Mingəçevir şəhərində Kür çayının kənarında yerləşən "Sahil" parkı şəhər sakinlərinin və bura gələn turistlərin əsas istirahət məkanlarındandır. Axşam saatlarında qələbəlik olan istirahət məkanına gündüzlər, əsasən, yaşlı insanlar gələrək, təmiz hava udub istirahət edirlər. Lakin son vaxtlar sakinlər bu gözəl məkandan qaçaq düşüblər.
Şəhər sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətlərində suyun çirkli, üfunətli iyindən çaya yaxın durmaq mümkün olmadığını deyiblər. Onlar istirahət məkanında fəaliyyət göstərən iaşə obyektlərinin işlərinə məsuliyyətsiz yanaşmasından, əllərinə keçən zir-zibili çaya tökməsindən və buna nəzarətin olmamasından şikayətləniblər.
Şəhər sakini Fikrət Həsənov Mingəçevirdə Kürə qarşı sərgilənən ögey münasibətdən gileylənib: "Hər gün Kürün qırağında 5 km piyada gəzirəm. Hər gün sahilə yaxınlaşanda çirklənmiş ərazini görürəm, ürəyim ağrıyır. Burada bir neçə iaşə obyekti tikilib, əksəriyyəti da zibilini çaya atır. Heç bir qurum bununla maraqlanmır, nəzarət yoxdur. Nəticədə üfunət iyindən sahildə gəzmək olmur".
Təqaüdçü müəllim Vahid Quliyev isə çayı zibilləyənlərə qarşı ictimai qınağın artırılmasını istəyir: "Kür Gürcüstandan axıb gəlir. Çox vaxt çayın oradan çirkləndirilməsi ilə bağlı şikayətlər səsləndirirlər. Lakin biz özümüz heç onun təmiz saxlanmasına əməl etmirik. Kimin əlinə nə keçir, suya atır. Bunun qarşısını almaq üçün ictimai qınaq olmalıdır, tək aidiyyatı qurumlar yox, şəhər əhalisi də Kürün təmizliyinə nəzarət etməlidir".
"Düzdür, deyirlər, su saflıqdır, murdarlıq götürməz, amma biz o suyu saflıqdan çıxarmışıq" — deyən V.Quliyev aidiyyatı qurumların mütəmadi iməciliklər, tədbirlər keçirməsini, sakinlərin də hamılıqla təmizlik işlərində iştirak etməsini məsləhət görür.
Şəhər sakini Məhəmməd Bayramov isə 6 il öncə ürəyindən əməliyyat olunduğunu, buna görə də hər gün çay sahilinə gedərək, piyada gəzdiyini deyir. Lakin kəskin üfunət iyi səbəbindən, o, artıq gəzinti üçün yeni ərazi axtarmağa məcbur olub: "Acınacaqlı durum yaranıb. Yosun bir tərəfdən çayı basıb, atılan zibillər də ona ilişib qalır suyun üzündə. Qaldıqca da başlayır üfunət iyi verməyə".
"Həmişə bura həvəskar balıqçılar çıxırdı. Daha onlar da burda balıq tutmur, deyirlər ki, tutduqları balığın dadı dəyişib. Buranın çirklənməməsi üçün ilk növbədə nəzarət olmalıdır. Ən azından, xəbərdarlıq nişanları qoyulmalı, əməl etməyənlər cərimələnməlidir ki, belə hallar yaşanmasın. İaşə obyektlərinin sahibləri də müştərilərinin rahatlığı üçün ərazini çirklənmədən qoruya bilərlər" — şəhər sakini vurğulayıb.
Problemlə bağlı 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdir müavini Şahin Məmmədovla əlaqə saxladıq. Ş.Məmmədov sözügedən problemlə bağlı bir neçə vaxtdır məşğul olduqlarını bildirib.
Qeyd edib ki, yaxın günlərdə digər aidiyyatı qurumların da təmsil olunacağı monitorinq qrupu yaradılacaq: "Monitorinq qrupu tərəfindən ərazinin hansı səbəblərdən çirklənməsi araşdırıldıqdan sonra bir neçə təşkilatın iştirakı ilə Kür sahilinin təmizlənmə işlərinə başlanılacaq".