Axtarış...

“Xəstəxanaya düşdünsə, öldürəcəklər” qorxusu və çarəsizlik... - GƏLİŞMƏ

Zənglərə cavab verməyən, cavab verəndə də etinasız münasibət göstərən, COVID-19 xəstələrinə “evdən çıxmayın ha!” deməklə öhdəliyini yerinə yetirmiş sayan Səhiyyə Nazirliyi və TƏBİB-ə əli çatmayan, yaxınlarını, sevdiklərini itirən, öz həyatları ilə vidalaşan insanların sayı günü-gündən artır. İnsanlar çarəsizlik içindədir, bir-birinə “ehtiyatlı ol, özünü qorumağa çalış” deməkdən başqa əllərindən heç nə gəlmir. Xəstəxanalarda yer yoxdur, evdə müalicə olunanlar da həkim tapmır, həkim tapanda da apteklərdən dərman.

Bir sözlə, cəmiyyətimizdə virusla bağlı xaos yaşanır. İnsanlarda virusun orqanizmə real təhlükəsindən çox, səhiyyə sisteminə güvənsizlik xof, qorxu yaşatmaqdadır. Çünki artıq hər kəs virusa yoluxma ehtimalının yüksək olduğunu dərk edir, qəbullanır, amma bununla mübarizədə ona yardım edəcək səhiyyənin olmaması, çarəsizlik içində ölümlə barışma ehtimalının hər an özünü və ya sevdiklərini yaxalayacağını düşünməsi beyinləri dumanlandırmaqdadır.

Real mənzərə ətrafında AYNA-nın suallarını həkim Aytən İsmayılzadə cavablandırıb.

- Aytən xanım, son günlərdə gənc, fiziki baxımdan sağlam, elə də ciddi başqa bir xəstəliyi olmayan həmvətənlərimizin COVID-19-dan ölüm xəbərlərini daha çox eşidirik. Lakin əvvəllər də gənclərin COVID-19-dan vəfat etdiyi faktlarının olduğu deyilirdi. Siz necə müşahidə etmisiniz, bu, artan statistikanın fonunda diqqətimizi çox çəkir, yoxsa burada başqa səbəblər var?

- Bəli, elədir, son günlərdə gənc və fiziki baxımdan sağlam insanların COVID-19-dan ölüm xəbərlərini çox eşidirik. Bu, çox təəssüfləndirici məqamdır. Adətən həmin şəxslər özlərinə qarşı bir qədər etinasız yanaşırlar, adi soyuqdəymə olduğunu, keçib gedəcəyini düşünür, özlərini xəstə hesab eləmirlər. Lakin həmin şəxs mütamadi yoxlanışdan keçərsə, bu hal baş verməz. Bu yoxlanışı da hər kəsə şamil edə bilməyəcəyik. Risk qrupları arasında KİV nümayəndələri də var. Mən hesab edirəm, onlar da dövlət tərəfindən qorunmalıdır. Bu müharibə şəraitində və doğru xəbərlərə ehtiyacımız olduğu vaxtlarda onlar bizim yanımızda olublar. Necə ki, bir sıra dövlət müəssisələrində, nazirliklərdə əməkdaşlar mütəmadi olaraq hər həftə yoxlamadan keçir, virus aşkarlandıqda xəstəxanaya yerləşdirilir, müalicə olunurlar, eləcə də KİV nümayəndələrinə, həkimlərə də bu, tətbiq edilməlidir.

- Bildiyimiz kimi, evdə müalicə alıb sağalanlar da var, lakin ağırlaşan, dünyasını dəyişənlər də olur. Bu, daha çox nə ilə əlaqədardır, düzgün müalicə, yoxsa immunitet?

- Bəli, evdə müalicə alıb sağalanlar da olur, dünyasını dəyişənlər də. Yanaşı xəstəliklərdən və virusa yoluxmuş xəstənin hansı mərhələdə olmasından da çox şey asılıdır. İlk vaxtlarda virusun məhvinə yönəlmiş tədbirlər olmalıdır. Bu da xəstəyə spesifik və ya virus əleyhinə digər dərmanların verilməsi ilə mümkündür. Xəstəxana şəraitində bu, mümkün olsa da, ev şəraitində müalicə alanlar üçün əlçatmazdır. Çünki dərmanlar xəstəxanalara paylanılıb, lakin apteklərdə yoxdur. Tapılanda da baha qiymətə olur. Beləcə günlər keçir, həmin günlərdə xəstələr müxtəlif vitaminlərdən, xalq təbabəti üsullarından istifadə edirlər, immuniteti gücləndirmyə çalışırlar, amma virus da gücləndikcə güclənir. Çünki onu dayandıracaq bir tədbir görülmür. Məhz bu virusda immunitetimizə arxayın olmamalıyıq, çünki o, çox güclüdür və yüksək virus yükü ilə yükləndiyimizdə onun daha çox fəsad törətmə qabiliyyəti olur. Az virus yükü aldıqda isə ağırlaşma olmaya bilir. Amma bunu müəyyənləşdirəcək heç bir meyarımız yoxdur, bunu ancaq əlamətlərlə deyə bilirik, o zaman da iş-işdən keçmiş ola bilir.

- İmmuniteti gücləndirmək nə dərəcədə effektivdir?

- İmmuniteti gücləndirərək virusdan tam qorunmaq effektsizdir, onsuz da bizim millət sağlam qidalanır, kifayət qədər də sağlam immunitetə malikdir. Birinci dalğada biz müşahidə edirdik ki, insanlar virusa qalib gələ bilir, lakin ikinci dalğada təəssüf ki, cavanlar arasında da ölüm halları çoxdur.

- Hazırda insanlar dərman tapa bilmədiklərindən çox narazıdırlar, deyirlər, tapılanda da “qara bazar”da, yüksək qiymətə olur...

- COVID-19-un müalicəsində əgər spesifik dərmanlar yoxdursa, heç olmasa, qeyri-spesifik dərmanların insanlara çatdırılmasını təmin etmək lazımdır. Sahə həkimləri - hansı ki, evdə müalicə olunan xəstələrə baxırlar, onlar yazdıqları dərmanların tapılacağından əmin olmalıdırlar. Yazılan dərmanın özünün tapılmaması da bir növ insanları aldatmaq deməkdir. Əgər dərman yazılırsa, xəstəxanada yatan xəstələrə verilirsə, evdə müalicə olunan xəstələrə də verilməlidir. Əks halda bu, o deməkdir ki, xəstələr aldadılır, şansa buraxılırlar. Bəzi həkimlərin qəbulu olduqca bahadır, xəstə müayinə olunur, resept alır, amma dərmanları tapa bilmir. Nəticədə müayinə üçün xərclədiyi pul da havayı getmiş olur. TƏBİB-in tərkibində fəaliyyət göstərən infeksionist həkimlər var ki, xəstələrə yazdığı çox yüngül tərkibli dərmanlardır və onlar da bilir ki, həmin dərmanlar az təsirlidir. Lakin xəstəxanada daha başqa, güclü antiviral dərmanlar verilir. Bu dərmanlar evdə müalicə alan xəstələrə də verilməlidir.

- “Xəstəxanaya getməyin, gedən ölür” fikirlərini artıq tez-tez eşidirik. Buna münasibətiniz necədir? Niyə cəmiyyətdə belə bir fikir formalaşdı? Həqiqət payı varmı?

- Əlbəttə ki, haradasa xaos varsa, orada qeyri-sağlam fikirlər də olacaq. “Xəstəxanaya düşdünsə, öldürəcəklər” fikri insanlarda çarəsizlikdən formalaşıb. Ağırlaşıb xəstəxanaya gedən insanların ölmə ehtimalının yüksək olması danılmazdır. Lakin “o, niyə ağırlaşdı?” - bu sualın cavabını tapmağa çalışdıqda məlum olur ki, xəstəyə vaxtında düzgün müdaxilə edilmir. İndi biz insanlara dərs keçə bilmərik ki, belə deməsinlər. Əvvəldən iş elə qurulmalıydı ki, insanlar bu fikirləri səsləndirəcək hala gəlməsinlər. Xəstələr evdə doğru-düzgün müalicəsini ala bilsəydilər, ölüm sayı da az olardı, insanlar da bu formada fikirlər səsləndirməzdi.

- Xəstəxanaya yerləşdirilən xəstələrin müayinə və müalicəsində hansı çətinliklərə rast gəlinir?

- Belə bir şey var ki, xəstənin bir xəstəxanadan digərinə köçürülməsi, yaxud KT müayinəsi üçün TƏBİB-in icazəsi lazımdır. Bu halda da proses uzanır, həmin vaxtda xəstə pisləşməyə doğru gedə bilər, hətta ölümü ilə nəticələnə bilər. Buna görə də ya hər bir xəstəxana kompüter tomoqrafiya aparatı ilə təmin olunmalı, ya da bu səlahiyyət xəstəxananın baş həkiminə verilməlidir. Biz bilirik ki, TƏBİB-ə müraciət etmək, cavab ala bilmək günlər alır. Bunlar bizim mövcud problemlərdəndir, ümid edirik, həll yolunu tapa biləcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz