Axtarış...

Bu, nazirin məsuliyyətidir - MN-də DTX əməliyyatı

Əbülfəs Qarayev 1994-cü ildən Gənclər və İdman naziri, 2001-ci ildən Gənclər, idman və Turizm naziri olub, 2006-cı ildən daha strateji bir sahəyə, Mədəniyyət və Turizm Nazirliyinə, 2018-ci ildən sonra isə Mədəniyyət Nazirliyinə başçılıq edir. Bir igidin ömrü olan 26 ildə o ortaya bir nəticə qoya bildimi sualına bu gün cərəyan edən hadisələr daha yaxşı cavab verir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli DTX-in Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatı şərh edərkən deyib. O bildirib ki, Əbülfəs Qarayevin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir:

“Mən Dövlət müşaviri olaraq 1994-cü ildə yaradılan Gənclər və İdman Nazirliyinin Əsasnaməsinin hazırlanmasında iştirak etmişəm. O zaman Əbülfəz Qarayevə Nazirlikdə fəaliyyəti və göstərdiyi xidmətlərə nikbin yanaşırdım. Düşünürdüm ki, köhnə Sovet idarəetmə strukturlarının sıradan çıxdığı bir vaxtda bu qurum uğurla çalışacaq, gənclərin müstəqillik dövrünün dəyərlərinə uyğun surətdə formalaşdırılmasına, Azərbaycan idmanının inkişafına öz töhfəsini verəcək”.

Politoloq qeyd edib ki, Əbülfəz Qarayev vəzifəyə təyin edilməmişdən öncə Saatlı rayon orta məktəbində ingilis dili müəllimi işləmiş, bir az da komsomol orqanlarında çalışmış bir şəxs idi. Yəni bu vəzifəyə onun gətirilməsi Heydər Əliyevin daxili siyasətdə balanslaşdırılmış xəttin əyani ifadəsi oldu. Heydər Əliyev kadr seçimi edərkən güvənib etimad edər, ən əsası da güvəndiyi kadrlara böyük bir məsuliyyət yükləyərdi. Bunun ən bariz nümunəsi 2001-ci ildə turizm sektorunun Gənclər və İdman Nazirliyinə birləşdirilməsi idi. Bu, həm də quruma yeni strukturlar birləşdirilməklə onun fəaliyyətinə daha çox strateji xarakter verilməsi, gənc dövlətçiliyimizin oturuşmasında daha çox məsuliyyət daşıyacağına dəlalət edən faktlardan idi. Təəssüf ki, Əbülfəz Qarayev fəaliyyəti dövründə nə ölkənin turizm cənnətinə çevrilməsinə töhfə verə bildi, nə istiqlalçılıq ideyalarını təbliğ etdi, nə də milli mədəniyyətin inkişafında mədəni inqilaba nail oldu.

Mədəniyyət Nazirliyində aşkar edilən rüşvət və korrupsiya halları, nəhəng dövlət qurumları sisteminin həyati əhəmiyyətli potensialının boş yerə xərclənməsi bu qurumun öz fəaliyyətindən çox-çox uzaqlaşdığını göstərir. Böyük fikir sahiblərindən birinin dediyi kimi, əgər mədəniyyətə qulluq edilməzsə, o, mədəni, dəyişdirici, mənəvi tənzimləyici rolunu itirər, özündən sonra quru səhralıq qoyub gedə bilər. Yaxşı ki, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva varmış. Məhz onların mədəniyyətimizə qayğısı sayəsində çox şeyi xilas etmək mümkün olub. Müntəzəm keçirilən muğam yarışları, klassik musiqiyə dair hər il keçirilən Qəbələ musiqi festivalları, incəsənət xadimlərinə qayğı və diqqət mədəni nailiyyətlərimizin qorunub saxlanılmasına və inkişafına ciddi töhfələr verdi”.

Q.Hüseynli bir neçə gün əvvəl həbs olunan və vəzifəsindən kənarlaşdırılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun törətdiyi əməllərdən danışıb:

“Z.Sultanov bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq onlardan “şapka” alıb. Z.Sultanov özünü təqsirli bilərək qeyd edilən pulları aldığını etiraf edib. İddiaya görə, Zakir Sultanov Mədəniyyət Nazirliyinin saytının yenidən hazırlanması və reklam olunması üçün bir şirkətlə təxminən 20 min manatlıq müqavilə imzalayıb. Z.Sultanov şirkət rəhbərindən həmin pulun 10000 manatını geri alaraq mənimsəyib. Bundan başqa, Bozalqanlı adına Aşıq Sənəti Muzeyinin tikintisinə 5,8 milyon manat ayrılıb. Z.Sultanov tikintini həyata keçirəcək şəxsdən 100 min manatdan çox “şapka” alaraq mənimsəyib. Tovuz rayon Mədəniyyət Evinin yenidən tikintisinə ayrılan 5,4 milyon manatdan isə Z.Sultanova 50 min manat “pay” verilib. Z.Sultanovun “şapka” kimi aldığı ən böyük məbləğ isə İrəvan Dram Teatrının tikintisinə ayrılan puldan olub. Dövlət büdcəsindən bu iş üçün ayrılan 11 milyon manatdan 200 min manatı tikintini həyata keçirən şirkət tərəfindən Zakir Sultanova qaytarılıb. Bunlar hələ onun yola verdiyi rüşvət olaylarının bir hissəsidir. “Yeni Müsavat” qəzetinin yazarı Nazim Sabiroğlunun fikri ilə tamamilə razıyam: “14 ildir istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən Əbülfəs Qarayevin ətrafında bu cür adamların olması onun birbaşa məsuliyyətidir. Hələ ki, hüquqi yox, mənəvi məsuliyyətidir”.

Doğurdan da, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov milyon dollara “Tarqovı”da obyekt alır, nazirin bundan xəbəri olmursa, müavin Rafiq Bayramov büdcə vəsaitlərini talayır, mədəniyyət şöbələrinə rəhbərlərinə rüşvət alıb təyin edirsə və nazirin bundan da xəbəri olmursa, bu adama inandırıcı görünmür”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz