Axtarış...

İki qurum arasında süqut edən səhiyyə sistemimiz... - FAKTLAR

Covid19 pandemiyası Azərbaycan səhiyyəsinin hansı “virus”a yoluxduğunu günbəgün bizə dərimizdə hiss etdirməkdədir.
Anaxeber.info-nun verdiyi məlumata görə, əhali gözəgörünməz düşmən olan mikrobla mübarizə apardığı vaxtda iki qurum arasında qalıb.
Vətəndaşların etibarlı, güvənəcəyi səhiyyə xidməti olmadığı üçün hər ağızdan bir hava eşidir. Belə desək, millət Allahın ümidinə buraxılıb.
Çünki çoxdan nüfuzunu itirmiş Səhiyyə Nazirliyi ilə yeni bəlaya çevrilmiş TƏBİB vətəndaşların başına elə oyun açırlar ki, hər gün çətinləşən vəziyyət daha da qəlizləşir.
Əslində monolit və vahid bir tibb mərkəzi fəaliyyət göstərməliydi, insanlar Səhiyyə Nazirliyi ilə TƏBİB-in arasında qalmamalıydılar.
Bu, çoxşaxəli mövzudur və problemlər bir deyil, beş deyil, xirtədəyə qədərdir; əvvəla, Səhiyyə Nazirliyi irinləmiş, çiban kimi partlaması yetişmiş qurumdur.
Onun ya demontajı reallaşmalıdır, yəni ləğv olunmalıdır, ya da yeni nazir təyin olunmalı, qarşısında hədəflər qoyulmalı, nazirliyin tibb sektorunda funksionallığı artırılmalıdır.
Hazırkı nazir Oqtay Şirəliyevlə isə bu işlər heç cür mümkün deyil. Ona görə nazirliyin səlahiyyətləri tamamilə TƏBİB-ə tabe olunmalıdır, sədr Ramin Bayramlıdan real fəaliyyət tələb olunmalıdır.
Lakin deyilənlərin heç biri olmadığı üçün əhali Şirəliyevlə Bayramlının rəhbərlik etdiyi iki yarıtmaz orqanı arasında dəhşətli bir məşəqqət çəkir.
Birincisi, bir çox regionlarda xəstəxanalar TƏBİB-in tabeliyinə keçirilsə də, sözügedən qurum tərəfindən onların fəaliyyəti yaxşılaşdırılmayıb.
Və nəinki TƏBİB xəstəxanalarla maraqlanmır, ümumiyyətlə, rayonlarda baş həkimlər köhnə “üsul”larla işləyir, onlara heç bir nəzarət mexanizmi tətbiq olunmur, sanki yiyəsizlikdir.
Tibb işçiləri və yaxud pasientlər bilmirlər ki, şikayətlərini Səhiyyə Nazirliyinə, yoxsa TƏBİB-ə çatdırsınlar. Bu dərəcədə xaotik vəziyyət!
Məsələn, tibb işçiləri və həkimlər sertifikasiya imtahanı verirlər. İmtahanı götürən nazirlikdir, xəstəxanalar isə TƏBİB-ə bağlıdır.
Bu da nəticədə tibb xidməti göstərənlərin işində qarmaqarışıqlığa, sahibsizliyə, böyük intizamsızlığa gətirib çıxarıb. Əlavə olaraq deyək ki, hər hansı problem yarandıqda nazirliklə TƏBİB bir-birinin üstünə atır.
Eyni zamanda TƏBİB tabeliyində olan xəstəxanalarda rüşvətin yığışdırılmasında heç bir addım atmayıb, irəliləyişə nail olmayıb.
Digər bürokratik əngəl sənədlərin, arayışların alınmasındadır. Bu məsələdə də hər iki qurum əhalinin nifrətini, qəzəbini qazanıb.
Əslində TƏBİB-in tabeliyində olan xəstəxanalarda tibbi sığorta xidməti tətbiq edilməliydi. Amma bu da olmayıb. Ona görə bu qurum özünü doğrultmur.
Anaxeber.info məlumat verir ki, bir ilə yaxındır pandemiya şəraitində yaşayan əhaliyə göstərilən xidmətlərin keyfiyyəti bərbaddır.
Son vaxtlarda yoluxmanın artması səbəbindən tibbi ləvazimatlara tələbatın çoxalması ciddi çatışmazlığa da səbəb olub.
Xəstəxanalarda oksigen balonlarının təminatında, pereparatların verilməsində probemlər meydana gəlib. Bu prosesdə Səhiyyə Nazirliyi tamamilə ofsayd vəziyyətində saxlanılıb, heç bir iştirakı yoxdur.
TƏBİB isə demək olar ki, virus aşkarlanan xəstələri palatalara yerləşdirməkdən imtina etməyə başlayıb. Hazırda testi pozitiv çıxanlar kütləvi şəkildə evdə müalicəyə göndərilirlər.
Bu isə nəzarətsizlik, vətəndaşı yardımsız şəraitdə qoymaqdır. Çünki ərazi üzrə poliklinikaların işçiləri evlərə ya getmir, ya da çox baha qiymətə sistem vururlar, xəstələr heç bir dərmanla təmin olunmurlar.
Taleyin ümidinə buraxılan xəstələr özü-özünü müaliə etməyə məcbur qalır. Nəticədə aralarında məsuliyyətsiz xəstələr olur ki, icazə olmadığı halda yaşayış yerini tərk edirlər.
Onlara isə ciddi bir təsiri olmayan “Arbidol” dərmanı tövsiyə olunur və TƏBİB tərəfindən heç bir köməklik göstərilmir, başdı-başına buraxılır.
Habelə, bu günlərdə guya koronavirusun dərmanı olduğu deyilən “Selen L” məhsulunun saxta olması iddiası meydana çıxıb.
“Selen” məhsullarının Azərbaycandakı rəsmi distributoru “Vita” Şirkətlər Qrupunun nümayəndəsi bildirib ki, onlar Azərbaycana “Selen L” adda məhsulu gətirmirlər.
Sitat: “Bizim TƏBİB-ə verdiyimiz məhsulun adı “Selen”dir və 110 mikroqramdır. Burada isə kimsə “L” hərfini əlavə edib və eyni dizayn, eyni loqo ilə gətirib verib, guya fərqli məhsuldur”.
Göründüyü kimi, nəticə etibarı ilə bugünkü acınacaqlı vəziyyət hökm sürür: yoluxma artır, TƏBİB yalnız ağır vəziyyətdə olan covid19 xəstələrinə çarpayılar ayırır, evlərdə müalicə düzgün getmir, virusa tutulanların yaxınları yoluxur, minlərlə imkansız ailələr borc-xərc edərək iynə-dərmanla sağ qalmağa çalışırlar.
Bütün bunlar ölkədə kabusa çevrilən Səhiyyə Nazirliyi ilə TƏBİB-in pərakəndə, sistemsiz, xaotik fəaliyyətlərinin nəticəsidir.
Səhiyyə Nazirliyi kimi nəhəng strukturun kənara atılması və epidemiya ilə mübarizə kimi çox ağır, məsul bir işin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yenicə yaradılmış publik hüququ şəxsə həvalə olunması Azərbaycanın müasir tarixinin ən uğursuz qərarlarından biridir.
Səhiyyə Nazirliyi çox bərbad idarə olunsa belə belə durumlarda ən azından necə davranmaq, hansı minimal tədbirləri görmək lazım olduğunu, məsələnin metodologiyasını bu nazirlikdə, onun strukturlarında bilənlər var.
Təsəvvür edin, TƏBİB sədri heç prezident tərəfindən də təyin olunmur. O, agentlik nəzdindəki publik hüquqi şəxsin sədri bütöv xalqın sağlamlığına, virusla mübarizə işinin təşkilinə cavabdeh şəxs kimi müəyyənləşdirilib.
Anaxeber.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz