Axtarış...

Keçmiş "boz kardinal"ın BOZ AYI... - Ramiz Mehdiyevin baş tutmayan REVANŞI...


Əslində bütün addımlar o revanşa hesablanmışdı. Toy da, "toydan sonra nağara da"... Amma alınmadı... Ramiz Mehdiyevin nəvəsinin ancaq şadyanalığa yox, həm də siyasətə hesablanmış “akademik toyu” ətrafında qalmaqal səngisə də, administrasiyanın sabiq rəhbəri məsələni qapatmaq niyyətində olmasa da, məcburiyyətindədir.

Doğrudur, artıq ilk günlərdəki kimi ajiotaj yoxdur, sosial şəbəkədə hər kəs bundan danışmır, media ancaq bu barədə yazmır. Ancaq görünən odur ki, Ramiz Mehdiyev məsələnin belə qapanmasını heç istəmirdi. Belə olmasaydı, öz bəyanatlarının da yayıldığı AMEA saytnda qurumun əməkdaşlarının digərlərinə barmaq silkələyən yazısının dərcinə imkan verməzdi.
Məlumdur ki, AMEA saytında Mehdiyevin razılığı olmadan belə bir yazı yayıla bilməzdi və sabiq administrasiya rəhbəri bununla təkcə keçmişdə “çörək verdiyi” siyasilərə, media və ictimaiyyət fəallarına yox, həm də bundan sonra çörək verməyi düşündüyü şəxslərə müraciət edib. Özünə istədiyi qədər, başqa sözlə desək, "verdiyi çörək qədər" dəstək qazana bilməyən Mehdiyevin davranışı anlaşılandır. Çünki "kəsdiyi çörəklərlə verdiyi çörəklər" arasında fərq nisbəti çox böyük idi. Hər halda Mehdiyev AMEA prezidenti olaraq, siyasi meydanda sabiqlər sırasına qatılmasına rəğmən geniş miqyasda dəstək çıxışı gözləyirdi və bunu alacağına da əmin idi.

Mehdiyev uzun illərin siyasət adamı kimi özünü hər kəsdən fərqli hiss edirdi. Amma reallıq başqadır və Azərbaycanda vəzifə və vəzifəsizliyin ən böyük fərqi də məhz budur. Üstəlik bu toyun ona və yaxınlarına, hətta ordakı qonaqlara nə gətirəcəyini də təxmin etməmiş deyildi. Bütün bunları bilə-bilə belə bir riskin altına girmişdisə, deməli, gözləntisi vardı və bu gözləntini nəbz yoxlanışı kimi qəbul etmək sadəlövhlük olardı. Qısa müddətdə Mehdiyev özünün başqalarından fərqli olmadığının şahidi oldu. Yəni nəbzin onun arzuladığı sürətlə vurmadığını gördü və ard-arda verdiyi bəyanatlardakı təhdidlər də işə yaramadı.

Sətiraltı müraciət etdiyi şəxslərdən gözlənilən dəstəyi ala bilməyən və uduzduğunun fərqində olan Mehdiyev bu dəfə tabeliyindəki əməkdaşları- elm adamlarını öz siyasətinin içinə sürükləməyə çalışdı. O elm adamlarını ki, Azərbaycan elminin inkişafında dünyanı demirik, heç ölkəni silkələyəcək hansısa işə qol qoymayıblar, indi həm də Mehdiyevin siyasi intriqalarında yer almaq məcburiyyəti qarşısında qalıblar. Hərçənd bundan da Ramiz Mehdiyev istədiyi nəticəni ala bilməyəcək, amma görünür, nəvəsinə çaldırdığı “akademik toy”dan sonra həm də akademiklərə toy tutmaq istəyir. Görünən nədir?

Görünən odur ki, Mehdiyev çox qəzəblidir. Bəyanatlarında bunu uzun-uzadı cümlələrlə ört-basdır etməyə çalışsa da, bunun məğlubiyyətdən doğan qəzəb olduğunu biruzə verir. Bu, istədiyini ala bilməməkdən doğan, bəlkə də qapalı qapılar arxasında danışılanların icrasında istədiyi nəticəni əldə edə bilməməyin qəzəbi ilə Mehdiyev hələ çoxlarını “yandırmaq” istəyəcək. Revanş istədiyi və bəlkə hətta gözlədiyi kimi olmayıb.

Mehdiyev sonucun belə olacağını bildiyi təqdirdə bu qədər böyük yanlışa gedəcək adam deyildi, görünür, həm də gözləntiləri doğrulmadı. Bəlkə də üzərində hesab getdiyi kimsələr nəticənin onun xeyrinə dəyişməsi üçün qapalı qapılar arxasında verdikləri sözü tutmadılar. Mehdiyev toyun səsi həmin o malikanədən kənara çıxdığı ilk gündən bunu hiss etdi. İti fəhmi ona uduzduğunu deyirdi, bir neçə günlük susqunluqdan sonra ard-arda yayılan o bəyanatlar da uduzduğunun elanı idi. Acı sonluqdur, uduzmağa adət etməyən adamın məğlubiyyətini öz dili ilə elan etməsi Mehdyevə verilən ən böyük cəzadır.
Cebhe.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz