İyulun 12-dən etibarən düşmənin təxribatından sonra Tovuz rayonu istiqamətində yaranan gərginlikdə Türkiyə Azərbaycana ən böyük dəstəyini ifadə etdi. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə Azərbaycanı erməni işğalı, Qarabağ mövzusunda daha ardıcıl və prinsipial dəstəklədi və bu dəstəyini hələ də verdiyi açıqlamalarla davam etdirməkdədir.
İyulun 29-da Azərbaycan-Türkiyə hərbiçilərinin birgə genişmiqyaslı taktiki təlimlərinin başlaması sözün həqiqi mənasında düşmən tərəfin yuxusunu ərşə çəkib. Quru qüvvələrin iştirakı ilə təlimlər avqustun 1-dən 5-dək Bakı və Naxçıvanda, hərbi aviasiyanın iştirakı ilə təlimlər iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək.
Türkiyənin verdiyi bu böyük dəstək Azərbaycana Dağlıq Qarabağ məsələsini xeyrinə həll etmək üçün kömək edə bilərmi kimi suallar meydana çıxıb və bunun ətrafında geniş müzakirələr açılıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın düşmənlərinə heç bir fürsət verməyəcəyini söylədi: “Rəcəb Tayyib Ərdoğan qətiyyətli siyasətçidir. Türkiyədə Cümhuriyyət qurulduqdan bu yana qardaş ölkə bölgədə hələ bu qədər aktiv olmamışdı. Qardaş ölkənin hərbçiləri 10-dan çox ölkədə müxtəlif vəzifələr yerinə yetirirlər. Türkiyə Cümhuriyyət tarixində ilk dəfə olaraq eyni zamanda 3 ölkədə - Liviyada, Suriyada və İraqda hərbi əməliyyatlarda iştirak edir. Bu, qardaş dövlətin artan gücünü göstərir. Bu, zamanın tələbidir. Türkiyə bölgədə aktiv olmasa, bu boşluğu onun rəqibləri və düşmənləri dolduracaqlar. Ərdoğan rəqiblərinə və düşmənlərinə Türkiyə əleyhinə fürsət vermir. Ərdoğan Azərbaycana istənilən dəstəyi verməyə hazırdır. Bu yalnız söz deyil, əməldir. Türkiyə ordusu Naxçıvana daxil olmaqla Ermənistana və onun arxasındakı güclərə güclü mesaj vermiş oldu. Ərdoğan ”Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur" dedi. Ərdoğanın bu iki cümləsinin xüsusi əhəmiyyəti var.
Ərdoğan bu iki cümlə ilə demək istəyib ki, Türkiyə Azərbaycan ordusunun işğal altındakı torpaqları azad etməsi üçün hərbi əməliyyata başlamasının tərəfdarıdır və bunun üçün istənilən dəstəyi verəcək. Ərdoğan Azərbaycanla bağlı iki addım atmağa da hazırdır. Birincisi, Ərdoğan Azərbaycanla hərbi-strateji müttəfiqliyin gücləndirilməsi məqsədilə yeni saziş imzalamağa hazırdır. İkincisi, şübhə etmirəm ki, Bakının istəyi əsasında Ərdoğan Türkiyənin Azərbaycanda hərbi bazalarını yaratmağa da hazırdır. Fikrimcə, haqqında danışdığım bu iki proses artıq başlayıb. Ərdoğanın Türkiyənin Azərbaycanda hərbi varlığına Kremlin mümkün kəskin reaksiyası maraqlandırmır. Ərdoğan üçün önəmli olan Azərbaycanın təhlükəsizliyinin təminatıdır. Ermənistan Ərdoğanın Azərbaycanla bağlı qərarlarından qorxu içindədir. Ancaq bu, o demək deyil ki, Türkiyə bizim əvəzimizə işğal altındakı torpaqları azad etməlidir. Bu işi Azərbaycan ordusu görməlidir. Türkiyə ordusunun Azərbaycanda varlığı isə bizim üçün ona görə vacibdir ki, savaş başlayarsa Naxçıvan və Azərbaycanın tamamı güvənlik altında olacaq, Türkiyə ordusunun var olduğu Azərbaycanda kimsə bizə arxadan zərbə vura bilməyəcək, xain planlar reallaşmayacaq. İkincisi, Rusiya açıq şəkildə işğalçıya dəstək verərsə, Türkiyə də Azərbaycanla bağlı eyni qərarı verəcək".
Siyasi şərhçi Əhəd Məmmədli: “Əvvəla onu deyim ki, nə vaxta qədər ki, Ərdoğan və AKP qardaş ölkə Türkiyənin başındadır, Azərbaycan yaxşı mənada bundan istifadə edib torpaqlarını azad etməlidir, əks halda çox gec ola bilər və Qarabağımızı birdəfəlik itirə bilərik. Türkiyəmiz ordusu, silahı, əsgərlərini tam istifadəmizə verməyə hazır olduğunu bildirib. İlk dəfədir ki, Azərbaycanın bir neçə bölgəsində qardaş ölkə ilə hərbi təlimlərə başlamışıq. Ərdoğan Tovuzda Azərbaycana olan hücumu Türkiyəyə olan hücum kimi göstərərək, Cənubi Qafqazı maraq dairəsi kimi işarə edib. Bununla da Türkiyə Cənubi Qafqazı da maraqları dairəsinə salmış oldu. Türkiyə qeyd-şərtsiz Azərbaycanın yanındadır. İndi Azərbaycana Türkiyəni yanına alıb, siyasi iradə nümayiş etdirib, hərbi əməliyyatlara başlayıb torpaqlarını azad etmək qalıb”.
“Yeni Müsavat”