Axtarış...

G-7-nin son sammitindən çıxan nəticələr - TƏHLİL

G-7-nin son sammitindən çıxan nəticələr - TƏHLİL
Fransanın Biarrits şəhərində dünya ÜDM-nin 40 faizini təmsil edən Almaniya, Kanada, ABŞ, Fransa, İtaliya, Yaponiya və Birləşmiş Krallığın - 7 böyük dövlətin (G7) rəhbərlərinin 45-ci sammiti keçirilib.

Avqustun 24-dən 26-dək Fransanın sədrliyi ilə keçən sammitdə böhranla üzləşmək təhlükəsində olan beynəlxalq iqtisadiyyat və ticarət, beynəlxalq təhlükəsizlik, bərabərsizliyə qarşı mübarizə məsələləri müzakirə olunub. Afrika qitəsində siyasi və iqtisadi sabitlik məsələləri ilə bağlı müzakirələrə Cənubi Afrika, Burkino Faso, Misir, Ruanda, Seneqalın rəhbərləri, eləcə də BMT, Dünya Valyuta Fondu, Afrika Birliyi və Afrika İnkişaf Bankının rəhbərləri də qoşulublar.

Maraqlıdır ki, İran Xarici işlər naziri Cavad Zərif də "Böyük yeddilik" (G7) sammitinin keçirildiyi Fransanın Biarritz şəhərinə gəlib. C. Zərif fransalı həmkarı Jan-İva Le Drianın dəvəti ilə Fransa Prezidenti Emmanuel Makronun nüvə razılaşması ilə bağlı təklifini müzakirə etmək üçün Biarritz şəhərinə səfər edib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb ki, C. Zərif fransalı həmkarının dəvəti ilə Fransa və İran prezidentlərinin son təklifi ətrafında müzakirələr aparmaq üçün G7 sammitinə qatılıb. A. Musəvi C. Zərifin ABŞ nümayəndə heyəti ilə görüş və danışıqlarının planlaşdırılmadığını da bildirib.

İran baş diplomatının sammitə qatılmasının ABŞ Prezidenti Donald Trampla Avropa ölkələri liderlərinin bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcud olduğu zamana təsadüf etməsi diqqətdən qaça bilməz. Amerikalı siyasətçilər Cavad Zərifin sammitə dəvət edilməsini sürpriz adlandırıblar. C. Zərif isə fransalı həmkarı ilə Tehranla Vaşinqton arasında gərginliyi azaltmaq şərtlərini müzakirə edib. O, qısamüddətli səfəri zamanı Fransa Prezidenti Emmanuel Makronla da görüşüb.

D. Tramp jurnalistlərə bildirib ki, İran xarici işlər nazirinin G7 sammitinə gələcəyini əvvəldən bilib, amma onunla görüşmək planı olmayıb: “Mən onun səfər edəcəyini bilirdim. Prezident Makron məndən soruşdu ki, İran xarici işlər nazirinin Biarritsə gəlişini dəstəkləyirəmmi? Mən də buna etiraz etmədim, amma Zəriflə görüşmək hələ tezdir”.

Maraqlı fakt ondan ibarətdir ki, nə Tramp, nə də Zərif bir-birinin ünvanına kəskin bəyanatlar səsləndirib. Görünən budur ki, Vaşinqton və Tehran bir-birinə qarşı hərbi əməliyyatlar keçirmək niyyətində deyil. İki ölkə arasında son vaxtlar baş verənləri daha çox “informasiya savaşı” adlandırmaq olar. İndiki halda nə ABŞ-ın İrana hücum etməsi real görünür, nə də İranın yaxın zamanlarda Hörmüz körfəzini tam bağlanması inandırıcıdır.

Ehtimal etmək mümkündür ki, İran Qərbə təzyiq üçün körfəzin bağlanması ilə bağlı müəyyən addım atacaq, lakin bu, bütövlükdə Hörmüzün əməliyyatlara dayandırılması anlamına gəlməyəcək. Ən azı ona görə ki, bu, kifayət qədər ciddi addımdır və Tehran belə addım atarsa, dünyanın sərt təzyiqi ilə üzləşə bilər. Lakin əgər İran belə bir addım atmağa məcbur olarsa, bu, birmənalı şəkildə dünya neft bazarına təsir göstərə və dünyada neftin qiymətinin yülsəlməsinə səbəb olacaq.

Nəzərə alsaq ki, dünyada neft ixracatının 40%-i adıçəkilən körfəz vasitəsi ilə həyata keçirilir, o zaman neftin qiymətinin bir barel üçün 250 dollaradək yüksələ biləcəyi barədə verilən proqnoz da özünü doğrulda bilər. Sözsüz ki, bu, dünyada yeni böhranı qaçılmaz edər. Lakin belə bir hal baş verərsə, daha çox itirən ABŞ deyil, Çin, Yaponiya və Avropa ölkələri olacaq. Əvvəla, ABŞ özü neft istehsalçısıdır, həmçinin Birləşmiş Ştatlar idxal etdiyi neftin müəyyən qismini anbarlarda ehtiyat kimi saxlayır, ona görə də ABŞ-ın bu proseslərdən sığortalanmaq şansı var. Çin, Yaponiya və Avropa ölkələri isə demək olar ki, tamamilə, Norveç və Böyük Britaniya istisna olmaqla, neft idxalından asılıdır. Neftin qiyməti bu dərəcədə qalxarsa, bu ölkələrdə yeni böhran qaçılmaz olacaq. Bu addımın atılmasının İran üçün də mənfi nəticələri ola bilər. Çünki bu halda İrana təzyiqlərin də artacağı təbiidir. Bu gün İrana qarşı tətbiq edilən bir çox sanksiyanı Rusiya və Çin dəstəkləmir. Lakin Tehran körfəzi bağlayarsa, İranın qlobal müstəvidə təklənməsi qarşısı alınmaz ola bilər. Görünür, C. Zərifin G7-yə dəvət edilməsi də bu təhlükəni neytrallaşdırmaq niyyətidir.

Burada bir məqamı da vurğulamaq lazım gəlir. G7 sammiti də göstərdi ki, istər Rusiya, istərsə də İrana münasibətdə ABŞ və Avropa ölkələrinin münasibətləri ciddi şəkildə fərqlənir. Avropa ölkələri İranla danışıqların davam etdirilməsini arzulayır. Avropa ölkələri Tehrana humanitar ehtiyac məhsullarının göndərilməsi üçün ABŞ-ın sanksiyalarından kənar bir mexanizmin olmasını istəyirlər. Lakin Avropanın bu istəyi İranın tələbatlarını ödəmir. O, iqtisadiyyatını dirçəldəcək təbii qaz və metal sənayesində ABŞ-ın təzyiqinin azaldılmasını arzulayır.

Avropa ölkələrinin mövqeyi belədir - sanksiyaları pozmaq riskini nəzərə alaraq İranla ticarət əlaqələri qurmaq qərarını dövlətlər yox, bu ölkələrdəki şirkətlər verməlidir. Belə yanaşma bölgədəki gərginliyi də azalda bilər. Körfəzdə yaşanan gərginlik, xam neft daşıyan gəmilərə hücumlar və ABŞ-ın pilotsuz təyyarəsinin vurulması bölgənin gələcəyini sual altında qoyur. Xatırladaq ki, bir qədər əvvəl İsrail və ABŞ siyasi dairələrində İrandakı nüvə sənayesi mərkəzlərinin hərbi əməliyyat vasitəsilə yox edilməsi məsələsi də gündəmə gəlmişdi. Lakin Tramp sabiq Prezident Barak Obamanın imzaladığı bu razılaşmanı kökündən səhv hesab elədiyini açıqladı. Bunun əvəzində İrana mümkün qədər çox təzyiq etmək yolunu seçən Trampın əsas hədəfinin nə olduğu hələ də tam anlaşılan deyil. Bu istiqamətdə Trampa komandasındakı “qırğılar" təzyiq edir. Onlar İranda rejim dəyişikliyi olacağına və Rusiyanı iqtisadi baxımdan çökdürə biləcəyinə ümid edirlər. Bəziləri isə hesab edir ki, məqsəd İranı və Rusiyanı daha böyük məhdudiyyətlər nəzərdə tutan razılaşmaya məcbur etməkdir. Lakin G7 ölkələri bir qədər fərqli mövqe nümayiş etdirir. Fransa Prezidenti Emmanuel Makron bütün tərəflər arasında yeni müzakirənin başlamasına çalışacaqlarını bəyan edir. Tehran isə ABŞ-ın sanksiyaları yumşaldacağı halda danışıqlara qoşulacağını bildirib.

Maraqlıdır ki, Fransada keçirilən G7-nin son sammiti bəlkə də bu qurumun yeganə toplantısı idi ki, heç bir məsələdə razılığa gəlmək mümkün olmadı. Trampın israrlarına rəğmən Avropa ölkələrinin əksəriyyəti Rusiyanı öz sıralarında görmək istəmədi. “The Guardian”ın yazdığına görə, G7-nin digər ölkələri ABŞ Prezidentinin bu ideyasını dəstəkləməyib. Yalnız İtaliyanın baş naziri Cüzeppe Konte Trampın təklifinə müsbət yanaşıb. Avropa İttifaqının rəhbəri Donald Tusk başqa olmaqla, digər sammit iştirakçıları formatın bərpasına qarşı çıxıblar. Bununla belə, tərəflər Rusiya və Ukrayna arasında danışıqların başlanmasını arzulayır. Rusiya isə Kiyevlə heç bir danışıqlara razı olmadığını dolayısı ilə olsa da nümayiş etdirir. Dünya artıq iki super güc arasında seçim etmək fikrində deyil. Hər ölkə öz maraqlarını önə çəkir. Deyəsən, artıq qloballaşma dövrü arxada qalır.
APA Analytics
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz