Axtarış...

Kremlin gizli planına qarşı İrəvanın Xocalı şantajı - TƏHLİL

Kremlin gizli planına qarşı İrəvanın Xocalı şantajı - TƏHLİL


Bir neçə gündən sonra - fevralın 26-da XX əsrin ən dəhşətli qətliamlarındam olan Xocalı soyqırımının 28-ci ildönümü tamam olacaq. Bu faciə, hara yozsalar da, şəkk-şübhəsiz, erməni xalqının vicdanındadır, onun üzərində bəşəriyyət əleyhinə ağır cinayət, ləkə kimi əbədi qalacaq. Mənfur qonşular isə cəmi 28 il öncə törətdikləri, yetərli foto, video-dəlilləri və sənədləri olan bu genosid aktını etiraf edib Azərbaycan xalqından üzr istəmək əvəzinə, 105 ildir Türkiyəyə qarşı tarixdə olmayan və heç bir sənədlə təsdiqlənməyən “soyqırım” iddiası ilə yaşayırlar.

Bu rəzıl, insanlıqla bir araya sıxmayan erməni xarakteri və təfəkkürünə biz bir daha baş nazir Nikol Paşinyanın timsalında fevralın 15-də, Münhen Təhlükəsizlik Konfransında prezident İlham Əliyevlə debatda səslənən sözlərlə əminlik hasil elədik. Paşinyan dünyanın gözünün içinə baxa-baxa, sələfləri kimi həyasız yalanlar danışdı, iddia elədi ki, Xocalı soyqırımı azərbaycanlılar törədib. Guya Azərbaycan xalqı özü-özünü soyqırıma məruz qoyub. Guya ovaxtkı prezident Ayaz Mütəllibov Rusiyanın “Arqumenti i faktı” həftəlik nəşrinə müsahibəsində bunu etiraf edibmiş.

*****

Təbii ki, bütün bunlar blef idi. Artıq adı çəkilən nəşr Ayaz Mütəllibovun ona müsahibəsində belə fikir söyləmədiyini rəsmən bəyan edib və erməni baş naziri bütünlüklə təkzib edib. Mütəllibov özü isə illərdir bunu inkar edir və yenə də yalanlayıb. Di gəl, yalan ustası ermənilər öz yollarına davam edirlər.

Maraqlıdır ki, ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin (sabiq prezidentlər Serj Sərkisyan, Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan - Xocalı hərbi caniləri) və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb. Status belədir: “Fakt faktlığında qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”.

Bundan təxminən bir neçə dəqiqə sonra isə N.Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib. Lakin sözügedən status skrin edilərək, erməni mediasında paylaşılıb.

Əvvəla, deyildiyi kimi, Xocalı soyqırımına görə əsas məsuliyyət Azərbaycana qarşı torpaq davası aparan ermənilərin üzərindədir. Hərçənd, Xankəndindəki 366-cı Rusiya motoatıcı alayı da qətliamda fəal iştirak etdiyi məlumdur. Alayın rəhbərliyində isə çoxlu sayda erməni zabit olub. Birinin adını çəkdik - Seyran Ohanyan. Lakin bu gerçəklik Rusiyanı məsuliyyətdən tam azad eləmir. Danılmaz Fakt budur ki, hərbi hissənin bütün hərbi texnikası 7 min əhalisi olan balaca Xocalı şəhərinə hücum üçün səfərbər edilmişdi.

Məsələnin başqa maraqlı tərəfi isə Paşinyanın Xocalı qətliamına görə Rusiyanı ittiham eləməsidir. Yeri gəlmişkən, Paşinyan ilk erməni rəhbəridir ki, bunu dilə gətirib - sonradan statusunu silsə də. Hər halda, belə yanaşma, “Xocalı soyqırımını azərbaycanlılar özləri törədib” sərsəmləməsindən abırlı görünür. Ancaq bir məqam da var. Belə görünür, bununla erməni baş nazir ona hələ də isti münasibət bəsləməyən rəsmi Kremlin “bostanına daş atmaq” istəyib.

