Axtarış...

Türkiyə və Rusiya arasında Qarabağa dair ziddiyyətlər yarana bilərmi - GƏLİŞMƏ

Türkiyə və Rusiya arasında Qarabağa dair ziddiyyətlər yarana bilərmi - GƏLİŞMƏ
Oktyabrın 27-də Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Qeyd edilir ki, Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb.

Türkiyə prezidenti özü də rusiyalı həmkarı ilə telefon söhbətinin bəzi detallarını açıqlayıb. “Ən son dünən axşam Putinlə danışdıq. Son hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla. Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, üzrlü saysınlar, atamızın oğlu da olsa, gözümüz görməz”, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Bizə deyirlər ki, Suriyadan Azərbaycana silahlı göndərirsiniz. Mən də Putinə söylədim ki, hazırda kəşfiyyat vasitəsilə təsdiq etdiyimiz 2 min civarında PKK və YPG-lilər Ermənistandan aldıqları 600 dollar maaşla orada savaşırlar. Mənə deyir ki, onlardan xəbərim yoxdur. Elə mən də sizə xəbər edirəm bu barədə dedim. Təbii ki, hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmürəm, ancaq Paşinyana bunu deməlidir. Əks təqdirdə, lazım olanı edərik. Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. İnanıram ki, zəfər azərbaycanlı qardaşlarımındır. Rəbb yar və yardımçıları olsun! Buradakı mübarizədə hər an yanlarında olduq, yanlarında olmağa davam edəcəyik”.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentlərinin Qarabağ məsələsində mövqelərində ziddiyyət olmadı son bir ayda. Bəs bundan sonra necə, ziddiyyətlər yarana bilərmi? Fakt budur ki, Azərbaycanın ictimai-siyasi fəal kəsimi Rusiyanın mövqeyinin hər an Ermənistanın xeyrinə dəyişə biləcəyindən narahatdır. Xüsusilə də Prezident İlham Əliyevin Gümrüdəki baza ilə bağlı dəlil-sübutlara istinadən etdiyi xatırlatmalar ehtiyatlı olmağımızı zəruri edir.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin sözlərinə görə, Rusiya bilir ki, proseslərə müdaxilə etsə, Azərbaycanı həmişəlik itirəcək: “Ona görə də bizimlə səmimi dostluğa sadiq qalıb, bəyan etdikləri neytrallığı qoruyacaqlar. Amma hər şey Türkiyə və Azərbaycanın qətiyyətindən asılı olacaq. Xüsusilə Türkiyənin. Çünki Türkiyə güclü dövlətdir. Türkiyə beynəlxalq təzyiqlər qarşısında güzəştə gedib bizi tək buraxarsa, bizim də güzəştə getməkdən başqa yolumuz qalmayacaq. Amma kimsənin Ərdoğanın iradəsini sındıra biləcəyini düşünmürəm. Ona görə zamanında söyləyirdim ki, nə qədər ki, Ərdoğan hakimiyyətdədir, biz torpaqlarımızın azad olunması üçün savaşa başlamalıyıq. İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik. Onlar işğala son qoymaq üçün mümkün olan hər şeyi edəcəklər”.

Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a dedi ki, Rusiya əslində Ermənistana yardım etmək, onu məğlubiyyətdən xilas etmək üçün yollar axtarır: “Altdan-altdan silahlar da verir, amma bunun kömək etməyəcəyini anladığından Azərbaycana təsir etmək üçün Türkiyə variantı üzərində dayanmaq taktikasını seçib. Açıqlanmasa da bəllidir ki, Putin Ərdoğanla atəşkəs məsələsini müzakirə edib. Atəşkəs isə Azərbaycan üçün də, elə Türkiyə üçün də qəbuledilməz şərtdir, bu baş verərsə, Ermənistana daha ciddi yardımlar ediləcək və müharibə uzanacaq. Ermənilər vaxt əldə edib toparlansalar, müharibəni Azərbaycan ərazisinə keçirməyi planlaşdırırlar. Bu barədə erməni qapalı mənbələri məlumat sızdırıb və hətta ictimaiyyətin fikrini yoxlamaq üçün Tatul Hakopyan adlı bir politoloqun dilindən də səsləndirilib. O müharibənin Azərbaycan ərazilərinə, yəni Ağdam, Bərdə Tərtər Goranboy ərazilərinə hücum etməklə diqqəti Laçın və Şuşa istiqamətindən yayındıracaqlarını düşünürlər. Atəşkəs buna imkan verəcək”. Q.Çaxmaqlı hesab edir ki, Qarabağ məsələsində Putinin də ifadə etdiyi kimi, Türkiyə ilə Rusiya arasındakı ziddiyyəti aradan qaldırmaq hələlik mümkün olmayacaq: “Rusiya haradasa Suriyadan güzəşt vermək istəyir ki, Azərbaycanda istədiyinə nail olsun. Rusiya açıq şəkildə Türkiyənin qarşısına çıxmaz. Bunu onun dövlət maraqları tələb edir. Heç gələcəkdə də Rusiya - Türkiyə münaqişəsinin olma ehtimalı zəifdir. Rusiya hakim dairələri Ermənistana görə Türkiyə kimi mənafe ortağını itirmək istəməz. Həm də indiki dünyanın qarışıq zamanlarında. Rusiya Türkiyə ilə hesablaşmaq zorundadır və bu, Qarabağ müharibəsinin sona qədər qələbə ruhu ilə aparılmasına imkan yaradacaq”.

Politoloq Zaur Məmmədov isə hesab edir ki, iki liderin danışığını təcili edən son bir neçə gündə Ermənistandakı rus hərbçilərinin Qafan, Mehri istiqamətlərində yerləşdirilməsi olub: “Türkiyə və Rusiya prezidentlər səviyyəsində Qarabağ müzakirələrinə start verdilər. Bu, faktiki olaraq Kreml tərəfindən 2+2 formatının qəbul edilməsidir. Rusiya başa düşür ki, Azərbaycana qarşı hərbi addımlar atarsa, qarşısında Türkiyəni görəcək. Laçın dəhlizini əldə etmək vacibdir. Bundan sonra Paşinyanın şərtlərimizi qəbul etməkdən başqa yolu qalmayacaq”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz