Axtarış...

İran və Azərbaycanın birgə inkişaf tarixi

"Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran- Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir"

11 fevral 1979-cu ildə dünya tarixinə qədəm qoyan İran İslam Respublikası 41 ildir ki, öz möhtəşəm missiyasını davam etdirir. Bu inqilab öz böyüklüyü, qüdrəti və heç bir ölçüyə sığmayan əzəməti ilə XX əsrdə bəşəriyyət və İslam tarixinin elə bir əlamətdar hədisəsinə çevrildi ki, dünya tarixinə silinməz izlərlə həkk edildi. İran dünya siyasətində hegemon dövlətlərin ikili standartlarının əleyhinədir. Belə ki, yürütdüyü siyəsət ilə bəşəriyyətə diqtə edir ki, güclülərin ehtirasları cilovlanmalı, məzlumların haqları qorunmalıdır.

Hələ 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev tərəfindən İran -Azərbaycan münasibətlərinin qardaşlıq və dostluq səviyyəsində qaldırılması iki dövlət və bir xalqı bir-birinə daha da yaxınlaşdırdı. Heydər Əliyev o zaman deyirdi:" Azərbaycan Respublikası İran İslam Respublikasının dostu və qardaşıdır, bu ölkə ilə bizim dostluğumuz əbədidir. ..Dünyanın heç bir yerində bu iki ölkə qədər yaxın əlaqələrə malik və müştərək tarixləri olan ölkə yoxdur. "

Bu siyasi kursun davamı olaraq 2005-ci il yanvarın 24-26-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı siyasi, iqtisadi, mədəni və ticarət sahələri üzrə iki ölkə arasında mövcud əlaqələrin daha da genişləndirilməsi üçün Azərbaycan və İran hökumətləri arasında 9 saziş imzalandı ki, bu da hər iki ölkə diplomatiyasının o illərdə əldə etdiyi və bu günə qədər davam edən ən böyük nailiyyətlərdəndir. Bu gün İran və Azərbaycanın birgə icra etdiyi şimal-cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir.

Keçən ilin 9 ayı ərzində yükdaşımalar 70 % artıb. İran texnologiyaları əsasında artıq Azərbaycanda avtomobil zavodu fəaliyyət göstərir. Hal-hazırda avtobus istehsalı zavodunun tikilməsi ilə bağlı və Bakının Pirallahı sənaye parkında İranla birgə reallaşdırılan əczaçılıq zavodunun yaradılması istiqamətində geniş işlər görülür. Azərbaycan və İran prezidentləri 6 il ərzində 12-13 dəfə görüşüblər. Bu, eyni zamanda İran və Azərbaycan dövlətinin, hər iki xalqın arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Prezident İlham Əliyev demişdir:"Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran -Azərbaycan əməkdaşlığı demək olar ki,bütün sahələri əhatə edir. "

İran İslam İnqilabının qələbə çalmasından sonra bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də uğurlar əldə edərək idxalçı ölkədən ixracatçı ölkəyə çevrilib. Hazırda BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı FAO İranın bu sahədə dünyanın 20 ən yaxşı ən iri istehsalçılarından biri elan edib.Ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat-tranzit sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayan Şahin Mustafayev nəqliyyat dəhlizinin inkişafının Azərbaycan-İran iqtisadi əməkdaşlığının, xüsusilə yükdaşımalar, ticarət və turizm əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyini qeyd edib. İran ilə Azərbaycanın iqtisadi əlaqələrini daha da genişləndirmək məqsədilə müştərək sənaye şəhərciyinin inşası barədə keçən il razılıq əldə edilib. Sənaye şəhərciyi Azərbaycanla sərhəd bölgədə yerləşən Ərdəbil vilayətinin Parsabad şəhərində salınacaq. Keçən il prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını vuğulayaraq demişdir:" Son illərdə, xüsusilə nəqliyyat, energetika və ticarət sahələrində çox yaxşı nəticələr əldə etdik. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalandı. Bu da tarixi nailiyyətdir.

İran kinosu öndə gedən film sənayesidir. İslam inqilabından əvvəl Pəhləvi rejimindəTehranda daha çox ticarət məqsədi ilə filmlərin çəkildiyini , amma islam inqilabından sonra yetişən yeni nəsil sənətçilərində tamam başqa bir düşüncənin və fərqli yanaşmanın meydana gəldiyini görürük. Bu gün İran filmlərində maraqlı ekran işi ilə yanaşı, bəşəriyyətin incisi sayılan insanın şəxsiyyət olaraq dəyərləri də diqqətə çatdırılır. Bu filmlərdə öz sözünü demiş Abbas Kia Rüstəmi, Məcid Məcidi, Əsgər Fərabi, Cəfər Pənahi kimi dünya şöhrətli rejissorlar var.

İran və Azətbaycan arasında münasibətlər yaxşı təməl üzərində qoyulub və inkişaf edir. İki ölkənin bütün sahələrində inkişaf üçün məhdudiyyət tam aradan qaldırılıb.Keçən ilin 10 ayı ərzində Azərbaycandan İrana 1 milyon 700 minə yaxın azərbaycanlı səfər edib. İrana gedib gəlmək rahat və ucuz, həm də alış-veriş sərfəli olduğu üçün insanların sayı ildən-ilə çoxalır. İran və Azərbaycan sərhədçiləri arasında səmimi münasibət yüksək səviyyədə davam edir. İldə bir neçə dəfə Azərbaycan Respublikasının dövlət sərhəd xidmətinin rəisi general -polkovnik Elçin Quliyevin və İran islam Respublikası sərhəd qoşunlarının komandanı general-mayor Qasım Rzafinin görüşləri artıq ənənə şəklini alıb.

Bu il yanvarın 18-də Astarada sərhəd -mühafizə qoşunlarının rəhbərləri görüşərək regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair fikir mübadiləsi aparmışlar. Ötən ilin 11 ayı ərzində İran-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 420 milyon dollara çatıb. Hazırda 1500-dən artıq İran şirkəti Azərbaycanda fəaliyyət göstərir. İran Azərbaycana 3,5 milyard dollardan artıq sərmayə qoyub. Azərbaycanın təhlükəsiz, sabit ölkə olduğunu nəzərə alan İran dövləti bundan sonra Azərbaycana daha artıq sərmayə yatırmaq istəyir.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hakimiyyəti dövründə İranın nüvə proqramı ilə bağlı 2016-cı ildə İran 5+1 qrupu arasında (ABŞ, Rusiya, Çin,Böyük Biritanya, Fransa və Almaniya) Hərtərəfli Fəaliyyət Planı imzalandı. Dünyanın bir çox ölkələri sülhə, əmin-amanlığa doğru atılan bu addımları çox müsbət qarşıladılar. Təəssüf ki, 2017-ci ildə iqtidara gələn ABŞ-ın yeni prezidenti Donald Tramp 2018-ci ilin may ayında sazişdən çıxdığını bəyan etdi və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq etdi. ABŞ prezidenti guya İranın gələcəkdə nüvə silahı hazırlayacağını bəhanə gətirərək ölkəni daim təhdid edir. Dünya dövlətləri, lap elə ABŞ-ın özündə də yaxşı bilirlər ki, İran nüvə texnologiyalarından yalnız dinc məqsədlər üçün istifadə etmək istəyir. İranda 41 ildir ki, ilahi dəyərlər üzərində qurulan yeni idarəetmə mövcuddur. Dini baxışlara görə, İran heç vaxt nüvə silahı yarada bilməz. Bütün bunlara baxmayaraq, ABŞ İranı təhdid edərək nüvə proqramı ilə məşğul olan hərbi obyektlərinin açılmasını tələb edir. Bu isə iran qanunlarına ziddir. Siyasi ekspertlərin rəyinə görə, ABŞ bir hegemon dövlət kimi İranın müstəqil siyasət yürütməsini və iqtisadiyyatının güclü olmasını istəmir.

Rəsmi Tehranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi belədir: İran Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü pozulmadan, danışıqlar yolu ilə həllini tapmasının tərəfdarıdır. İran prezidenti Həsən Ruhani Qoşulmamaq Hərəkatına üzv ölkələrin 28-ci Zirvə görüşündə iştirak etmək üçün keçən ilin oktyabr ayında Bakıya səfər etmişdir. Prezident İlham Əliyevlə görüşündə prezident Həsən Ruhani İran və Azərbaycanın qədim tarixə, ortaq mədəniyyətə malik olmasını bir daha vurğulayaraq demişdir:" Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının qaldırılması üçün yaxşı işlər görürlər və bu, sevindiricidir. Mən sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaqdır." Azərbaycan- İran münasibətləri dərin köklərə malikdir, Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. Bu gün iki suveren dövlət öz gələcəyini müstəqil şəkildə qurur və heç bir üçüncü tərəf bu ölkələrin arasına girə bilməz.

Ümummilli lider mərhum Heydər Əliyevin ürək sözlərini bir daha yada salmaq istəyirəm:" Çoxəsrlik tariximizdə biz bu əsrlərin çox hissəsini bir yerdə olmuşuq. Biz bir dinə, eyni köklərə mənsubuq. Bizim adət-ənənələrimiz eynidir. Allah -Təala bizi həmişə bir olmağa dəvət edib, biz də bir olmuşuq, müəyyən səbəblərdən biz İrandan ayrılmışıq. İran da Azərbaycandan ayrılıb. Bu ayrılıq dövründə də biz bir-birimizdən ayrılmamışıq, bir yerdə olmuşuq."


Mirzəağa Məmmədli
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



MİLLİTV.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz