Bildiyiniz kimi, bu gün qondarma rejim əzəli torpaqlarımız, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda qondarma “seçkilər” keçirəcək.
Bu və digər məsələlərlə bağlı hərbi ekspert Üzeyir Cəfərlinin KONKRET.az-a verdiyi müsahibəsini təqdim edirik.
– Üzeyir bəy, bu gün separatçılar “prezident” seçkiləri keçirəcək. Azərbaycan buna necə mane ola bilər?
– Bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi artıq bəyanat verib. Bizim əlimizdən gələn yeganə şey Azərbaycan diplomatiyasının verəcəyi bəyanat idi və bunu etdi. Türkiyə Xarici İşlər Nazirliyi də bütün tərəfdaş dövlətlərə bununla bağlı müraciət etdi. Prinsipcə, orada elə də əhəmiyyətli tədbir olmayacaq və o seçkiləri də 2-3 separatçı qurumdan başqa heç kim tanımayacaq. Nəzərə alsaq ki, Ermənistanda və işğal altında olan torpaqlarımızda vəziyyət gərgindir, ona görə də, sabah hələ nə olacaq o da bəlli deyil. Onlar, o seçkini necə keçirəcəklər?! Bu özü belə müzakirə mövzusudur ki, sabah onu necə təqdim edəcəklər?! Mən düşünürəm ki, o qədər də yaxşı olmayan bir nəticə olmayacağını özləri də başa düşürlər. Bütün beynəlxaq qurumların başı koronavirusla mübarizəyə qarışdığından separatçı rejim hiss etdirmir, amma çox böyük qorxu içindədir. Bilir ki, Azərbaycanın tam hüququ var ki, anti-terror əməliyyatı keçirtsin və separatçıları yerində oturtsun. Mənim fikrimcə əslində elə bunu etməliyik. Çünki 27 ildir ki, beynəlxalq qurumların nə isə etməsini gözləyirik. Onlar isə heç bir şey etməyiblər və etmirlər də. Yəni, ciddilik hiss olunmur. Ona görə Azərbaycan qərarı özü verməlidir. Sadəcə Azərbaycan ATƏT qarşısında müəyyən öhdəliklər götürüb o öhdəliklərə əsasən hər hansı bir qərar verə bilməz. Çünki sonra beynəlxalq reaksiyalar, təzyiqlər və s. ola bilər.
– Ukrayna torpaqlarını işğalda saxlayan separatçılara qarşı anti-terror əməliyyatları aparır və beynəlxalq qurumlar da bu əməliyyatlarda Ukraynaya dəstək verir. Azərbaycan bu əməliyyatlara başlasa, beynəlxlaq təşkilatlar bizim haqq işimizə mane olacaqlar. Niyə Azərbaycana qarşı ikili standartlarla yanaşırlar?
– Bu məsələ sırf siyasi məsələdir. Ona görə ki, böyük dövlətlər əlbir olub işğalçılığa son qoymaq üçün faktiki heç bir şey etməyiblər. Boş və mənasız danışıqları davam etdirirlər. Hərçənd ki, ən böyük təşkilat olan BMT-nin məlum qətnamələri yerinə yetirilməlidir və icra olunmalıdır, amma təəssüf ki, nə Amerika, nə Rusiya, nə də Fransa bu sənədlərdən ümumiyyətlə danışmırlar. Hər dəfə danışıqları danışıq xatirinə uzatmaqla məşğuldurlar. Bu isə uzun müddət davam edə bilməz. Çünki Azərbaycan daxilində də bu məsələ ilə əlaqədar çox böyük narazılıqlar və nigarançılıqlar var. Xalq artıq danışıqlardan bezib. Bunu ölkə başçısı da, güc strukturlarının rəhbərləri də başa düşür və dilə gətirirlər. Hər halda bu münasibət normal münasibət deyil, ikili standartdır. Azərbaycan 2016-cı ildə olduğu kimi qərarını versə və dayanmadan irəli getsə nəticə ala biləcəyik. Onsuz da faktiki olaraq bu gün özümüz öz problemlərimizi həll edirik və bizə kənardan heç kim dəstək olmur. Mənim mövqeyim separatçıların cəzalandırılmasından yanadır. Onlar düşünürlər ki, bir gün kimsə bunların “müstəqilliklərini” tanıyacaq, amma həmin addımı atacaq ölkə dünyada özünü çox çətin vəziyyətdə qoymuş olacaq. Biz nə qədər mülayim davranırıq onlar da elə bilirlər ki, bizim onlardan qorxacağımız, çəkinəcəyimiz nə isə var. Bütün bunların başında sırf ermənilərin havadarları durur. Bu rəsmi Moskvanın mövqeyidir. Əgər Moskva olmasaydı, ermənilər illərlə bu məsələni yubatmaz və həll edərdilər.
– Hal-hazırda beynəlxalq təşkilarlar fəaliyyətlərini koronavirus təhlükəsinə görə müvəqqəti dayandırıblar. Azərbaycan bundan istifadə edərək anti-terror əməliyyatına start verərsə nə baş verər?
– BMT qətnamələri və düşmənin son günlər azğın hərəkətləri buna imkan verir ki, biz hərəkətə keçək. Hərəkət etmək lazımdır. Hərəkət olmasa, danışıqlar da beləcə, nəticəsiz davam edəcək. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət! Ermənistan Azərbaycanla baş-başa qalmaq gücündə deyil. Azərbaycan bu məsələdə gecikməməlidir.
– Üzeyir bəy, Milli Məclisin plenar iclasında çağırış vaxtının uzadılması ilə bağlı qərar qəbul edildi. Sizin fikrinizcə, bu gecikmə Müdafiə Nazirliyinin bölmələrində xidmətin təmin olunmasına hər hansı bir mənfi təsir göstərə bilər?
– Silahlı Qüvvələrin heç bir bölməsi belə bir çətinliklə üzləşməyəcək. Hər 3 aydan bir çağırış olur. Gələn gənc əsgərlər 3 ay müddətində yetişdirilir və ehtiyata göndərilənlərin yerinə xidməti təhvil alırlar. Bizim kifayət qədər müddətli hərbi qulluqçumuz var ki, xidməti təmin etsinlər.
– Bir evdə iki oğul varsa, və biri şəhid olubsa, digəri hərbi xidmətə aparılması zəruridir?
– Övladının biri şəhid olan valideyn, vətən qarşısında artıq vəzifə borcunu artıqlaması ilə yerinə yetirmiş sayılır. Digər övladına görə güzəştə gedilməlidir. Bu fikirləri gündəmə gətirdikdə bizə deyirdilər ki, konstitutsiyanın 25-ci maddəsinə görə hər kəs bərabərdir. Təkcə o maddə deyil axı, mənim orada yaşamaq, azadlıq və digər hüquqlarım var. Bilirsiz, məhəbbət bir tərəfli olmur, qarşılıqlı olur. Vətəndaşın dövlət qarşısında olduğu kimi, dövlətin də vətəndaş qarşısında müəyyən öhdəlikləri var. Dövlət də vətəndaşına görə məsuliyyət daşıyır. Ona görə də, bu birtərəfli olmamalıdır. Bəlkə, o uşaq sabah deputat, alim, mühəndis və ya hər hansı bir vacib vəzifəyə gəlib çıxa biləcək? Bax belə…