Axtarış...

“Ramiz Mehdiyev və Əli Həsənov həbs olunmalıdır” – Agentlik rəhbəri



Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev növbəti məqalə ilə çıxış edib. Ramiz Mehdiyev bu dəfəki yazısında media sahəsinə toxunub. O mətbuatın problemlərinə görə qınanılması ilə razılaşmayıb. Bildirib ki, media sahəsindəki problemlər həmişə onu narahat edib.

“Mən bu barədə öz fikirlərimi yazmışam və KİV redaktorları ilə görüşlərimdə də mövqeyimi dəfələrlə onlara çatdırmışam. Administrasiyanın rəhbəri olduğum dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti məni əsla qane etməyib. Onu da qeyd etməliyəm ki, bəzi şəxslərin bu məsələdə zaman-zaman mənə təklif etdikləri dekorativ, aldadıcı dəyişikliklərin qəti əleyhinə olmuşam”, - deyə Ramiz Mehdiyev vurğulayıb.

Ramiz Mehdiyevin mətbuatdakı problemlərdən dolayı məsuliyyəti öz üzərindən atması ictimai mühitdə birmənalı qarşılanmayıb. Çünki media sahəsinin acınacaqlı duruma düşməsində 24 il Prezident Administrasiyasının rəhbəri vəzifəsini daşıyan Ramiz Mehdiyev və Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı hallandırılıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də mediadakı problemlərə görə Ramiz Mehdiyevlə Əli Həsnovun məsuliyyət daşıdığını bildirib.

“Ramiz Mehdiyev 1995-ci ildə Prezident Administrasiyasının rəhbəri postuna təyin olunub. Buna qədər Azərbaycanda “Azadlıq”, “Yeni Müsavat”, “525-ci qəzet” kimi nəşrlər, “Turan” kimi informasiya agentliyi fəaliyyət göstərib. Bu media orqanları heç kim tərəfindən maliyyələşdirilməyib, öz hesabına fəaliyyət göstərib. Yüzminlərlə oxucusu olub. Media orqanı kimi problemləri qabardıb, ictimaiyyəti narahat edən məsələlərə toxunub və s.

Amma Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri təyin olunandan sonra vəziyyət dəyişdi. Tənqidi medianın sıxışdırılmasına başlandı. Müxtəlif vasitələrlə təzyiqlər edildi. Beləliklə, mətbuatın vəziyyəti başladı pisləşməyə. Bu onu göstərir ki, medianı sıradan çıxarmaq siyasəti yürüdülüb”, - deyə Mehman Əliyev vurğulayıb.

O qeyd edib ki, mətbuatın sıradan çıxarılması siyasətində əsas aparıcı şəxs məhz Ramiz Mehdiyev olub: “Necə olur ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olmamışdan əvvəl medianın vəziyyəti yaxşı idi, qəzetlərin kifayət qədər oxucusu var idi, amma o bu vəzifəyə gələndən sonra vəziyyət dəyişdi?! Onun vəzifəyə gəlişindən sonra köşklər qapandı, qəzetlərin satışına müxtəlif əngəllər törədildi, çap mətbuatının qiyməti qaldırıldı.

İctimai-siyasi məsələlərə, mətbuata Ramiz Mehdiyev nəzarət edirdi. Ona görə də Ramiz Mehdiyev məsuliyyətə cəlb olunmalıdır. Özü də təkcə o yox. Uzun illər ictimai-siyasi şöbənin müdiri olmuş Əli Həsənov da məsuliyyətdən kənarda saxlanılmamalıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz