Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqal səngimək bilmir. Yenisabah.az xəbər verir ki, hər gün məlum toyla bağlı müxtəlif məlumatlar, videogörüntülər yayılır, iddialar və mülahizələr irəli sürülür.
Hələ hadisənin ilk günlərində belə mülahizələr irəli sürülürdü ki, məsələnin şişirdilməsi hakimiyyətdaxili ziddiyyətlərdən qaynaqlanır. Həmin ərəfədə başqa yüksək vəzifəli şəxslərin də yaxınlarına toy və ad günü mərasimləri keçirdiyi barədə məlumatlar yayılır və həmin məmurların cəzasız qalması ikili stadart kimi qiymətləndirilir, Ramiz Mehdiyevlə bağlı məsələyə siyasi çalar qatılırdı. Akademikin özü də ilk açıqlamasında xüsusi karantin rejimində bəzi vəzifəli şəxslərin toy və ad günü mərasimləri keçirməsinə eyham etmişdi.
Bu açıqlamadan sonra Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqalın siyasi motiv daşıması ehtimalı bir qədər də gücləndi. Hökumət nümayəndələri isə məsələnin sırf qanun pozuntusu kontekstində şərh edərək burada siyasi səbəblər axtarılmasının yanlış olduğunu bildirirdilər. Digər tərəfdən, Ramiz Mehdiyevin nəvəsinin toyundan fərqli olaraq həmin ərəfədə başqa vəzifəli şəxslərin oxşar addım atmasını təsdiqləyən video və fotogörüntülər yox idi.
Nəhayət, ölkə başçısı İlham Əliyev ötən gün koronavirus infeksiyasına yoluxan xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti xəstəxananın açılışında bu məsələyə nöqtə qoyub. İlham Əliyev çıxışında karantin qaydalarını pozan bütün kateqoriyadan olan insanların cəzalandırıldığını açıq şəkildə bəyan edib:
“Hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları var. Cəza tədbirləri bütün kateqoriyalardan olan insanlara tətbiq edilir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”, - deyə ölkə başçısı vurğulayıb.
İlham Əliyev çıxışında konkret faktlar sadalamayıb. Lakin bu fikirlərin karantin qaydalarını pozanlara ikili standartlarla yanaşıldığını iddia edənlərə cavab olduğunu təxmin etmək çətin deyil.
Xüsusilə, ölkə başçısnın “Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz” fikrini karantin qaydalarını pozan, yaxud pozmağa cəhd edən vəzifəli şəxslərə şamil etmək olar. İlham Əliyev bu açıqlaması ilə ortada fakt olacağı təqdirdə kimliyindən asılı olmayaraq karanatin qaydalarını pozan bütün şəxslərin cəzalandırıldığını və bundan sonra da bu prinsipin pozulmayacağını bir daha ortaya qoydu.