İran öz davranışını dəyişməsə və ABŞ-la müttəfiqlərinə qarşı müqaviməti dayandırmasa, çox böyük hesab ödəməli olacaq.
Axaraz xəbər verir ki, bunu Nüvə İranı Əleyhinə Birlik qeyri-kommersiya təşkilatının konfransında çıxışı zamanı ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib. Bolton çıxışı zamanı İran dini liderlərinin ABŞ-ı “Böyük şeytan” adlandırmasına da sərt cavab verib:
“Onlar məni ciddiyə alacaqlar. Mən onları əmin edirəm ki, əgər bizə, müttəfiqlərimizə, tərəfdaşlarımıza qarşı müqavimət göstərsələr, vətəndaşlarımıza zərər vursalar, yalan deyib, bizi aldatsalar, o zaman çox böyük hesab ödəyəcəklər. ABŞ sadəlövh deyil. Bizi aldatmaq, qorxutmaq olmaz. Tehran və tərəfdarlarının qanunsuzluq dövrü artıq bitib. Qanlı rejim və tərəfdarlarını ağır nəticələr gözləyir.
Qoy mənim mesajım hər kəsə aydın olsun. Biz izləyirik və biz sizin arxanızca gələcəyik”.
O, ABŞ-ın 2015-ci ildə imzaladığı nüvə razılaşmasını Amerika tarixinin ən pis diplomatik fiaskosu adlandırıb:
“O, rejimin yaratdığı destabilizasiya ilə mübarizə və ya onların hazırladıqları, tədarük etdikləri ballistik raketlərlə mübarizə üçün heç nə etmədi. Razılaşmanın ən pis tərəfi isə onun İranı nüvə silahı hazırlamaq yolundan həmişəlik məhrum edə bilməməsi oldu. Ayətullahların seçimi var. Biz bütün İranın gələcəyi üçün işıqlı və çiçəklənən yolu göstərmişik”.