Axtarış...

Çörəyimizin duzu niyə yoxdur? - silah məsələsinə REPLİKA

Çörəyimizin duzu niyə yoxdur? - silah məsələsinə REPLİKA

Artıq rəsmi olaraq təsdiqləndi ki, ermənilərin Tovuz istiqamətindəki döyüşlərdə bizə qarşı istifadə etdiyi silahlar Serbiyadan gəlib. Özü də, Gürcüstan üzərindən transferlə.

İlk ağla gələn kürəyə saplanmış xəncərdir. Təbii ki, nə qədər "demokratik", "insan hüquqları" və bu kimi anlayışları ütülü köynək və bahalı kostyum altında gizlədəcəklərsə, belə də davam edəcək. Onsuz da dünyanın "sülh carçıları"nın meşə qanunları ilə hərəkət etdiyini hamı bilir. Amma susur.

Serbiyanı nədə ittiham edəsən ki? Boşnaklara qarşı olunan terror və soyqırımı siyasətinin üstündən nə qədər vaxt ötüb? Belə baxanda, Xocalı ilə eyni aqibəti yaşayıb bu insanlar. Hər il də dünya bunu yad edir. Belə görünür ki, üzdə dəyişən, əslində, heç daxildə dəyişməyib.

Ermənilərin terrorçu olduğunu bəlkə də, bütün dünya bilir. Nə olsun ki? Amma kostyum altında qalan "demokratiya" bunu etiraf etməyə imkan vermir. Bir sözlə, Serbiyanın erməniyə silah verməsi bir tərəfdən baxanda, təbiidir. Daha Azərbaycanın bu ölkə üçün etdiklərini saymıram.

Gələk Gürcüstana. Qafqazda Azərbaycanın hesabına mövcudluğunu saxlayan bu ölkə əl altından iş görür. Keşikçi dağı məsələsində bizə olan münasibəti gördük. İndi isə erməni üçün koridor açıb. Deyə bilərik ki, daxili işidir. Bəli, siyasi cəhətdən belədir. Amma yediyi qaba tüpürmək nə deməkdir? Bəlkə də, bu sözlərim bir az sərt çıxacaq. Çörəyini kəsən kimi yenə qapıya gələcəksən axı... Azərbaycan öz humanist siyasəti ilə bəlkə də örnəkdir. Buna kimsə başqa anlam da verə bilər. Amma qapıya gələn düşmən belə olsa, onu ac yola salmaq bizim qanımızda yoxdur.

Təbii ki, siyasi cəhətdən buna qiymət veriləcək. Cavabı da pis olmayacaq. Serbiya da, Gürcüstan da bunu hiss edəcək. Amma inanmıram ki, dərs çıxaralar. Sanki çörəyimizin duzu yoxdur. Erməniyə çörək verdik, başımıza çıxdı. Gürcü də belə! Çörəyi kəsmək də adətimiz deyil. Bəs nə edək?


Orxan Əli, x “MediaPost”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz