Hövsan ərazisində yerləşən çimərliklərin birində kanalizasiya çirkabı birbaşa dənizə axıdılır. Bu günlərdə sosial şəbəkələrdə bununla bağlı videogörüntü yayılıb. Görüntülərdən bəlli olur ki, çimərlik ərazisindən istifadənin qadağan olunması ilə bağlı xəbərdarlıq nişanları da asılıb, lakin buna məhəl qoyulmur. Yaxınlıqda yaşayan sakinlər kəskin üfunətdən, natəmizlikdən şikayətləniblər. Sakinlər deyiblər ki, Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar nazirliklərinə tədbir görülməsi üçün çoxsaylı müraciət ünvanlayıblar. Onlara yaxın zamanlarda problemin həllini tapacağı vəd olunub.
Virtualaz.org Hövsanda dənizə yaxın ərazilərin zəbt edilərək qeyri-qanuni evlər tikilməsi, kanalizasiya xətti olmadığından çirkabın birbaşa dənizə axıdılması ilə bağlı problemi hələ 1 il əvvəl işıqlandırmışdı. Yaxınlıqda yaşayan sakinlər sayta bildirmişdilər ki, son iki-üç ilədək bu ərazilər çimərlik hesab olunub. Sonradan ərazi zəbt edilib, qanunsuz evlər tilib. İndi evlərlə dəniz arasında az qala 10-15 mert məsafə var. Yeni salınan qəsəbənin kanalizasiya xətti olmadığından çirkab dənizə axıdılır. Xüsusilə, küləkli havada üfunətdən nəfəs almaq mümkün deyil.
Abbas Vəliyev adlı Hövsan sakini ev dəllallarının əvvəlcə ərazini hasarlayaraq balaca gecəqondu tikdiyini, ardınca dəniz sahillərində hazır ev adı ilə satışa çıxarıldığını söyləmişdi: “Gördüyünüz evlərin əksəriyyəti ev dəllalları tərəfindən inşa edilib. Bu evlər tikiləndən sonra üfunət iyindən çimərliyə yaxın durmaq olmur”.
Şakir İsmayılov isə təkcə kanalizasiya çirkabının deyil, məişət tullantılarının da dənizə atılmasından şikayətlənmişdi: “Çimərliyə girişin pullu olub-olmamasının fərqi yoxdur, burda kanalizasiya dənizə axır, 2 metr kənarda isə pullu çimərlik var. Sadəcə olaraq orada oturacaq, çətir, bir də çay, yemək verilir”.
Görünür ki, üzərindən düz bir il keçsə də, vəziyyət dəyişməz qalıb. 1 il ərzində dəyişən yalnız Hövsan çimərliklərinin qadağan olunmuş ərazilər siyahısına daxil edilməsidir ki, görüntülərdən buna da riayət edilmədiyi məlum olur.
Hövsan bələdiyyəsindən sədr Elburus Xəlilovun işdə olmadığını, suallara yalnız onun cavab verəcəyini söyləyiblər. Bələdiyyənin adını söyləməyən əməkdaşı etiraf edib ki, xüsusilə Bağlar adlanan ərazidə kanalizasiya çirkabı dənizə axıdılır və bundan hamı xəbərdardır. “Güman ki, videogörüntüdəki yer Bağlar adlanan ərazidir. Sakinlər həmin ərazini keçmiş “Gəmi Təmiri zavodu” ərazisi kimi tanıyırlar. Həmin ərazidə evlər dənizin bir addımlığında tikilib, kanalizasiya xətti yoxdur”.
Suraxanı Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, çirkabın dənizə axıdılmasının qarşısını almaq üçün kanalizasiya xətti çəkilməlidir. Buna görə də, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət ünvanlanıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, builki çimərlik mövsümündə Hövsan çimərliyindən istifadə tövsiyə edilmir. Çünki dəniz suyundan götürülmüş nümunələrdə baktoroloji çirklənmə normadan 5-10 dəfə çox qeydə alınıb. Ərazidə çimməyin qadağan olması üçün bələdiyyəyə, yerli icra orqanlarına, eləcə də polisə məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov Hövsan-Türkan ərazisində tullantı sularının dənizə axıdıldığını təsdiqləyib və belə halların mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Hövsan ərazisində təmizləyici qurğu olmadığından tullantı suları təmizlənmədən dənizə axıdılır.
Ə.Həsənov təəssüflə qeyd edib ki, təkcə obyekt və müəssisələr deyil, fərdi yaşayış evlərində də formalaşan tullantı suları dənizə axıdılır. “Həmin ərazidə kifayət qədər təmizləyici qurğu yoxdur, olanların da keyfiyyəti tələblərə uyğun deyil. Nə qədər ki, standartlara cavab verən təmizləyici qurğular qurasdırılmayıb, bu problemlə üzləşəcəyik. Dənizi çirkləndirənlərə tərəfimizdən məcburi göstərişlər verilib, dəfələrlə cərimələr tətbiq olunub”, – Həsənov deyib.
İdarə rəisi əlavə edib ki, təmizləyici qurğuların quraşdırılması üçün dəfələrlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə də xəbərdarlıqlar olunub, cərimələr tətbiq edilib. Eyni zamanda, həmin ərazidə yaşayan sakinlərə, obyekt sahiblərinə nazirlik adından müraciət edir ki, tezliklə modul tipli, kiçik həcmli çirkab sular təmizləyiciləri qurasdırsınlar və Xəzəri çirkləndirməsinlər: “Bununla həm də suya qənaət ediləcək, sakinlər və sahibkarlar su təmizlyici qurğudan keçən sudan yaşıllıqların suvarılmasında, təsərrüfatlarında istifadə edə biləcəklər”.
“Azərsu” Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı layihə var, həmin əraziyə də kanalizasiya xətti çəkiləcək, işlər mərhələli şəkildə yerinə yetirilir.