ABŞ İranın metallurgiya sənayesinə sanksiya tətbiq etməyə başlayıb. Ağ Evin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, sanksiyalar İranın neftdənkənar ən böyük gəlir mənbələrindən biri sayılan metallurgiya sənayesinə investisiya qoyan, yaxud İranda istehsal olunan metallurgiya məhsullarını alan şirkətlərə şamil olunacaq.
ABŞ prezidenti Donald Trampın imzaladığı əmrlə bağlı Konqresə göndərdiyi izahat məktubunda qeyd olunur ki, qərar İranın nüvə silahı əldə etmək yönündə fəaliyyətlərini maliyyə mənbələrindən məhrum etməyə yönəlib. Sanksiyalar İran metallurgiya sektorunda işləyən, yaxud buradakı şirkətlərin səhmlərinə və digər qiymətli kağızlarına malik olan fiziki və hüquqi şəxslərə şamil ediləcək.
Trampın əmri metallurgiya sektoru üzrə İrandan əhəmiyyətli həcmdə məhsul və xidmət alanlara qarşı yönəlib. Daha dəqiqi, İranda dəmir, alüminium, polad və mis hasilatında, daşınmasında, satışında və nəqlində iştirakçı olan bütün fiziki və hüquqi şəxslər ABŞ-ın “qara siyahısı”na daxil ediləcəklər. Həmçinin bu şəxslərə hər hansı hüquqi, iqtisadi və maddi yardım edənlər də cəzalandırılacaq.
Azərbaycan İrandan polad, dəmir və alüminium məmulatları idxal edir. Ötən il İrandan armatur idxalı ətrafında böyük qalmaqal da yaranmışdı. Belə ki, ilin 9 ayında İrandan 120 min ton armaturun idxal olunması Azərbaycandakı istehsalçıları narazı salmışdı. Onların müraciəti əsasında İrandan idxal olunan armaturun gömrük rüsumuna cəlb olunan dəyəri bir ton üçün 200 dollardan 500 dollara qaldırılıb. Buna baxmayaraq, idxal əvvəlki həcmdə olmasa da, davam etdirilir. Armaturdan daha çox fərdi evlərin və binaların, eləcə də obyektlərin inşasında geniş istifadə olunur. Bəs İran armaturuna tətbiq edilən sanksiya, Azərbaycanda mənzil bazarına necə təsir edəcək?
“Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, mövcud sanksiyaların Azərbaycanda mənzil bazarına təsir edəcəyini düşünmür: “Çünki alternativ bazarlar çoxdur. Rusiya, Ukrayna bazarı mövcuddur və eləcə də daxildə armatur istehsalı həyata keçirilir. Ancaq təbii ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar kifayət qədər ciddidir. Bu sanksiyalar təkcə onun istehsalçılarına və satışı ilə məşğul olan yerli kampaniyalara deyil, eyni zamanda, xarici kampaniyalara da xəbərdarlıqdır. Amerika Maliyyə Nazirliyi çox ciddi şəkildə bu sanksiyaların tətbiqini izləyəcək. Bəhs etdiyimiz sanksiyalara düşməmək üçün təbii olaraq, İran istehsalı olan bu məhsullardan imtina gərəkdir. Yaxud başqa bazarlarda eyniadlı məhsulları axtarmaq lazımdır. Olsun ki, armaturun qiymətlərində müəyyən qədər fərq olsun. Bu, 3-5 faizdən çox olmaz. Çünki bildiyimiz qədər İran armaturu daha ucuz idi ki, bunu alıb gətirməyə də təşəbbüs çox idi. Ancaq ciddi bir dəyişikliyin olacağı, qiymət artımına gediləcəyi inandırıcı deyil”.
ABŞ-ın sanksiyalarının uzun müddətli olub-olmayacağı məsələsinə gəlincə, ekspert aşağıdakıları söylədi: “İran neftini ixrac edən 8 ölkəyə sanksiya tətbiq edilməmişdi. Gözlənilirdi ki, may ayının 1-dən etibarən həmin ölkələrə də sanksiya qoyulacaq. Ancaq son məqamda Tramp bu sanksiyanı tətbiq etməkdən imtina etdi. Müvəqqəti olaraq o, bu sanksiyaların tətbiqini dayandırdı. Qeyd edilən proses nə qədər davam edəcəksə, bunu söyləmək çətindir. Qərara ancaq ABŞ-ın administrasiyası və İranın nüvə proqramlarını reallaşdırması ilə bağlı mövqeyi və digər faktorlar təsir edəcək. ABŞ 12 şərti irəli sürüb ki, bu şərtlərin də İran tərəfindən yerinə yetirilməsi, praktiki olaraq mümkün deyil. Çünki İranın Yaxın Şərqə öz mövqeyi və siyasəti var. Bu fonda İranın şərtləri qəbul etməsi də inandırıcı deyil. Həmçinin onu da nəzərə alaq ki, yuxarıda qeyd etdiyimiz 8 ölkə ilə bağlı sanksiyanın mayın 1-dən tətbiq olunacağı dəfələrlə vurğulanırdı və bu istiqamətdə sərt mövqe vardı. Ancaq görürük ki, bu, uzadıldı. Hazırkı şəraitdə metallurgiya sahəsinə tətbiq edilən sanksiyaların nə qədər uzadılacağını söyləmək çətindir. Bu, ABŞ-ın Yaxın Şərqdəki siyasəti və yuxarıda da qeyd etdiyimiz kimi, İranın nüvə siyasətindən asılı olacaq. Ona görə də burada zamanın faktorlara bağlılığı əsasdır. Qabaqdan fikir söyləmək çətin məsələdir. Bunu heç kim söyləyə bilməz. Çünki elə situasiya yaranar ki, Tramp sanksiyaları geri götürər. Yaxud daha da ağır sanksiya tətbiq edər. Mövcud vəziyyətdə hansısa proqnoz irəli sürmək mümkün deyil”.