng etdim. Dedim ki, məni içəri buraxmırlar. Cavabında bildirdi ki, orada gözlə, gəlirəm. Bir sahat gözləyəndən sonra gəldi, məni qəbuluna çağırdı. Ona vəziyyəti izah etdim, xəstə uşağımın kağızını göstərdim, heç baxmadı. Çox xahiş etdim, yalvarıb-yaxardım, dedi ki, mümkün deyil, səni işdən çıxarırıq. Mən ona etiraz etdim ki, bir günə görə adamı işdən çıxarmazlar, qanunda belə şey yoxdur. Dedim, maaşımdan kəs, razılaşmadı. Daha sonra mənə təzyiq göstərərək, ərizə yazıb, işdən çıxardılar. Dedilər ki, ərizə yazmasan, sənin əmək kitabçanı ləkələyəcəyik. Heç nəyin üstündə, bir gündən ötrü işdən çıxardılar”.
Adəm HəsənovŞikayətçinin sözlərinə görə, işlədiyi müddət ərzində rəhbərliklə arasında problem olmayıb: “Mən zavodun fəaliyyətə başladığı ilk günlərdən orada işləmişəm. 2013-cü ildə Prezident İlham Əliyev zavodun açılışına gələndə orada olmuşam. İşlədiyim müddətdə heç bir nöqsanım olmayıb. İşə götürülən zaman müqavilə də bağlamışdım, işdən çıxaranda, hətta ona da baxmadılar. Əməkhaqqım 370 manat idi, bu pulla birtəhər dolanırdıq”.
Hazırda Həsənovlar ailəsində heç kim işləmir. Ailəni sağlamlıq imkanları məhdud uşaqlarına görə verilən aylıq 200 manat müavinətlə saxlayırlar. Şikayətçinin həyat yoldaşı Ruhəngiz Həsənova deyir ki, xəstə uşaqlarının müalicəsi və ailəni dolandırmaq üçün ayda 200 manat bəs etmir:
5 saylı şəhər klinik xəstəxanasından arayış
“Uşağa verilən 200 manat pensiya ilə də ailəni dolandırmaq olmur. Hazırda yoldaşım işsizdir. Mən də uşaq xəstə olduğu üçün heç bir yerdə işləmirəm. Bu dəqiqə vəziyyətimiz çox gərgindir. Uşağın hər gün ağrıları tutur. İynə-dərmanını çatdırmaq olmur. Karantinə görə icazə də yoxdur ki, Bakıya həkimə aparaq. Buradakı xəstəxanaya aparıram. Yoldaşımı işdən çıxardılar. Mən bir həftə gözümün yaşını tokdüm. Validiynlərim Ağsu rayonunda yaşayır. Zəng etdim, gəldilər. Birgə Azər müəllimin qəbuluna getdik. Ağladım, dedim, xəstə uşağım var, yoldaşımı niyə işdən çıxarmısan? Dedi ki, işə gəlmədiyi üçün çıxarmışam: “Gedin, hara istəyirsiz, şikayət edin. Mənim üstümə gəlib ağlama. Sənin uşağını mən xəstə etməmişəm. Mənim də uşağım xəstədir, nə olsun:” Cavabında ona dedim ki, mən ağlamıram ki, sən mənə pul verəsən, çörək verəsən. Yoldaşım, ağır işdə işləyir ki, xəstə uşağını iynə-dərmanını ala bilək. Lakin yalvarmağıma, göz yaşıma əhəmiyyət verən olmadı. Bundan sonra bir il atamın təqaüd kartı məndə qaldı, ailəni dolandırdıq. Hazırda ərzağa və iynə-dərmana ehtiyacımız var. Həkimə getmək lazımdır, çatdıra bilmirik”.
Adəm Həsənov deyir ki, dəfələrlə aidiyyətli qurumlara məktub yazıb, lakin nəticəsiz qalıb. Ailə başçısının yeganə istəyi təkrar işinə bərpa olunmaqdır.
Əmək Müfəttişliyinin cavab məktubuƏmək müqaviləsi