Koronavirusla bağlı işləməyən, az təminatlı şəxslərə birdəfəlik 190 manat müavinəti verməmək üçün, “dəridən-qabıqdan çıxan” Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, gah pay torpağı məsələsini, gah vöen məsələsini ortaya ataraq, prezident cənab İlham Əliyevin yuxarıda göstərilən müvafiq sərəncamını pozmaqdan çəkinmədi.
Baxmayaraq ki, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və onun müavini Sahib Ələkbərov pay torpağının və vöenin bu məsələyə, yəni 190 manatın o kateqoriyadan olan şəxslərə ödənilməsinə heç bir dəxli olmadığını dəfələrlə vurğulamışlar. Sahil Babayev bunu görməzdən, eşitməzdən gəlir, hansısa maraqlarına gorə minlərlə vətəndaşı prezidentdən narazı salır.
İş orasındadır ki, Sahil Babayev ölkə rəhbərliyinin şəxsən tapşırdığı məsələləri də yerinə yetirmir artıq. Belə ki, 3 aprel 2019-cu ildə, Heydər Əliyev Mərkəzində Birinci vitse-prezident Mehriban Əliyeva müharibə əlilləri ilə görüşərkən, sağlamlığını itirdikdən sonra, Müdafiə Nazirinin müvafiq sərəncamına əsasən, "3-cü dərəcəli hərbi xidmətdə fərqlənmə medalı" ilə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyii tərəfindən "Vətən Naminə" medalı ilə, hərbi xidmət dövründə bir neçə "Fəxri Fərman" və "Təşəkkürnamə" ilə təltif olunmuş, ikinci qrup Qarabağ əlili (əslində I qrup olmalıdır çünki snayperlə vurulduğundan sağ gözünü itirmişdir) Qarabağ Qazisi Əzizzadə Rəhman Həsən oğlu ilə də görüşmüşdür. 28 12 2014-cü ildə, düşmən təxribatının qarşısını alarkən ağır yaralanmış, nəticədə sağ gözünü tam, sol gözünün görməsini isə qismən itirən, başında çoxlu qəlpələr gəzdirən Rəhmanı dinəyən Mehriban xanım Əliyeva yerindəcə Anar Ələkbərova göstəriş vermişdir ki, Rəhmana mənzil verilməsini təmin etsinlər. Anar Ələkbərov dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamış və Rəhmana deyilmişdir ki, sənə növbədənkənar mənzil veriləcəkdir. Lakin o vaxtdan 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, nazirlik Rəhmanı qəbul etmir, ona yekdil bir söz demir. Sosial Müdafiə Fondunun Vüqar adlı rəsmisi onu qəbul edir və mədəni şəkildə başından edir.
Burada çoxlu suallar meydana çıxır. Görəsən, Sahil Babayevin bir yaxını Rəhmanın vəziyyətində olsaydı, nazir nə edərdi?
Görəsən, hansı səbəblərə görə, hörmətli Mehriban xanımın tapşırığını yerinə yetirmir nazır?
Nazirin nə marağı var ki, kirayədə yaşayan, 30 yaşı olmasına baxmayaraq, evsizlik ucbatından hələ də ailə qura bilməyən müharibə əlilinə mənzil vermir?
Rəhmanın xüsusi bir sualı var nazir Sahil Babayevə. Rəhman soruşur ki, nazir onun yerində olsaydı nə edərdi və yaxud olmaq istərdimi?
Rəhman ona düzətdirilmiş protez gözünün şəklini və öz gözünün indiki vəziyyətini çəkib bizə göndərib. Paylaşırıq. Paylaşırıq ki, bəlkə Sahil Babayevin susmuş vicdanı dilə gələ...
Mövzunu gündəmdə saxlayacağıq.
Gundemxeber.Az