Axtarış...

Bəxtsiz mədəniyyət, uğursuz nazirlər... - Əbülfəs Qarayev sanki...

Bəxtsiz mədəniyyət, uğursuz nazirlər... - Əbülfəs Qarayev sanki...

Azərbaycanın getdikcə tənəzzülə uğrayan mədəniyyətinə görə onun iki uğursuz naziri məsuliyyət daşıyır. 1988-ci ildən 2006-cı ilə qədər bu mədəniyyətə nazir olmuş Polad Bülbüloğlu 18 illik nazirliyi dövründə ölkənin kinosu da, teatrı da, musiqisi də, televiziyası da, nəşriyyatı da elə hala düşdü ki, yenidən dirçəlməsi bir xeyli zaman alacaqdı.

Polad Bülbüloğlunun nazir olduğu dövrü və bu dövrdə mədəniyyətin geriləməsini, süqut etməsini vətəndaş hərəkatına, müharibəyə, ümumi xaosa və müharibədən sonrakı böyük böhrana bağışlamaq olar, bəlkə də. Bəlkə də...! Amma 2006-cı ildə Polad Bülbüloğlunun yerinə Mədəniyyət naziri təyin olunan və 14 il bu mədəniyyətə nazirlik etmiş Əbülfəs Qarayevə ölkə mədəniyyətinin bugünkü rəzil durumunu bağışlamaq mümkün deyil.

Ümumiyyətlə, mədəniyyət sənət nümunələrini, yaradıcılıq məhsullarını özündə birləşdirdiyi üçün maksimum azadlıq tələb edən bir sahədir. Azadlığa bu qədər sevdalanmış bir sahəyə 18 il, 14 il rəhbərlik etməyin özü elə mədəniyyətin iflası deməkdir.

Polad Bülbüloğlunun nazirlik dövründə hələ də sovet məktəbinin yetirdiyi rejissorlar, aktyorlar, bəstəkarlar, müğənnilər, ədiblər, rəssamlar və digər mədəniyyət adamları yaşayıb-yaradırdı deyə, xüsusən də həmin dövrdə Heydər Əliyevin mədəniyyətə xüsusi sevgisi sayəsində ölkənin mədəniyyəti birtəhər də olsa, ayaqda dura bilirdi. Lakin Polad Bülbüloğlunun səriştəsizliyi sayəsində bu dövrdə hər yerindən duran mədəniyyətin səhnəsində yer ala bilirdi. Müxtəlif KVN truppaları sənət adı ilə səhnəyə çıxır, sonra da onların tərkibində yer alan qeyri-peşəkar adamlar aktyor kimi filmlərə çəkilir, teatrlarda işə düzəlirdilər.

Məhz bu dövrdə televiziyalarda bayağı verilişlər yer aldı. Ədəbiyyat, teatr dramatrugiyası, ekran dramaturgiyası kimi sahələr tamamilə inkişafdan dayandı. Meyxana janrı sənət nümunəsi kimi hər yerdən eşidilməyə başladı. Keyfiyyətli kitab nəşri, ciddi ədəbiyyata dəstək sıfırıncı səviyyəyə endi.

Bütün bunlara rəğmən, 2006-cı ildə Polad Bülbüloğlunun yerinə nazir təyin olunan şəxs vəziyyəti düzəldə bilərdi. Çünki hələ də ciddi sənətkarlarımız yaşayıb-yaratmaqda idilər və onların geniş təcrübə və biliklərindən yararlanmaq olardı.

Bu posta təyin olunan Əbülfəs Qarayev isə, sanki Polad Bülbüloğlunun yarımçıq qoyduğu tənəzzül prosesini tamamlamağa gəldi. O, bütün qüvvəsi ilə mədəniyyətin məhvinə, bir də dirçələ bilməməsi üçün zəmin yaratmağa çalışdı. Bu barədə indi danışmağa dəyməz. Necə deyərlər, olan oldu, keçən keçdi. Bu mədəniyyətin başından Əbülfəs Qarayev tufanı da ötdü, sağ qalmışıqsa, böyük işdir.

İndi əsas məsələ bu posta Əbülfəs Qarayevin yerinə kimin təyin olunacağıdır. Maraqlısı odur ki, gələcək şəxs ölənləri diriltməyə gələcək, yoxsa sağ qalanları da qırıb bitirməyə?

Sosial şəbəkələrdə bu posta təyin olunacaq şəxslərlə bağlı mütxəlif tövsiyə və təkliflərə rast gəldim. Bunların içində ən çox diqqətimi çəkən Rasim Balayevin adı oldu. Guya, sənət adamı olduğu üçün, istedadlı aktyor olduğu üçün, sənəti dərindən bildiyi üçün nazir olmağa da layiqdir. Şübhəsiz ki, Rasim Balayev Azərbaycan mədəniyyətinin ən nəhəng şəxsiyyətlərindən, ən zirvə sənətkarlarındandır. Elə Polad Bülbüloğlu da böyük sənətkar, istedadlı adam idi. Amma Polad Bülbüloğlu necə nazir idisə, Rasim Balayev də ondan artıq ola bilməyəcək.

Ölkənin mədəniyyət sahəsində köklü dəyişiklik, təməlli yenilənmələr edilməlidir. Teatr sistemi, onun işləmə mexanizmi tamam dəyişilməlidir. Kino sektoru yenidən qurulmalı, yeni və müasir dünyaya uyğun kinomatoqrafiya məktəbi yaradılmalıdır. Yeni və uğurlu aktyor, rejissor məktəbləri formalaşdırılmalıdır. Həm teatr, həm də ekran dramturgiyasının inkişafı üçün yeni mexanizm işlənməli, teatr əsərləri, kino ssenariləri, opera librettolarının yazılması üçün dünyanın inkişaf etmiş dramaturgiya məktəblərindən faydalanılmalı, eyni zamanda özümüzün yeni nəzəriyyələrimiz yaradılmalıdır.

Bütün bunların ölkə iqtisadiyyatına gəlir gətirməsi üçün beynəlxalq əlaqələr qurulmalı, kino və serial ticarəti inkişaf etməli, teatr səfərləri təşkil olunmalı, beynəlxaq festivallar və yarışmalardan mükafatlar qazanılmalı, sərgi salonları, muzeylər və tarixi abidələr vasitəsi ilə turist cəlb etməli və bunun maddi gəliri ilə yanaşı, həm də ölkə mədəniyyətinin tanıdılması prosesi həyata keçirilməlidir.

Bəxtsiz mədəniyyətin iki uğursuz naziri bu və digər lazımi işlərin heç birini görmədi. Bundan sonrakı nazirin isə iki yolu var: Ya bu və digər işləri görüb mədəniyyəti və onun xadimlərini dirçəldəcək, ya da 3-5 nəfər sağ qalanımızın da axırına çıxacaq. Görək, başımıza nə gəlir!?
Orxan BAHADIRSOY //ayna.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz