Axtarış...

ABŞ Qarabağ məsələsində “demokratik” Paşinyandan necə məyus oldu... - CON BOLTONUN ETİRAFI

ABŞ Qarabağ məsələsində “demokratik” Paşinyandan necə məyus oldu... - CON BOLTONUN ETİRAFI


ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri, bu vəzifədə olarkən Azərbaycana və Ermənistana səfər edərək Yerevandakı hakimiyyət dəyişikliyinin Qarabağ münaqişəsinin nizamlanması baxımından hansı perspektivlər açıdığını araşdırmağa çalışan Con Bolton Paşinyanın “demokratik hökumətindən” gözləntilərinin doğrulmadığını deyir.

Virtualaz.org xəbər verir ki, Con Bolton “Armnews” kanalının efirində bu haqda danışıb. O deyib ki, Qarabağ münaqişəsinin səviyyəsi bir çox aspektlərdən yüksəlib. Bolton bildirib ki, Ermənistana səfəri zamanı baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinə dair qərar qəbul etmək üçün “gözəl mövqeyə malik olduğu” haqda bəyanatını nəzərdə tutur.

“Mən demokratik cəmiyyətdə yaşamaq imkanları yarandığına dair faktı konstatasiya edirdim. Bu elə dövr idi ki, xüsusən də həlli dalana dirənmiş beynəlxalq münaqişələrdən çıxmaq imkanını görmək olardı. İlkin görüşlərin gedişində mən ümidverici əlamətlər gördüm, lakin səfərimdən bir il sonra bu ümidlərin özünü doğrultmadığını və münaqişənin səviyyəsinin bir çox aspektlərdən yüksəldiyini müşahidə etdim”,-Bolton deyib.

Keçmiş müşavir hesab edir ki, bu hər iki xalq üçün itki olub. Boltonun sözlərinə görə, Qarabağ münaqişəsinin həllini tapmağın necə mürəkkəb iş olduğunu dərk edir.

“Mən Qafqazı mühüm region hesab edirəm, təkcə yerli sakinlər üçün deyil, eləcə də ABŞ və bütün dünya üçün. Burada reallıqda çox təhlükəli atmosfer var, sizin bir neçə qonşularınıza görə. Mən istərdim ki, ABŞ bu regiona daha çox diqqət ayırsın. İstərdim ki, biz bu regiona faydalı olaq, çünki regionun üç kiçik ölkəsi cənubdan və şimaldan iki böyük, problemli (Rusiya və İranı nəzərdə tutur,-red.) ölkə ilə əhatə olunub”,-Bolton əlavə edib.

Xatırladaq ki, Con Bolton 2018-ci ilin oktyabrında regionda səfərdə olub. O, Yerevana səfəri zamanı bildirmişdi ki, inqilab nəticəsində hakimiyyətə gələn Paşinyanın partiyası növbədənkənar parlament seçkilərində qalib gəlsə , bu Qarabağ məsələsində daha qəti qərar verməyə və həlledici addımlara təşəbbüs göstərməyə yaxşı imkan olar. O zaman Boltonun bəyanatı geniş rezonans doğurmuşdu və hətta belə xəbərlər yayılmışdı ki, ABŞ Yerevanda Qərbə yaxın qüvvələrin hakimiyyətə gəlməsindən istifadə edib münaqişənin həlli ilə bağlı yeni təşəbbüs, plan irəli sürüb. Yerevanda Paşinyanın rəqibləri xeyli müddət ona hansısa "Bolton planı" ilə bağlı hücumlar təşkil etdilər.

Lakin Paşinyan nəinki münaqişənin həllində hansısa irəliləyişlərə imkan yaratmadı, eləcə də özünün avantürist və təhlükəli bəyanatları ilə münaqişəni daha da kəskinləşdirərək danışıqlar prosesinin faktiki pozulmasına gətirib çıxardı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz