ABŞ prezidenti Donald Trump Ağ evə sahiblənən kimi sələfi Barak Obamanın İranla razılaşdığı nüvə sazişindən çıxaracağını bildirdi. Avropalı müttəfiqlərinin tövsiyələrinə məhəl qoymayaraq, o, sazişin 2015-ci ildə imzalanmasından sonra İrana qarşı dondurulan iqtisadi sanksiyaların yenidən tətbiq ediləcəyini qeyd etdi. 2015-ci ilin nüvə sazişinin "dəhşətli razılaşma" olduğundan qəzəblənən Donald Trump ölkəsini bu tarixi və çoxtərəfli razılaşmadan çıxardı.
Lakin Avropa da daxil, başqa ölkələr İranın nüvə sazişinə əməl etdiyinə əmin idilər. Avropa ölkələri o zaman bildirdilər ki, İranın üzərinə sanksiyaların bərpa olunmasına dair ABŞ siyasətinə qoşulmayacaqlar. Fransa, Çin və Almaniya da həmin dönəmdə İrana qarşı sanksiyalara etirazlarını dilə gətirən ölkələr sırasında idi. Lakin sanksiyalara münasibət bildirən Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın fikirləri bu baxımdan beynəlxalq müstəvidə böyük maraq doğurmuşdu. Bu çərçivədə Ərdoğan verilən sual qarşısında demişdi ki, sanksiyaların tətbiqi düzgün deyil:" Çünki bizə görə bütün sanksiyalar dünyanın balansını pozmaq üçün atılan addımlardır. Bunlar beynəlxalq hüquqa da, diplomatiyaya da ziddir. Artıq dünya sülhə əsaslanan prosesi yaşamaq istəyir. Yəni imperialist bir dünyada yaşamaq istəmirik. İnsanların bu nöqtədə daha dinc, sülh və təhlükəsizlik içində yaşadıqları bir dünya istəyirik.
Hazırda atılan addımlarda Avropa İttifaqı (Aİ) və Aİ ölkələri bu işə müsbət yanaşmır."Həmçinin Türkiyənin İrandan enerji idxalına da diqqət çəkən Ərdoğan əlavə etmişdi ki, sanksiyalar mövzusunda bizim mövqeyimiz hər zaman məlumdur:" Ayrıca neftlə əlaqəli mövzularda biz hər zaman deyirik ki, münasibətlər məsələsində sanksiyaya qətiyyətlə əməl etmərik. Biz bu ölkədən hazırda 10 milyard kubmetr təbii qaz satın alırıq. Bu qazı almadığımız zaman, vətəndaşımız qışın ortasında donacaqdırmı? Biz belə bir qərara əməl də, qəbul da edə bilmərik” deyə vurğulamışdı. Avropa İttifaqı da yeni sanksiyalara baxmayaraq İranla ticarət edən şirkətlərə dəstək təklif etmişdi. Lakin ABŞ-ın qlobal ticarətdəki hegemonluğu o qədər böyükdü ki, hətta Vaşinqtonun sanksiyaları bərpa edəcəyi barədə xəbərin özü beynəlxalq şirkətlərin İran investisiyalarını geri götürməsinə səbəb oldu. Bundan sonra İranın neft hasilatı da azalmağa başladı. ABŞ-ın sanksiyalarına görə İranla ticarət edən hər hansı bir şirkət
Birləşmiş Ştatlardakı biznesindən məhrum olurdu. Bundan başqa, dolayısı ilə və ya ikinci dərəcəli sanksiyalar İranla ticarət edən hər hansı şirkətlə işbirliyində olan ABŞ şirkətlərinə də şamil olunurdu.
İran dövləti və xalqı əvvəllər də ağır ciddi iqtisadi sanksiyalara məruz qalmışdı. Ayaqda durmağı bacaran iran xalqı əvvəllər olduğu kimi yenə də bu sınaqlara tab gətirə bilərdi. Lakin daha ciddi və çirkin, insanlığa sığmayan bioloji müharibə bu ölkəni yenidən dəhşətli imtahana məruz qoydu. Belə ki, ABŞ-ın ədalətsizcəsinə tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan dəhşətli çətinliklər, İranın ölümcül koronavirusun öhdəsindən gəlməsini demək olar ki, mümkünsüz vəziyyətə gətirib çıxarıb. Bəlli həqiqətdir ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı ən sərt sanksiyalar tətbiq etməsi humanitar fəlakətə gətirib çıxarıb. Belə ki, Covid-19 pandemiyası dövründə ölkə vətəndaşlarının əsas dərmanlardan istifadə etməsi mümkün olmur. Bəllidir ki, İran koronavirusdan ən çox ziyan görən ölkələr arasında öndə gəlir. Covid-19 virusuna yoluxanların hazırda ümumi sayı 41,495 nəfərə, ölənlərin sayı 2,757-ə yüksəlib və bu acı statistika hər gün yeni itkilərə görə dəyişir.
ABŞ-ın sanksiyalarının vurduğu zərər azmış kimi, koronavirisun da tüğyan etməsi İran iqtisadiyyatını xeyli zəiflədib. Vaşinqtonla Tehran arasında gərginlik yüksək olaraq qalır və İran höküməti bu səbəbdən çətin duruma düşüb. Qeyri-humanist, insanlığa sığmayan davranışın daha bir təzahürü isə keçən həftə prezident Donald Trampın sanksiyaları bir qədər də sərtləşdirərək, İranla birgə neft-kimya məhsullarında "əhəmiyyətli əməliyyatlar" etdiyinə görə dünyanın bir sıra şirkətlərini qara siyahıya salmasıdr. Belə ki, ABŞ İranı dəstəkləyənləri hədəfə almaqda dəvam edir. Baxmayaraq ki, bu dəstək sadəcə humanitar ticarət və İran xalqına kömək üçün nəzərdə tutulub. Bioloji silahın fəsadları ilə mübarizə aparan İran çətin vəziyyət səbəbindən Beynəlxalq Valyuta Fonduna 5 milyard dollarlıq təcili maliyyə yardımı, əlcək və maskalar, həmçinin, lazımlı avadanlıqların siyahısı ilə müraciət edib.
Sirr deyil ki, bu qeyri - humanist addımlar ABŞ-ın İrana qarşı sanksiyaları, bioloji silah olaraq virusdan istifadə edilməsi ölkənin koronavirus xəstələrini müalicə etmək səylərini azaldır və ölümcül virusun daha geniş yayılmasına səbəb olur. Həmçinin bu sanksiyalar beynəlxalq bankları İranla münasibətlərdən çəkinməyə vadar edir və Avropa tibb şirkətlərinə koronavirusa qarşı mübarizədə həyati önəm daşıyan avadanlıqların satışına qadağa qoyur.
Ağ Ev İrana qarşı sanksiyaların qaldırılmasından inadla imtina edir və hətta son həftələrdə qadağaları bir neçə dəfə sərtləşdirərək İran əhalisinin dərmanlar və tibbi avadanlıqlardan istifadəsini demək olar ki, mümkünsüz edib. Rəsmi Tehran ABŞ-ın ölkəyə tətbiq etdiyi birtərəfli sanksiyaların pandemiyaya qarşı mübarizəyə ciddi şəkildə maneə törətdiyini bildirib. Tətbiq etdiyi sanksiyalara görə, Ağ Ev rəhbərliyi İranda və ona qonşu ölkələrdə koronavirusun sürətlə yayılmasında ciddi məsuliyyət daşıyır və buna görə beynəlxaq hüquq müstəvisində cavab verməlidir.
Hətta Human Rights Watch hesabatı da bunu təsdiqləyib. Bu beynəlxalq təşkilat keçən il sanksiyaların "ölkənin humanitar idxal, o cümlədən, dərman vasitələrini maliyyələşdirmə imkanlarını ciddi şəkildə məhdudlaşdırdığını" yazmışdı.Trump administrasiyası "İran xalqına kömək etməyi" və tibbi ləvazimatların çatdırılmasını asanlaşdırmağı təklif edib. Amma "etiraf etməyi unudub ki, " bir çox şərtlərə görə, idxalçılar üçün ticarətin maliyyələşdirilməsində çoxlu uyğunlaşma prosesləri böyük problemlər yaradıb və onların təklifi bu üzdən reallıqdan uzaqdır. Virusun heç bir sərhəd tanımadığını nəzərə alsaq aydın olur ki, bu problemlə təkcə İran üzləşməyib. Həmçinin, qonşu ölkələrdə də milyonlarla insanın həyatı ciddi risk altındadır. Buna görə də bu bəla ilə effektiv mübarizə aparmağa mane olan sanksiyaların davam etdirilməsi insan hüquqlarına ziddir və qeyri-insani davranışdır.
Bu gün beynəlxalq ictimaiyyət, xüsusilə dost və qonşu ölkələr humanitar dəstək və həmçinin, sanksiyaların qaldırılması üçün əlindən gələni etməlidir. Hazırda iran sanksiyalar səbəbindən, tibbi avadanlıq və ləvazimat ala bilməyən yeganə ölkədir. Sanksiyaların və koronavirusun birlikdə insanları ciddi sınağa çəkməsi məhz ABŞ-ın siyasi oyunlarının nəticəsidir. Sanksiyalar koronavirusu daha da möhkəmləndirir və böhranı gücləndirir. Trampın siyasi ambisiyalarından ziyan görən isə təkcə İran xalqı deyil, həm də amerikalılardır. Bu gün sadə amerikalılar da bioloji silahın günahsız qurbanları sırasındadır və ABŞ- da koronavirusa yoluxanların və ölənlərin sayı getdikcə artmaqdadır.
Artıq qanunsuz sanksiyalara son qoymağın vaxtı çatıb.
Beynəlxalq ictimaiyyət İran xalqına yönəlmiş sanksiyaların dayandırılmasına kömək etməlidir. Bununla əlaqədar artıq Rusiya Federasiyası, Çin, Türkiyə, Pakistan və BMT baş katibi də daxil olmaqla, bir çox dövlət başçıları ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qaldırılmasını tələb edib. Bu hökümətlərin artan səyləri etik, insanpərvər və təqdirəlayiqdir. Hüquqi baxımdan ABŞ-ın sanksiyaları təkcə İrana qarşı deyil, həm də insanlığa və beynəlxalq birliyə qarşı dəhşətli cinayətdir.
İranın xarici işlər naziri Muhammad Cavad Zarifin təbiricə desək, bu qlobal virus heç bir sərhəd tanımır və bəşəriyyətə amansızcasına hücum edir, buna görə də dünyada insanlar korona təhlükəsini görərək coğrafi, siyasi, irqi və etnik sərhədləri kənara qoyub, bu fəlakəti aradan qaldırmaq üçün birlikdə mübarizə aparmalıdır.
Bunu nəzərə almalıyıq kı, müharibə, aclıq və xəstəlik tarix boyu fəlakət yaratmaq üçün birləşib. Bu "müttəfqilərə" məğlub olmamaq üçün bütün dünya ölkələri səfərbər olmalıdır. Bu gun koronavirus bizim bölgəmizdə addımlayır və onun fəsadları həddən artıq dağıdıcı ola bilər.
Nazilə Atakişiyeva
Jurnalistlər Birliyinin üzvü