*****

“Yeni Müsavat” xatırladır ki, bundan qabaq, təxminən bir il öncə isə Paşinyan “Rus NATO-su” kimi tanınan KTMT-nin erməni əsilli baş katibi, general Yuri Xaçaturova qarşı 1 mart 2008-ci il qanlı olaylarına görə Moskvanın izni olmadan cinayət işi açmış, onu hətta qısa müddətə həbs də etdirmişdi. Ardınca o, prezident Vladimir Putinin yaxın dostu Robert Köçəryanı zindana saldırdı. Putinin xahişlərinə rəğmən Köçəryan hələ də oradadır.

Bir neçə ay qabaq isə N.Paşinyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsi ilə bağlı cinayət işinin yenilənməsinə göstəriş vermişdi. Qərbyönlü siyasilərin qətli ilə nəticələnən həmin terror aktında “Moskva izi” olduğu deyilir. İndi də Rusiyaya qarşı Xocalı soyqırımı ilə bağlı ittiham. Hərçənd, təkrar edirik, 366-cı hərbi hissənin soyqırımda iştirakı təsdiqlənmiş faktdır.

Ehtimal ki, son gediş həm də Moskvanın hələ də gizli qərbçi saydığı Paşinyan və komandasına qarşı “V planı” ilə birbaşa bağlıdır. Söhbət Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Moskvanın adamı olduğu şübhə doğurmayan general Artur Vanetsyanın siyasi partiya yaradıb indiki hakimiyyətə qarşı hərəkətə keçmək planlarından gedir.

Bu arada məlum olub ki, Vanesyan indiki hakimiyyətə qarşı hətta həbsdə olan R.Köçəryanın oğlu Sedrak Köçəryanla iş birliyi qurmağa hazırlaşır.

“Keçən ilin dekabrında Sedrak Köçəryan yeni partiya yarada biləcəyini istisna etməmişdi. Fevral ayında isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, general Artur Vanetsyan yeni partiyanı quracağını elan etdi”. Bu haqda “Jamanak” qəzeti yazıb. Nəşrin iddiasınagörə, Vanetsyan və Köçəryan ailəsi öz qüvvələrini birləşdirərək ortaq bir partiya qurmaq haqda razılaşma əldə edib.

Başqa bir erməni nəşri - “Joxovurd” qəzeti də vaxtilə hakimiyyətdə olmuş “Qarabağ klanı”nın müxalif qüvvələrlə birləşərək partiya qura biləcəyini mümkün sayıb.

“Hraparak” qəzeti isə yazıb ki, yeni partiya ideyası ətrafında müzakirələr ötən həftə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüşdən sonra qızışıb. Nəşrin iddiasına görə, Paşinyanın görüşdə özünü qeyri-adekvat aparması və İlham Əliyev qarşısında susqunluq nümayiş etdirməsi Ermənistanda narazılıqla qarşılanıb. “Hraparak” Paşinyanın susqunluğunu “Azərbaycan tərəfinin təkliflərinə razılıq” kimi qiymətləndirib.

Qəzet Qarabağ klanının artan təzyiqləri qarşısında Paşinyanın ABŞ-ın Açıq Cəmiyyət İnstitutuna (Soros Fondu) güvəndiyini bildirib: “Soros Fondu ilə ən fəal əməkdaşlıq edən ”Mənim addımım" fraksiyasının nümayəndəsi Marina Karapetyandır. Görünür, sədr (Paşinyan) da Marina Karapetyanın təsiri altındadır".

*****

Əlavə edək ki, Moskva Soros Fondunu və ABŞ-ın Ermənistandakı səfirliyini iki il öncə Ermənistanda baş verən “məxməri inqilab”ın əsas sponsorları hesab edir. Soros Fonduna qarşı İrəvanda vaxtaşırı təşkil edilən etiraz aksiyalarının arxasında Rusiyapərəst qüvvələrin dayandığı da sirr deyil.

O ki qaldı Paşinyanın yenə Kremlə növbəti dəfə “dil uzatması”na, bununla o, şübhəsiz ki, Rusiyanı şantaj eləmək istəyir, eyni zamanda Qərbə, ABŞ-a mesaj göndərir ki, istənilən an o, rusları atıb onları tuta bilər. Bunu yəqin ki, artıq Rusiyaya da bilirlər. Həm də çoxdan...
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz