Coğrafiya İnstitutunun direktor müavinindən ilginc açıqlamalar; “Kanalizasiya suları, yararsız vəziyyətə düşmüş borulardan sızan sular çökmənin və sürüşmənin əsas səbəbləridir”
Bakının Nobel prospektindəki çökmənin səbəbləri günlərdir ki, müzakirə olunur və müxtəlif versiyalar irəli sürülür. Ən çox diqqət cəlb edən versiya isə su və kanalizasiya xətlərindəki sızmalardır. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə məsələ ilə bağlı mətbuata açıqlama verərkən bildirib ki, yoldakı çökmə qurumun su və kanalizasiya xətlərindəki sızmalarla bağlı deyil: “Hazırda ərazidə iki qrupumuz işləyir. Biri georadar qrupudur ki, onlar torpağın altında qrunt sularının səviyyəsini, eləcə də qruntun tərkibini öyrənməklə məşğuldur. Torpağın 24 metr dərinliyindən bizim xətlərimiz, Sahil kollektorumuz keçir. İkinci qrupumuz hazırda oradadır. Məhz həmin kollektor Bakının əsas tullantı sularını daşıyıb Hövsana yönəldir. Əməkdaşlarımız 24 metr dərinlikdəki quyuya daxil olub, kənardan qrunt sularının ora daxil olmaması üçün qabaqlayıcı tədbirlər görürlər. Bildiyiniz kimi, qrunt suyu kənardan suya daxil olanda özü ilə torpaq yuyub gətirir. Torpağın da yuyulması hesabına yolda çökmə yarana bilər. Bunlar ehtimallardır”.
A.Cəbrayıllı onu da vurğulayıb ki, “Azərsu” ASC-nin Nobel prospektindən keçən su xətlərində, eləcə də kanalizasiya xətlərində heç bir axıntı yoxdur.
Qeyd edək ki, Bakıda yeraltı çayların olması və bunun torpağın alt qatlarını yuması nəticəsində sürüşmənin meydana gəlməsi ilə bağlı iddialar da var.
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bildirdi ki, paytaxt Bakıda yeraltı çayların olması ilə bağlı elmi baxımdan əsaslandırılmış bir fakt yoxdur: “Mehdi Hüseynin ”Yeraltı çaylar dənizə axır" adlı bir əsəri var idi . O roman əslində bu məsələləri izah edirdi. Güman edilirdi ki, Yasamal rayonundakı “Qanlı göl”dən dənizə doğru belə bir çay axır. O zaman “Elmlər Akademiyası” metro stansiyası da uzun müddət hazır vəziyyətdə olmasına baxmayaraq, istifadəyə verilmirdi. Ancaq elmi baxımdan sübut olunmuş hər hansı bir fakt yoxdur ki, Bakıda yeraltı çay axsın. Bakının coğrafi quruluşu də amfiteatrı xatırladır. Bu səbəbdən yeraltı sızıntılar hər zaman ola bilər. Lakin yolların çökməsi daha çox insan amili ilə bağlıdır. Kanalizasiya suları, yararsız vəziyyətə düşmüş borulardan sızan suları çökmənin və sürüşmənin əsas səbəbləridir. Yeraltı çaylarla bağlı elmi cəhətdən sübut olunmuş hər hansı mülahizə yoxdur".
Yaşıllıqların məhv edilməsindən sonra sürüşmə hallarının artması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Məhərrəm Həsənov bildirdi ki, bu mülahizədə həqiqət payının olduğunu vurğuladı: “Ağaclar ilk növbədə torpaqdakı suyu sorur və buxarlandırır. Digər tərəfdən ağacın kökləri torpağı möhkəmləndirir. Bu iki proses sözsüz ki, sürüşmənin qarşısını alır. Bakının iqlim şəraiti elədir ki, burada təbii olaraq ağacların bitməsi çətin məsələdir. Ona görə də, yaşıllıqları qırmaq olmaz. Əskinə çoxlu ağac əkmək, yaşıllıq əraziləri artırmaq lazımdır. Bu həm yeraltı suların buxarlanmasına, həm də torpağın möhkəmlənməsinə səbəb olur. Xatırlayırsınızsa, Bakıda Alov qüllələri yaxınlığında sürüşmə baş verərkən, orada görülən tədbirlərdən biri də evkalipt ağaclarının əkilməsi oldu. Bu ağaclara nasos ağac deyirlər, onun suyu buxarlandırma effekti daha böyükdür”.
Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov da qəzetimizə danışarkən vurğuladı ki, suyun mənbəyinin nə olduğu araşdırılıb ona uyğun tədbirlər görülməlidir: “Bu ərazi zavodların çox olduğu yerdir, yolun hər iki tərəfində çox sayda zavodlar fəaliyyət göstərib. İndi onların bir qismi sökülüb. O zaman həmin ərazidə çoxlu borular olub, qədimdən neft boruları da ərazidə qalıb. Onların çoxu yerin altındadır, bir hissəsi çürüyüb. Ona görə də, neçə illərdir həmin yolda çökmələr baş verir. Səbəbi isə bu günə qədər tapılmayıb. Suyun mənbəyinin nə olduğu bilinmir. Hər il həmin yolun bərpasına nə qədər xərc gedir. Ərazidə araşdırmalar, qazıntılar aparılmalı və suyun haradan axması, həcmi müəyyənləşdirilməlidir.
Həmçinin suda nümunələr götürülüb analizlər aparılmalıdır ki, təmiz su, yoxsa kanalizasiya suyu olduğu bilinsin. Mən 24 metr dərinlikdə kanalizasiya xətlərinin olmasına şübhə edirəm. Çünki o dərinlikdə kanalizasiya borusu qoyulmayıb. Bəlkə də, qədimdə qoyublar, daha sonra üzərində torpaq tökülüb və altda qalıb. Orada sənaye zavodları tikilərkən Bakıxanov qəsəbəsində başlayaraq, ”8-ci kilometr" və Keşləyə qədər olan ərazini əhatə edən kollektor da tikilib. İndi həmin sənaye obyektləri yoxdur".
Əzim Məsimov onu da vurğuladı ki, Abşeron quru zonadır və orada qrunt suları yoxdur: “Qrunt suları insanın fəaliyyəti ilə əlaqədar ortaya çıxan kanalizasiya sularıdır. Bu gün Şimali Abşeron ərazisində hər yerə su verilir, ancaq kanalizasiya sistemi çəkilməyib. İnsanlar hərə öz həyətində kanalizasiya quyusu qazıb. Həmin sular yerin altından süzülür, torpağı yuyur, ayrı-ayrı yeraltı cığırlar sonradan birləşib yeraltı çaya çevrilir, yəni güclü su axını əmələ gəlir. Kanalizasiyaya gedən sular haradansa çıxmalıdır. Ona görə də, bu ərazidəki suyun mənbəyi müəyyənləşdirilməlidir. Bundan sonra konkret qərar qəbul edilməli və iş aparılmalıdır ki, yollar vaxtaşırı çökməsin. Hələ 70-80-ci illərdə belə bir fikir var idi ki, Bakının 19-cu əsrin sonlarında tikilən su şəbəkəsi artıq sıradan çıxıb və Bakıya gələn suyun 40 faizi yerə çökür. İndi müəyyən işlər görülüb, hələ görülməyən işlər də çoxdur. İstismar olunan köhnə borular xəlbir vəziyyətinə düşüb və təzyiq artanda sızmalar da çox olur”.
pia.az