Mədəniyyət naziri Əbülfəs Qarayev “British Council” təşkilatının rəhbəri Kristofer Rodriges ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə də iştirak edib.
Görüş zamanı Azərbaycan və “British Council” arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir təşkilat ilə uzun illər ərzində davam edən sıx əməkdaşlıq nəticəsində həm teatr, həm də mədəniyyətin digər sahələrində qarşılıqlı əməkdaşlığın daha da dərinləşdiyini vurğulayıb.
Ə.Qarayev, xüsusilə 2018-ci ildən etibarən Mədəniyyət Nazirliyinin “British Council” ilə ölkədə mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində əməkdaşlıq nəticəsində bir sıra təkliflər irəli sürdüyünü və təşkilat tərəfindən bu təkliflərin dəstəkləndiyini bildirib.
Qeyd edib ki, nazirliyin təşkilatla əməkdaşlığı nəticəsində xarici ekspertlərlə birgə ölkəmizdə mədəni sənayelərin vəziyyəti ilə bağlı hesabat hazırlanıb və hazırda “Yol Xəritəsi” layihəsi üzərində iş aparılır. Bununla yanaşı, “British Council” ilə fiziki məhdudiyyətli şəxslərin mədəni həyata inteqrasiyası ilə bağlı bir sıra layihələr həyata keçirilib ki, bu da həmin şəxslərin mədəni həyatda iştirakının artmasına kömək edib.
Təşkilatın rəhbəri Kristofer Rodriges Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ölkəmizin inkişafını diqqətlə izlədiyini və humanitar sahənin bütün istiqamətlərində birgə əməkdaşlığa hazır olduğunu qeyd edib. Vurğulayıb ki, “British Council”in bir çox ölkələrlə həyata keçirdiyi layihələr mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir.
Nazir, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” və bu çərçivədə həyata keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. Həmçinin, bu ilin may ayının 2-3-də Bakıda 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirərək Forumda təşkilatın rəhbərliyini görməkdən məmnun olacağını qeyd edib.
Sonda Mədəniyyət Nazirliyi ilə “British Council” arasında niyyət sazişi imzalanıb. Bu saziş Azərbaycanla “British Council” arasında beş il müddətində gələcək əməkdaşlığın fəaliyyət proqramını müəyyən edir və bu fəaliyyət proqramı mədəniyyətin bütün istiqamətlərini əhatə edəcək.