Ölkədə koronavirus pandemiyası bütün kəskinliyi ilə davam edir. Hər gün onlarla adam bu virusdan ölür.
Hər gün mediada, sosial şəbəkələrdə virusa yoluxan insanların saysız-hesabsız şikayətləri ilə tanış oluruq: xəstəxanalarda yer yoxdur, təcili yardımlar ya zənglərə cavab vermir, ya da çağırışlara çox gec reaksiya verirlər, testlərin qiyməti çox bahadır, apteklərdə dərmanlar tapılmır, saxta dərmanlar isə od qiymətinə satılır, sadə və aztəminatlı vətəndaşlar virusla mübarizədə taleyin ümidinə buraxılıb.
Yumşaq desək, Azərbaycan səhiyyəsi koronavirus qarşısında aciz qalıb.
Səhiyyə nazirinin üzünü bir ilə yaxındır ki, görən yoxdur. Nazirliyin başı həmişəki işlərə qarışıb- tender oyunları, dərman maxinasiyaları, biznes maraqları...
TƏBİB isə ... ümidləri doğrultmadı, nə işlə məşğul olduğu bilinmir, hətta çox zaman özünü "ərgən cocuqlar" kimi aparır.
Məsələn, ötən həftəsonu ARB telekanalının efirində qurumun ünvanına səslənən yüngül və haqlı iradlara TƏBİB-in "saçyoldu" janrında reaksiyasını oxuyanda adam heyrətlənir.
Kanalda səslənən tənqidlər uzun müddətdir ki, ictimai rəydə dolaşan haqlı suallardan cəmi bir neçəsi idi:
- Niyə hansı xəstəxanada nə qədər boş yerin olması barədə məlumatlar gündəlik açıqlanmır?
- Niyə insanların ev şəraitində hansı dərmanlarla müalicə oluna biləcəyi söylənilmir?
- Hanı pulsuz testlər? və s.
Bəs bu sadə, ütülü, yumşaq suallara TƏBİB-in cavabı necə oldu?
Qurum ARB kanalını şantaj etdi! Bəli, düz oxudunuz, məhz şantaj! TƏBİB telekanalı "şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaqda" ittiham etdi! Absurd!
Telekanal vətəndaşları narahat edən, düşündürən çoxsaylı haqlı suallardan cəmi bir neçəsini yumşaq şəkildə səsləndirməklə şəxsi maraqlarınımı güddü? Burada dövlət maraqları ilə ziddiyət təşkil edən nədir?
Bəs, ümumiyyətlə, TƏBİB dövlət maraqları dedikdə nəyi nəzərdə tutur? Bəlkə
- xəstəxanalarda boş yerlərin hərraca çıxarılması,
- bazarda saxta dərmanların od qiymətinə satılması,
- koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə məhz TƏBİB-in logosu altnda satılması... dövlət maraqlarına xidmət edir?
Bəlkə TƏBİB ilə Səhiyyə Nazirliyi arasında baş verən və davam edən kəskin maraqlar müharibəsi dövlət maraqlarıdır?
Bəllidir ki, Azərbaycan səhiyyəsinin bir nömrəli yarası, xəstəliyi elə bu Nazirliyin özüdür! Bu yaranı-düyünü kəsmədən, bütün Nazirliyi buraxıb tam yeni bir struktur və idarəetmə forması yaratmadan səhiyyəmiz sağalmayacaq!
Bəs yeni yaranan TƏBİB?
Qurumun qeyd etdiyimiz açıqlamasından sitatlara baxaq:
"Sahə üzrə poliklinikalarda və təcili tibbi yardım vasitəsilə testlərin götürülməsi müvafiq olaraq Səhiyyə Nazirliyinin səlahiyyətindədir."
"Bakı şəhəri üzrə 103 - təcili tibbi yardım xidməti və ambulator yardım xidməti müvvəqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin nəzarətindədir".
"Brifinqləri TƏBİB yox, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil edir"...
... Diqqət etdinizmi? Səslənən tənqidləri cavablandırmaq əvəzinə, məsuliyyəti digər dövlət strukturlarının üstünə yönəldən telekanal deyil, TƏBİB özüdür! Budurmu dövlət maraqları?
Elə isə həmin açıqlamanın sonundakı "gəlin "Biz Birlikdə Güclüyük" devizinə sadiq qalaraq həmrəy olaq!" çağırışını necə səmimi qəbul edək?
TƏBİB və Səhiyyə Nazirliyi savaş aparsın, arada sadə vətəndaçlar ölsün, günahkar da media olsun?
Lap elə günahkar Səhiyyə Nazirliyidir! Bunun üçün TƏBİB bizə- sadə vətəndaşlara niyə şikayətlənir? Niyə ölkə rəhbərliyi qarşısında məsələ qaldırmır, hesabat vermir?
Məsələn elə bu sualları cavablandırmaqla başlaya bilər:
- Modul tipli xəstəxanaları oksigen balonları ilə təmin edən firma kimindir?
- Bəs onları gündəlik qidalarla təmin edən şirkət?
- Bəs saxta dərmanlara satışına lisenziya verənlər? və s...
... Ya da yox, Səhiyyə Nazirliyi kimi, elə TƏBİB də başdan-ayağa yenidən qurulmalıdır!
Görünür heç öz rəsmi saytını düz-əməlli işlədə bilməyən bu qurumdan çox şey gözləməkdə biz də çox ümidlənmişik!
Bu yerdə TƏBİB doğrudan da haqlıdır: ümid etmək dövlət maraqlarına ziddir!
P.S: Bu gün TƏBİB koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə onun logosu altnda satılması ilə bağlı bir açıqlama verib. Daha doğrusu, 1 saat aralıqla iki açıqlama. Birinci açıqlamada yer alan "... ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir" cümləsi ikinci açıqlamadan çıxarılıb! Yəqin bu da dövlət maraqlarına zidd imiş!
Zahir R. //hit.az//