Axtarış...

Yeni bazarlıq: Köçəryanı buraxır, Tsarukyanı həbs edir... - GƏLİŞMƏ

Yeni bazarlıq: Köçəryanı buraxır, Tsarukyanı həbs edir... - GƏLİŞMƏ

Ermənistan Apelyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Köçəryanın girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatəti təmin edib. Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, hakim Arsen Nikoqosyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında R. Köçəryanın 2 milyard dram (4.15 milyon dollar) müqabilində azadlığa buraxılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş etiraz aksiyasının dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Köçəryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra eks-prezident həbs olunub. Bu ilin mayında Köçəryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi keçmiş prezident R. Köçəryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

Putinin dostu Robert Köçəryanın məhz baş nazir Nikol Paşinyan Moskva səfəri öncəsi azadlığa buraxılması ortaya suallar çıxarır. Paşinyan Putinə reveransmı edir, yoxsa təzyiq qarşısında geri çəkilir? Bəlkə bazarlığa ümid edir? Köçəryan tam qurtuldumu?

Politoloq Məhəmməd Əsədullazdə bildirdi ki, Ermənistanda hazırda yaşanan siyasi böhran fonunda eks-prezident Robert Köçəryanın azadlığa girov müqabilində buraxılması nə təsadüfi, nə də məhkəmənin müstəqil qərarıdır: “Əvvəllər məhz məhkəmə girov müqabilində Robert Köçəryanı azad etmişdi. Ona görə də baş nazir Nikol Paşinyan məhkəmə hakimini sərt tənqid etmişdi və prokurorun sanksiyası ilə Köçəryan yenidən həbs edilmişdi. Yəni Köçəryan dəfələrlə girov müqabilində azadlığa çıxmaq istəsə də Paşinyan bu istəyin qarşısını alıb. Bu dəfə isə artıq Paşinyan Rusiya prezidenti Vladimir Putinin Köçəryanla bağlı istəyinə ”yox" deyə bilmədi. İki həftə əvvəl Putin Paşinyana zəng etmişdi. Onu Moskvada faşizm üzərində qələbə münasibətilə keçiriləcək parada dəvət etdi, həm də koronovirusa tutulduğuna görə Paşinyana “keçmiş olsun” diləyini çatdırdığı rəsmi deyilsə də, məhz bu telefon danışığında Köçəryanın azadlığının tələb edildiyi şübhə doğurmur. Beləliklə, elə bir vəziyyət yaranıb ki, artıq Paşinyan “yox” deyə bilməyib. Çünki ölkədə ağır sosial-iqtisadi vəziyyət hökm sürür. Rusiyadan lobbilərin maliyyə yardımı edilmir. Qazın qiymətlərində Paşinyanın qərarlarına rəğmən. Putin güzəştə getmir. Görünür, Paşinyan Rusiya səfəri öncəsi Putinin tələbini yerinə yetirməklə müəyyən iqtisadi güzəştlər əldə etməyi planlayıb. Rusiya da yaxşı bilir ki, Paşinyan Köçəryanı azad etməklə geri addım atdı və bundan sonra daxildə reytinqi aşağıdakı düşəcək. Ola bilər, Rusiya qazın qiymətində cüzi endirim etsin. Amma bu, Ermənistana ciddi iqtisadi güzəştlər anlamına gəlmir. Çünki Rusiyanın öz iqtisadi vəziyyətində durğunluq yaşanır".

Politoloq onu da dedi ki, Ermənistanın parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” Partiyasının sədri, milyarder Qagik Tsarukyanın Robert Köçəryanın azadlığa buraxılmasından bir neçə gün öncə həbs edilməsi Paşinyanın Rusiya ilə gələcəkdə yeni bazarlıq aləti yaratmaq planıdır: “Rusiyanın bir ən yaxın adamını həbs edib, o biri yaxın adamını azadlığa buraxmaqla Paşinyan oyun oynayır. Əlbəttə ki, Rusiya Paşinyana Tsarukyan vasitəsilə təzyiqlər edib. Paşinyan bu təzyiqlərə dözməyərək həm iqtisadi güzəştlər əldə etmək, həm də Putinin təzyiqlərindən yayınmağa çalışıb. Tsarukyan Paşinyan üçün Köçəryandan daha təhlükəli rəqibə çevrilmişdi. Paşinyan həm Putinin xahişini yerinə yetirdi, həm də fürsəti əldən verməyərək təhlükəli Tsarukyanı ən azı bir müddətə həbsə atdı, həm də gələcəkdə Putinlə bazarlıq üçün bir kart əldə etdi. Şübhəsiz ki, Putin kimi güclü siyasətçi bunun fərqindədir. Yəqin ki, bundan sonra da Tsarukyan məsələsinə görə Paşinyana təzyiqlər başlayacaq. Tsarukyan ikili vətəndaşlığı olan şəxsdir. Həm Rusiya, həm də Ermənistan vətəndaşıdır. O, sahib olduğu kapitalın əhəmiyyətli hissəsini Rusiyada əldə edib, daha sonra bu kapitalı Ermənistana yatırıb. Əvvəllər daha çox ”rusiyalı iş adamı" kimi tanınan bir şəxs idi. Bu baxımdan, onun həm Rusiyanın biznes elitasına daxil olan şəxs, həm də Rusiya vətəndaşı olduğunu da nəzərə alsaq, Moskvanın sakit qalmayacağını indidən söyləmək olar.

Köçəryan isə azadlıqda olsa da, nəzarətdə olacaq. Amma o, Qarabağ klanın məlumatlandıracaq və Paşinyana qarşı fəaliyyət göstərəcək. Keçmiş prezidentin azadlığa buraxılması Qarabağ klanını aktivləşdirəcək. Köçəryan Rusiyanın himayəsində olaraq bu ölkənin səfirliyi ilə koordinasiyalı çalışacaq. Artıq Rusiya Paşinyanın başını ağrıtmağa başlayıb".
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ






Şərh yaz