Axtarış...

“Paşinyan son zamanlar Rusiyadan iki neqativ siqnal alıb” - “Nezavisimaya qazeta”




Yerevan Bakı ilə münaqişəni gərginləşdirməyə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan avqustun sonunda Dağlıq Qarabağa yollanıb, orada tanınmamış respublikanın lideri Araik Arutunyanla görüşərək hərbi əməkdaşlıq məsələlərini müzakirə edib. Üstəlik, bu, Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmanın davam etdiyi bir vaxtda baş verib.

Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın “Nezavisimaya qazeta” nəşri yayıb.

“Nikol Paşinyan gərginləşməyə gedir” sərlövhəli məqalədə deyilir:
“Paşinyan son zamanlar Rusiyadan iki neqativ siqnal alıb” - “Nezavisimaya qazeta”

“Doğrudur, hazırda iyulda olduğu kimi şiddətli döyüşlər getmir, lakin atəşkəs vaxtaşırı pozulur, diversiya cəhdləri edilir. Üstəlik, Paşinyanın səfəri Azərbaycan tərəfi üçün həssas bir gündə baş tutub – avqustun 30-da Bakıda Qubadlı rayonunun işğal günü yad edilir.

O da görünür ki, Yerevan Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər dövlətləri öz tərəfindən münaqişəyə cəlb etmək istəyir. Lakin onun bu cəhdləri hələlik uğursuz alınır.

Xatırladaq ki, iyulun ortalarında Ermənistanla Azərbaycanın dövlət sərhədində döyuşlər olub. Bir neçə gün davam edən atışma çoxsaylı insan tələfatı ilə nəticələnib. Hazırda vəziyyət sakitləşib, lakin gərginlik qalmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, avqustun 23-ü səhər tezdən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu cəbhə xəttini keçməyə cəhd edib. Tərəflər arasında baş vermiş döyüş zamanı erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan əsir götürülüb.

Yerevan israrla iddia edir ki, son gərginliklərə səbəb Azərbaycanın hərəkətləridir. Ermənistan Müdafiə Nazirliyi hələ iyulun 12-də bildirirdi ki, “Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri naməlum səbəblərdən Ermənistan Respublikasının dövlət sərhədini UAZ avtomobili ilə keçməyə cəhd göstərib”. Lakin maraqlıdır ki, Yerevanın özündə belə bu versiyaya şübhə ilə yanaşırlar. Yerli jurnalistlər qeyd edir ki, Paşinyan hökumətin iclasında UAZ-a atəş açmağın zəruriliyini şübhə altına alıb. Halbuki, vəziyyətin məhz bu səbəbdən alovlandığı deyilirdi. Baş nazirin ehtimalına görə, o zaman azərbaycanlıların niyyəti hərbçilərin dediyi kimi, mövqe ələ keçirmək yox, maşını geri qaytarmaq ola bilərdi. Doğrudan da, sadəcə bir avtomobilin hərəkətini hərbi hücumun əlaməti saymaq mümkün deyil – bunun üçün zirehli texnikadan istifadə olunmazdımı?

Bu qəribə versiyanın irəli sürülməsi Ermənistan ordusunda işlərin qaydada olub-olmadığı haqda düşünməyə əsas verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə inansaq, iyul döyüşlərinə məhz erməni tərəfinin “əsassız hərəkətləri” səbəb olub. Xüsusilə Ermənistanın hərbi kəşfiyyatında vəziyyət ürəkaçan deyil. Ölkənin keçmiş prezidenti Serj Sarqsyan bu yaxınlarda keçirdiyi mətbuat konfransında açıq etiraf edib ki, hələ onun dövlət başçısı olduğu vaxt – 2016-cı ilin aprelində Yerevan faktiki olaraq, döyüşlərin baş verə biləcəyini müəyyənləşdirə bilməyibmiş. “Bəli, bu bizim kəşfiyyatın nöqsanıdır”, - deyə sabiq prezident etiraf edib.

Elə avqustun 23-də Azərbaycan hərbçilərinin döyüş zamanı erməni kəşfiyyat qrupunun komandirini əsir götürməsi də (Yereva onun yolu azdığını, Azərbaycan tərəfi isə diversiya cəhd göstərdiyini deyir) Ermənistan ordusunun peşə hazırlığı səviyyəsini, onun bölmələrinin gizli hərəkət etmək və ərazini tanımaq bacarığını sual altına qoyur.

