Kürün Xəzərlə birləşdiyi hissədə, əsasən Neftçala rayonu ərazisində çay suyunun azalması narahatlıq yaradıb.
Neftçalanın Bankə qəsəbəsindən olan fermer İsbat Bayramov deyir ki, rayondakı təsərrüfatlar buna görə böyük zərər görür. Əgər müvafiq dövlət orqanları qısa müddətdə tədbir görməsələr, əhali acınacaqlı vəziyyətdə qalacaq.
28 yaşlı təsərrüfatçı Kürün dənizə töküldüyü ərazinin təxminən bir kilometrliyində heyvandarlıqla məşğuldur. Onun sözlərinə görə, fermerlər çox ciddi su problemi ilə üzləşib.
“Kürün səviyyəsi aşağı düşdüyünə görə çay dənizə axmır. Yəni Kür dənizə tökülməkdən, dənizin suyu çaya tərəf gedir. Bu da suyu çox şorlaşdırır. Mal-heyvan suya yaxın gedə bilmir, zəhər kimidi. Heyvanlar bu suyu içəndə də qızdırırlar. Tək mən deyiləm, başqa fermerlər də bundan əziyyət çəkirlər”, - gənc fermer belə deyir.
Problem son bir həftədə lap ciddiləşib. Bir tərəfdən Kürün səviyyəsi azalıb, digər yandan da kəskin xəzri küləyinin əsməsi dəniz suyunu çaya istiqamətləndirir. Sıxıntı təkcə Bankə qəsəbəsinin sakinləri üçün yaranmayıb. Neftçalanın Kür sahili kəndlərində - Mayakda, Yenikənddə evlərə su şor halda gəldiyi üçün içməkdən imtina etməyə məcburdular.
İsbat Bayramov deyir ki, Neftçala Rayon İcra Hakimiyyəti problemdən xəbərdardır: “İcra başçısı Mirhəsən Seyidov “Azərsu” ilə birlikdə tədbir görüb əhalini birtəhər içməli su ilə təmin etməyə çalışır. Bəs mal-qara necə olsun? Təkcə iyunun 5-də mənim təsərrüfatımda beş heyvanım qızdırıb. Sübh adası adlanan yerdə adamlar evlərindən suyu daşıyıb, inəklərə, camışlara verirlər”.\
İsbat Bayramov təsərrüfatında 3 minə qədər mal-qara olduğunu bildirir. Amma ümumilikdə 30 min başa qədər heyvan saxlanılır. Fermerin fikrincə, dövlət başçısı məsələyə müdaxilə edib bir əncam çəkməsə, daha ağır vəziyyət yaranacaq: “Məncə, prezidentimiz problemdən xəbər tutsa, biganə qalmayacaq. Mingəçevirdən su açılmalıdır ki, suyun səviyyəsi artsın”.
Fermer deyir ki, Neftçalanın deputatı Sabir Rüstəmxanlıya müraciət edib. İsbat Bayramov onun problemi həll etmək üçün çox çalışdığını bildirir: “İnsafən, məsələ ilə maraqlanıb, müəyyən işlər görüb. Sağ olsun ki, vaxt ayırıb. Çox pis vəziyyətə qalmışıq. Təsərrüfatımız batır. Bunun axırı necə olacaq, bilmirik. Allah özü insanların dadına çatsın. Camaat çox narahatdır, əziyyət çəkirlər. Başqa fermerlər də müxtəlif dövlət orqanlarına müraciət ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat da veriblər. Hələ ki, qəti bir söz deyən yoxdur”.
Neftçalanın keçmiş icra başçısı, Sabir Rüstəmxanlının köməkçisi Fərman Hüseynov xəbər tutan kimi Kürsahili ərazidəki adamlarla problemi öyrənmək üçün danışdığını, müəyyən strukturlarla əlaqə saxladığını deyir:
“İndiki vəziyyətdə çıxış yolu Mingəçevirdə Kürə müəyyən qədər suyun buraxılması olar. Böhran vəziyyətindən belə çıxmaq olar. Sabir müəllim bütün istiqamətlərdə addım atır. Amma bu, kompleks yanaşma istəyir. Dövlət səviyyəsində ciddi yanaşılası problemdi. Bu, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin qarışması ilə həll olunası məsələdi. Sabir müəllim bütün strukturları məlumatlandırıb”. //bakupost.az//