İran Səfir Cavad Cahangirzadə İranın inqilabdan sonrakı 41 ildə keçdiyi inkişaf yolundan danışıb, bu müddətdə müxtəlif uğurların qazanıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, azadlıq və istiqlaliyyət böyük İran xalqının inqilab yolu ilə əldə etdiyi çox qiymətli dəyərlərdir: “Bu gün biz fəxr edirik ki, milli qərarların qəbul edilməsində heç bir xarici qüvvədən asılı deyilik. İnqilabın heyranedici nailiyyətləri nəinki siyasi sahələrdə, eləcə də iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəniyyət, incənət, elm və hərbi-müdafiə sahələrində də diqqət çəkir”.
Cavad Cahangirzadə onilliklər ərzində ABŞ tərəfindən tətbiq edilən sanksiyaların İranı diz çökdürə bilmədiyini vurğulayıb: “Bu gün İran İslam Respublikası regional və beynəlxalq səviyyədə öz nüfuzunu artıraraq qalibcəsinə və qürurla ayaqda durur. Bütün bu sanksiyalara rəğmən bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təminetmə, nüvə elmi, tibb, nano-texnologiya, hərbi təchizatların və silahların istehsalı sahələrində böyük uğurların əldə edilməsi İran xalqının dünya imperializminə qarşı 41 illik müqavimətinin nəticəsidir”.
İran İslam Respublikasının bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istədiyini qeyd edən diplomat birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığının və dostluğunun əbədi olduğunu deyib: “Prezident Həsən Ruhani və Prezident İlham Əliyev arasında olan çox isti münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm dayağıdır. İranla Azərbaycanın əlaqələrinin güclənməsini və inkişaf etdiyini sübut edən göstəricilər saysız-hesabsızdır.
Baş Nazirin müavini Şahin Mustafayev əlamətdar gün münasibətilə İran xalqını Azərbaycan Prezidenti İlham Əliyev adından təbrik edib. Azərbaycan və İran xalqlarını ortaq mənəvi dəyərlərin birləşdirdiyini deyən Baş Nazirin müavini qeyd edib ki, ölkələr arasında əlaqələr bu gün ən yüksək səviyyəyə qalxıb: “İranın əldə etdiyi nailiyyətlər yaxın və dost ölkə kimi Azərbaycanı həmişə sevindirir. Azərbyacan Respublikası İran İslam Respublikası ilə dostluğa böyük önəm verir. Qarşılıqlı hörmətə və dostluğa, İslam irsinə əsaslanan əlaqələrimiz ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətt üzrə inkişaf edir
Çıxış edənlər İran prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyevin birgə səyi nəticəsində əməkdaşlıq imkanlarımız dahada genişlənəcək və dövlət başçılarımızın müəyyən etdiyi siyasətə uyğun olaraq Azərbaycanla İran arasında bütün sahələrdə əməkdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək”.
Tədbirin sonunda tədbir iştirakçılarına ziyafət verildi.