Yerevanın mövqeyi baxımından Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son şərhləri xüsusilə maraqlıdır. O, “Trud” qəzetinə müsahibəsində iyulda sərhəddə baş vermiş qarşıdurmaya aşağıdakı hadisələr zəncirinin rəvac verdiyini deyib: “Erməni tərəfinin Azərbaycanın ixrac boru kəmərlərinin 15 kilometrliyində yerləşən köhnə sərhəd-buraxılış məntəqəsini bərpa etmək niyyəti bir tərəfin böyük narahatlığına, digər tərəfinin isə əsassız cavab reaksiyasına səbəb olub. Nəticədə ən gözlənilməz fəsadlara yol aça biləcək qarşıdurma başlayıb”. Beləliklə, görünən odur ki, hadisələrin başlanğıc nöqtəsi “erməni tərəfinin qərarı” olub.

Sentyabrın 1-də isə Lavrov münaqişənin hər iki tərəfinin ATƏT-in Minsk qrupunun bölgədə təşkil edəcəyi görüşlərin bərpasında maraqlı olduğunu deyib. “Bizim yürütdüyümüz xətt 18 ilə yaxın bir müddət ərzində işlənib-hazırlanmış sənədlər kompleksinə əsaslanır”, - deyən nazir hər şeyə sıfırdan başlamağın doğru olmadığına eyham vurub. Bu isə o deməkdir ki, danışıqlar mövcud baza və təkliflər əsasında davam etdirilməlidir. Demək, Yerevanın danışıqların formatını və mahiyyətini dəyişdirmək, o cümlədən Stepanakerti (Xankəndini - WM) tərəf kimi danışıqlara cəlb etmək, hamının qəbul etdiyi “sülh qarşılığında ərazilər” formuluna yenidən baxmaq istəyi dəstəklənmir. Doğrudan da, belə olarsa, Bakının Yerevanla nə barədə danışacağı ümumiyyətlə aydın deyil. Üstəlik, Paşinyanın Qarabağa səfərindən dərhal sonra tanınmamış respublikanın “xarici işlər naziri” (dırnaq işarəsi bizə aiddir – Ovqat.com) faktiki olaraq Lavrovun sentyabrın 1-də dediklərini təkzib edib. O, ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlar prosesinin bazası sayılan “Madrid prinsipləri”nin artıq müzakirə mövzusu olmadığını söyləyib. Qarabağ ermənilərinin lideri Araik Arutunyan isə öz növbəsində, erməniləri ümumiyyətlə “xam xəyallar qurmamağa”, “müharibəyə hazırlaşmağa” çağırıb.

Paşinyanın Dağlıq Qarabağa etdiyi “qırğı səfəri” çətin ki, mövcud formatda dialoqa səbəb olsun. Lakin onun özünün bu səfərlə bağlı hansısa dolayı səbəbləri ola bilər. Koronavirus pandemiyası fonunda Ermənistanda iqtisadi və siyasi vəziyyətin pisləşməsi hakimiyyəti diqqəti daxili problemlərdən yayındırmaq üçün daha sərt, hücum xarakterli xarici siyasət yürütməyə vadar edir.

Son zamanlar Ermənistan hakimiyyəti eyni vaxtda bir neçə neqativ siqnal alıb. Avqustun 31-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın eks-başçısı Robert Köçəryanı ad günü münasibətilə təbrik edib. O, Köçəryana zəng də edib, təbrik teleqramı da göndərib. Teleqram Kremlin saytında belə, dərc olunub.

İyunun 1-də Putinin Paşinyana ünvanladığı təbrik isə daha quru və formal xarakterli olub. Bununla yanaşı, Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, müxalif “Vətən” partiyasının lideri Artur Vanetsyanın mövqeyinin güclənməsi də gündəmdədir. Onun Rusiyanın müəyyən dairələrindən dəstək aldığı bildirilir. Bu yaxınlarda Vanetsyan erməni müxalifətinin geniş çevrəsində Paşinyandan mümkün qədər tezliklə xilas olmaq üçün danışıqlar apardığını bildirib. Bütün bunlar Ermənistan rəhbərliyini açıq-aşkar qıcıqlandırır və onun qonşu respublika ilə münaqişədə davranışlarını daha da irrasionallaşır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz