Ermənistanın bugünkü davranışı danışıqlar prosesinə və ATƏT-in Minsk Qrupunun bütün səylərinə açıq hörmətsizlik deməkdir. Ermənistan Baş nazirinin xanımı Anna Akopyanın toplantıda özünün və bir çox erməni qadının əlinə silah almağa hazır olduğunu bəyan etməsi bunun bariz nümunəsidir.
Bu barədə Axar.az-a Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina bildirib. Onun sözlərinə görə, bu, növbəti hiyləgər gedişdir – Qarabağ erməniləri arasında özünü və ərini piar etmək və onların gələcəkdə dəstəyini qazanmaq üçün:
“Buna görə Akopyan hətta bütün dünyanın çağırışını, əvvəllər yüksək səslə danışdığı “Sülh naminə qadınlar” təşəbbüsünü unutmağa hazırdır. Aydın olur ki, bu da bir növ siyasi avantüradır. Anna Akopyan indi bütün erməni qadınlarını silah götürməyə çağırır, halbuki bir müddət öncə elə həmin qadınlara sülhdən nağıllar danışırdı. Baş nazirin həyat yoldaşı ərinin siyasi karyerası naminə ölən erməni əsgərlərinin analarının duyğuları ilə oynamaqla məşğuldur”.
A.Lavrina qondarma seçki ilə “seçilən” erməni separatçı-terrorçularının yeni liderinin “andiçmə mərasiminin” Şuşada keçirilməsini də həyasızlıq adlandırıb:
“Bundan başqa, mayın 21-də Qarabağ separatçılarının rəhbəri Arayan Arutyunyan “parlament”i Şuşaya köçürmək istədiyini bildirdi. Bu o deməkdir ki, sülh danışıqlarını həmişəlik unutmaq olar. Bu, rəsmi İrəvanın Azərbaycan ərazilərini qəsdən işğal etməsini, danışıqlar prosesini uzatmasını və münaqişəni sülh yolu ilə həll etmək istəməməsini açıq şəkildə sübut edir”.
Lavrina qeyd edib ki, Azərbaycan xalqının səbri tükənib:
“30 ilə yaxındır ki, Azərbaycan işğal olunmuş torpaqları hərbi yolla geri qaytarmaq üçün qanuni hüquqa malik olsa da, danışıqlardan imtina etmir və münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Lakin bu gün müşahidə etdiyimiz hadisələr regionda irimiqyaslı hərbi əməliyyatların başlanması ilə nəticələnə bilər".