Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb.
İcmadan Lent.az -a daxil olan bəyanatda bildirilib ki, son vaxtlar işğalçı Ermənistan və Dağlıq Qarabağdakı qeyri-qanuni rejim Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır.
“Bir müddət əvvəl Dağlıq Qarabağın memarlıq incisi sayılan Şuşadakı Yuxarı Gövhər Ağa məscidini “bərpa” edərək buranı “fars mədəniyyət mərkəzi” adlandıran rejim, indi də 18-ci əsrdə Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan Şuşa Qalasını “bərpa” etməyi planlaşdırır. KİV-lərin yaydığı məlumatlara görə, gələcəkdə Ağdərə və Laçın rayonlarında yerləşən Azərbaycan xalqına məxsus tarixi abidələrə qarşı da bu cür vandallıq ediləcəyi istisna olunmur. Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində minlərlə mədəni, tarixi, dini abidəmiz erməni təcavüzünün qurbanı olub. Bu abidələrin bir qismi tamamilə yer üzündən silinib. Qalan abidələr isə yararsız vəziyyətə salınıb.
Ermənistan torpaqlarımızı işğal etmək, xalqımızı soyqırımına məruz qoymaq, minlərlə insanı öz yurdundan didərgin salmaqla yanaşı, həm də tarixi abidələrimizi məhv edir. Hazırda Ermənistan bu ləkəni öz üzərindən silmək üçün yalançı və saxta “təmir-bərpa” işləri aparır.
Ermənistanın bu abidələri “bərpa” etmək planlarının arxasında duran çirkin məqsədlər təkcə bizi deyil, həm də beynəlxalq təşkilatları düşündürməlidir. Çünki bu tendensiyanın yayılması dünya mədəni-tarixi mirası üçün təhlükədir.
İşğal altında olan ərazilərimizdəki bütün abidələr ata-babalarımız tərəfindən ucaldılıb, bu abidələrin üzərində əcdadlarımızın əl izləri yaşayır. Ermənistanın işğalına son verildikdən və torpaqlarımıza geri qayıtdıqdan sonra, bizə miras qalan abidələrimizə yenidən həyat bəxş etmək bizim əsas vəzifəmizdən biri olacaq.
Bütün bunlar Ermənistanın YUNESKO qarşısında götürdüyü öhdəliklərə zidd olmaqla yanaşı, bu ölkənin riyakar xislətini, Beynəlxalq ictimaiyyəti aldatmaq, öz vandalizm əməllərinə mədəni-sivil don geyindirmək cəhdidir”, - deyə bəyanatda qeyd olunub.